Diri aytaclardan da danışın... - Elşən Musayev yazır

Diri aytaclardan da danışın... - Elşən Musayev yazır
  04 May 2015    Oxunub:6075
Hara baxsan, onun haqda yazılardır. Qətlə yetirilən Aytac haqda. Sentimental notları, segah üstdə köklənməyi, üzdə mələk olmağı sevirik axı, ona görə...Evdə arvad döyən də Aytac deyir, balalarını yetim qoyub, fahişə arxasınca qaçan da... Həyatındakı bütün qadınların ömrünü - gününü zəhər edənlər də Aytac deyir, hər gün ana bacısını leksikonumuzun ən “gözə gəlimli” ifadələri ilə söydürənlər də...

Bizim aytaclığımız eynən hacılığımıza bənzəyir. Gerçəkdən! Necə ki, Məkkədən, Məşəddən qayıdan zəvvarların sayı artdıqca paralel olaraq alkaşın, narkomanın, “maşennik”in də sayı artır, eləcə də yazılarımız: Gözəl danışdıqca gözəlliyimiz, insanlığımız itir, gözəl görünməyə cəhd etdikcə içimizdəki, xislətimizdəki eybəcərliklər qabarır. Hətta bəzən önümüzdəki güzgü belə ağzını doldurub nənəm demiş “lomba” ilə üzümüzə tüpürmək istəyir. Ki, sürüşün ə burdan, minsifətlər!

* * *

Bu məmləkətdə elələri var, Aytac onlara baxanda əməlli - başlı bəxti gətirən qurbandır. Adam üç - dord bıçaq yarası ilə dünyadan köçüb, canını qurtarıb. Amma inanın, qadınlar tanıyıram, o bıçağı, bəzənsə bıçaqdan da böyük xəncərləri, baltaları hər gün canında, köksündə, sinəsində hiss edir. Vurulduqca vurulur, əzildikcə əzilir, sındırıldıqca sındırılır.

Fəqət ölə bilmir ki, bilmir...

Biri bu gündəlik işgəncəyə ata, qardaş sahibsizliyindən dözür, digəri balalarının dərdindən, bir başqası da boşanmış adını fikrindəki, beynindəki hər yerə yoza bilən oğraşların, mürtədlərin, şarlatanların əlindən.

Qadını qadın edən kişidir. Qadına sahib çıxan da kişidir. Qadını namuslu, fahişə edən də kişidir. Kişi qısırsa, apar tulla. Özünü də, ailəsini də, ondan törəyənləri də. Ölü doğulmaq daha gözəl, nəinki doğuşdan sonra öldürülmək...

Kişilər azaldıqca qadınlar öləcək. “Kişi”nin baş hərfi belini büküb “raqatka”ya bənzədikcə qadınlar tükənəcək. Kişi yanındakı zərif məxluqu döyməyi, əzməyi, vurmağı özünə rəva bildikcə, yaraşdırdıqca, sığışdırdıqca qadın incəliyi, qadın ətri bitəcək. Qadınlar KİŞİLƏŞƏCƏK!

Kişi olmayan hər evdə Aytaclar yaşayır əzizlərim. Məzlum, cansız, ruhsuz Aytaclar!

Evdəki qatillər çöldəkilərdən daha amansızdır.

Diri Aytacların qəbiristanlığı daha böyükdür...


Teqlər:  





Xəbər lenti