Manat nə qədər ucuzlaşa bilər? – TƏHLİL

Manat nə qədər ucuzlaşa bilər? – TƏHLİL
  02 Sentyabr 2016    Oxunub:25542
Mərkəzi Bank (AMB) keçən ilin dekabrın 21-i tarixindəki II devalvasiyadan sonra manatın xarici valyutalara nəzərən dəyərinin müəyyən edilməsində "üzən" məzənnə rejiminə keçdiyini bəyan etdi. Təsbit edilmiş məzənnə rejimindən fərqli olaraq, "üzən" məzənnə rejimi xarici valyutaya olan tələb və təklifin təsiri əsasında formalaşır və tez-tez dəyişir.

Lakin, "üzən" məzənnə rejimi də 2 cür olur: idarəolunan və idarəolunmayan, yəni tam sərbəst. AMB-nin elan etdiyi "üzən" məzənnə rejimində ötən 8 ay ərzində fəaliyyəti göstərdi ki, bizdəki idarəolunandır.

Belə ki, adı çəkilən qurum valyuta bazarına bilavasitə özü müdaxilə etməsə də, kursu yenə özü elan edir və çox vaxt tələbin təklifi hədsiz səviyyədə üstələməyinə baxmayaraq, manatın ciddi şəkildə ucuzlaşmasına yol vermir. Sual oluna bilər ki, bu, niyə belə edilir və əslində, doğru siyasətdirmi?!

Məsələ bundadır ki, bu gün valyuta bazarımızda dollar təklifi ilə çıxış edən yalnız Dövlət Neft Fondudur (ARDNF). Ölkəyə xarici valyuta gətirən başqa qurum, idarə, təşkilat və s. yoxdur. Yəni, söhbət, öz tələbatından artıq, başqa sözlə desəm, valyuta bazarına çıxaraq manat alınması üçün çıxış edən tərəflərdən gedir. Beləsi mövcud deyil.

Belələrinin ortaya çıxması üçün vaxt gərəkdir. Düzdür, neftin bahalaşması getdi. Qazdan da 4-5 ildən sonra bir az dollar alacağıq ki, bu da neftinki qədər olmayacaq. Odur ki, əsas məsələ qeyri-neft sahələrindən heç olmasa bəzisinin dollar gətirə bilməsidir.

Buna qədər isə banklarımızın xaricə olan borclarının mümkün qədər əridilməsinə nail olmaq kimi məsələlər həll edilməlidir. Həmin vaxtı qazanmaq üçün isə manatın dəyəri məhz indiki kimi "əyləc" vasitəsilə endirilməlidir. Ta o vaxtadək ki, manatın dəyəri enişdən "düz yola" çıxsın.

Odur ki, manatın məzənnəsini tam sərbəst buraxmaq lazım gəldiyini təklif edənlər və yaxud "manat əslində real dəyərini tapmalıdır" söyləyənlər, hansı məntiqə əsaslanırlar, bilmək olmur. Sual edirəm, manatın real dəyəri nədən ibarətdir?! Bu, harada öz təsbitini tapmalıdır? Hansı bazarda? Qeyd etdiyim kimi, bu gün valyuta bazarımızda dollar təklifi ilə çıxış edən yeganə qurum ARDNF-dir. Tələblə çıxış edən isə N qədərdir!

Hər kəsi düşündürən bir suala da cavab verim ki, bəs, manat belə getsə, nə qədər ucuzlaşa bilər? Bunu söyləmək çətindir. Əvvəla, manatın dəyərinin düz yola çıxacağı yer hələ dəqiq görünmür. Digər tərəfdən, AMB-nin "əyləc sistemi”nin də işlək müddəti nə qədər davam gətirəcək, tam bəlli deyil.

Lakin bunların hər ikisi üzərində iş gedir. Belə ki, yoxuşu qısaltmaq üçün hökumət qeyri-neft sektorunu canlandırmaq məqsədilə əlindən gələni edir. AMB-nin "əyləc sistemi”nin işlək müddətini artırmaq üçün isə "artıq yüklər" - məzənnəyə təzyiq göstərən amillər mümkün dərəcədə kənarlaşdırılır.

Odur ki, hətta ən kəskin "sürüşmə" baş verərsə belə, 1$ uzağı 2 azn-ə kimi ucuzlaşa bilər. Ancaq bunu da oturub gözləmək, mənasız bir işdir. Yaxşısı budur, hər kəs öz cari problemlərinin həlli ilə məşğul olsun. Yeri gəlmişkən, manatın avqustda ucuzlaşmasına rəğmən, AMB-nin rəsmi valyuta ehtiyatları 30 milyon dollara yaxın artıb.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti