Azərbaycanla Meksika arasında ticarət dövriyyəsi artıb

Azərbaycanla Meksika arasında ticarət dövriyyəsi artıb
  20 Avqust 2020    Oxunub:2748
2020-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Meksika arasında ikitərəfli ticarətin ümumi həcmi 34.5 milyon dollar təşkil edib.
Bu barədə Azvision.az - a Meksikanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, bununla da Meksika Latın Amerikası ölkələri arasında Azərbaycanın əsas ticari tərəfdaşlarından biri kimi təsdiq olunub.

Məlumatda vurğulanıb ki, beynəlxalq ticarətdə konavirus pandemiyasının yaratdığı çətinliklərə rəğmən, ikitərəfli ticarət müsbət tendensiya nümayiş etdirir.

Baxmayaraq ki, 2020-ci ilin yanvar-iyul müddəti ərzindəki göstəricilər 2019-cu ilin eyni dövru ilə müqayisədə 5% azdır, Meksika ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2020-ci ildə artmaqda davam edir.

Bu xüsusda, 2020-ci ilin iyun ayına münasibətdə, iyul ərzində 13% artım qeydə alınıb. Bununla da, Azərbaycan tərəfindən idxal olunan məhsulların mənşə ölkələri siyahısında Meksika 26-cı yerdə qərarlaşır.

2020-ci ildə Meksikadan Azərbaycana ixrac olunan əsas məhsullar karbohidrogen və nəqliyyat sektorlarına aid məhsullar olmaqda davam edəcək. Bu, əsasən neft sektoru üçün boruların və şəhərdaxili nəqliyyat üçün istifadə olunan müxtəlif ölçüdə avtomobillərin satışında əksini tapır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti