Dodon Rusiya peyvəndini öz üzərində sınamaq istəyir

Dodon Rusiya peyvəndini öz üzərində sınamaq istəyir
  21 Avqust 2020    Oxunub:1785
Moldova Prezidenti İqor Dodon koronavirusa qarşı Rusiya peyvəndini ilkin olaraq öz üzərində sınaqdan keçirməyə hazır olduğunu söyləyib.
Azvision.az xəbər verir ki, bu barədə Dodon "Facebook" səhifəsində yazıb.

O, vaksinin yaxın zamanda Moldova vətəndaşlarına çatacağına ümid etdiyini deyib.

“Rusiyalı həmkarımla indi sınaqdan keçirilən koronavirus peyvəndi barədə danışdım. Moldovada bu barədə danışanda bir çox şübhə edənlər gördüm. Buna görə də sizə bildirmək istərdim ki, Rusiya peyvəndini öz üzərimdə sınaqdan keçirən ilk Moldova vətəndaşı olmağa hazıram", - deyə Dodon qeyd edib.

Prezident bunu peyvəndin ən qısa müddətdə Moldovaya çatması üçün etmək istədiyini vurğulayıb.

Qeyd edək ki, Moldovada indiyədək koronavirusa 31 937 nəfər yoluxub, 921 nəfər ölüb.

Xatırladaq ki, avqustun 11-də Rusiya Səhiyyə Nazirliyi COVID-19 infeksiyasının qarşısının alınması üçün dünyada ilk peyvəndi qeydə alıb. Rusiya Prezidenti Vladimir Putin peyvəndin bütün lazımi sınaqlardan keçdiyini və sabit bir immunitet yaratdığını söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti