Prezident görüşlər keçirdi - Yenilənib

Prezident görüşlər keçirdi - Yenilənib
  29 Sentyabr 2016    Oxunub:1217
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.
AzVision.az xəbər verir ki, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Forumun dünyada gedən proseslərə münasibət bildirmək üçün yaxşı platforma olduğunu dedi. Dövlətimizin başçısı qeyd etdi ki, V Bakı Beynəlxalq Humanitar Forumunun gündəliyi zəngindir və burada müzakirə edilən məsələlər əhəmiyyətlidir.

Bu mötəbər tədbirin artıq beşinci dəfədir keçirildiyini deyən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Forumun çox uğurlu olduğunu dedi. Bildirdi ki, indiyədək keçirilən forumlarda qəbul edilən qərarlar bütün dünyada böyük nəticələrin əldə olunmasına şərait yaradır.

Görüşdə Azərbaycan, o cümlədən Heydər Əliyev Fondu ilə ISESCO arasında çox uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, bu əməkdaşlığın beynəlxalq səviyyədə önəmi qeyd edildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da BMT-nin baş katibinin müavini, BMT İnkişaf Proqramı rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Büronun direktoru Cihan Sultanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev BMT baş katibinin müavini Cihan Sultanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının və BMT-nin baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı BMT-nin baş katibinə salamlarını çatdırmağı xahiş etdi. BMT kimi nüfuzlu qurumun Azərbaycan dövlətinin fəaliyyətini yüksək qiymətləndirməsinin önəmini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin bütün sahələrdə bundan sonra da inkişafını təmin etmək üçün səylər davam etdiriləcək.

Forumda iştirak etməkdən şərəf duyduğunu deyən BMT baş katibinin müavini Cihan Sultanoğlu Bakı Forumunun çox vacib bir tədbir olduğunu bildirdi. O, Forumun yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.

Görüşdə V Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti qeyd olundu. Bu Forumda müzakirə edilən məsələlərin, irəli sürülən təşəbbüslərin və multikulturalizm ideyalarının indiki dövrdə bütün dünya üçün vacib olduğu diqqətə çatdırıldı. Azərbaycanın BMT ilə humanıtar sahədə uğurlu əməkdaşlıq etdiyi vurğulandı. Söhbət zamanı müəyyən təhdidlərin aradan qaldırılması üçün dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın möhkəmləndirilməsinin önəmi qeyd edildi. Görüşdə BMT-nin Azərbaycan ilə əməkdaşlığa önəm verdiyi bildirildi, birgə həyata keçirilən proqramlar, o cümlədən BMT İnkişaf Proqramı çərçivəsində reallaşdırılan layihələrdən söhbət açıldı. Bu proqramların bundan sonra da həyata keçirilməsi imkanları müzakirə olundu.



AzVision.az


Teqlər:  





Xəbər lenti