Dövlət qulluqçuları testdən keçiriləcək

Dövlət qulluqçuları testdən keçiriləcək
  31 May 2016    Oxunub:3406
Milli Məclisin bugünki plenar iclasında "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

AzVision.az-ın xəbərinə görə, layihə barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, dövlət qulluğuna qəbulla bağlı aparılan müsabiqə test və müsahibə mərhələsindən ibarət olacaq.

Onun sözlərinə görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edəcək.

Sertifikat almış dövlət qulluqçusunun ikinci (sonuncu) sertifikatı həmişəlik qüvvədə olacaq. Layihəyə əsasən dövlət qulluğuna qəbulda müsahibə mərhələsinin təşkili mexanizmi, staj və sınaq müddəti və digər məsələləri əhatə edir. Layihəyə görə komissiyanın narazı qalan bir üzvünün tələbi ilə müsahibənin nəticəsi yenidən yoxlanıla biləcək. Bundan başqa, staj və sınaq müddətinin azaldılması da təklif olunur. Belə ki, bu müddətin 1 il 6 aydan 9 aya salınması nəzərdə tutulur.

Müsahibədən keçməyənlərə güzəşt edilməsi də nəzərdə tutulub. Belə ki, həmin şəxslər 2 il müddətində qurumun kadr ehtiyatında saxlanılacaq. Əgər bu müddət ərzində həmin dövlət orqanında iş olarsa, vətəndaş həmin vəzifəyə gətiriləcək.

Bununla yanaşı, qanuna 28-1-ci maddə (Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) əlavə edilir. Orada qeyd olunur ki, dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.

Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxsi işlədiyi dövlət orqanının rəhbəri bu Qanuna əsasən digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq vəzifədə irəli çəkə bilər.

Ə.Hüseynli deyib ki, dövlət qulluğuna qəbulla bağlı edilən dəyişiklərlər səbəbindən Dövlət İmtahan Mərkəzinin nizamnaməsinə dəyişiklik olunmalıdır.

Layihə səsə qoyularaq qəbul olunub.

Xatırladaq ki, ötən ay adıçəkilən qanun layihəsi komitə iclasında yenidən işlənməsi üçün geri qaytarılmışdı.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti