Ermənistanın `çirkli bomba`sı var? – DOSYE

Ermənistanın `çirkli bomba`sı var? – DOSYE
  18 Aprel 2016    Oxunub:62321
Aprelin 16-da Ermənistanın müdafiə naziri Seyran Ohanyan ictimai televiziyanın efirində maraqlı və gözlənilməz bir fikir işlətdi: “Bizim döyüşdə tətbiq etmədiyimiz elə silah növlərimiz var ki, düşmənin heç ağlına da gəlməz”.

Bu, səhvən ağızdan qaçan bir söz deyildi. Çünki eyni fikri Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Artsrun Ovannisyan da səsləndirib.



Maraqlıdır, bu, nə silah ola bilər ki, Azərbaycan tərəfinin ağlına gəlməsin? Məntiqi yolla müəyyən nəticələr çıxarmağa çalışaq. Əgər söhbət adi (yəni kütləvi qırğın xarakterli olmayan) silahlardan gedirsə, yəqin ki, Ermənistan çox da düşünmədən onları tətbiq edərdi. Çünki döyüşdə uduzub geri çəkiləsən və bu zaman “heç kimin ağlına gəlməyən” silahını tətbiq etməyəsən – razılaşın, o qədər də məntiqli yanaşma deyil. Əgər itki verib, geri çəkildiyin halda silahını işə salmayacaqsansa, onda təbii bir sual çıxır: onu hansı gün üçün saxlayırsan?

Demək, o “heç kimin ağlına gəlməyən” silah nədirsə, əvvəla, ənənəvi döyüşdə tətbiq olunan bir silah deyil. Və ikincisi, Ermənistanın onu işlədəcəyi halda beynəlxalq qınaqla üzləşəcəyindən qorxub. Yəni söhbət beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlardan gedə bilər.

Bəs Ermənistanın bu cür silahlardan hansına malik olması mümkündür?

Ən real variant radioloji silah, yaxud, sadə dillə desək, “çirkli bomba”dır.

Niyə məhz “çirkli bomba”? Çünki əvvəla, bunun üçün lazım olan xammal Ermənistanda kifayət qədərdir – Metsamor AES-in radioaktiv tullantıları. Məlumdur ki, lap sadə variantında “çirkli bomba” – sadəcə olaraq, içində partlayıcı yerləşdirilmiş adi radioaktiv maddə konteyneridir. Onu terrorçular hətta ev şəratiində də düzəldə bilərlər.

Dünyada rəsmən heç bir dövlət radioloji silaha malik deyil. Çünki ənənəvi döyüş əməliyyatları zamanı onu tətbiq etməyin mənası yoxur. Bu, qisas üçün, yaxud terror məqsədilə işlətmək baxımından əla silahdlır: insanlara və təbiətə vurduğu ziyan özünü onillər boyu göstərir.

Nəzərə alsaq ki, çirkli bombanı “Kasıbların atom silahı” adlandırırlar, Ermənistanın bu silaha malik olması ehtimalı daha da güclənər. Çünki Ermənistan həm kasıb, həm də terrorla sıx əlaqəsi olan dövlətdir. Hərbi əməliyyatlar başlayanda terrorçu təşkilat olan ASALA-nın liderlərindən biri Vazgen Sisyan Qarabağa gəlməsi bunu sübut edirdi.



Terrorçu təşkilatlara əməkdaşlıq edən kasıb dövlət isə “çirkli bomba” yaratmağa ideal namizəddir!

Üstəlik, aprelin 16-da Gürcüstanda qanunsuz olaraq nüvə materiallarını satmağa cəhd edən üç nəfər Ermənistan və üç nəfər Gürcüstan vətəndaşı saxlanılmışdı. Gürcüstanın Dövlət Təhlükəsizliyi xidmətinin xüsusi işlər üzrə müstəntiqi Savle Motiaşvili bildirib ki, onlar 200 milyon dollara Uran (U 238) satmağa cəhd göstəriblər. Qeyd edək ki, Metsamor AES də Uran yanacağı əsasında (Uran dioksid) işləyir.



Bu, ilk belə hal deyil: 2014-cü ildə də Gürcüstanda, Sadaxlı sərhəd keçid məntəqəsində radioaktiv `Sezium-137` konteynerini keçirməyə çalışan iki Ermənistan vətəndaşı saxlanılmışdı.

Burada artıq təsadüfdən danışmaq mümkün deyil: aydındır ki, Ermənistanda dövlət orqanları səviyyəsində nüvə qaçaqmalçılığı ilə məşğul olan gizli kriminal struktur fəaliyyət göstərir.

Ən qorxulusu odur ki, buna siyasi və ictimai səviyyələrdə də dəstək verilir. Ermənistan Parlamentinin Erməni Milli Konqresindən olan deputatı, 1993-96-cı illərdə baş nazir olmuş Qrant Baqrantyan aprelin 5-də keçirilən iclasda açıq bəyan edib ki, “Biz Qarabağı Azərbaycandan qorumaq üçün atom bombası yaratmalıyıq”. Diqqət edin ki, bu sözü hansısa marginal siyasətçi yox, vaxtilə ölkədə iqtisadi islahatlara başçılıq etmiş bir şəxs deyir.

Oxşar fikri aprelin 17-də `Tert` nəşrinə müsahibəsində Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Norat Ter-Qriqoryants da səsləndirib: “Biz qisas və qorxutma silahına malik olmalıyıq”.

Bütün bu faktlar deməyə əsas verir ki, Ermənistan region üçün ciddi nüvə təhlükəsinə çevrilməkdədir, bəlkə də artıq çevrilib. Hətta “çirkli bomba”sı olmasa belə, bu ölkənin seysmik zonada yerləşən və köhnə texnologiyalar əsasında qurulmuş AES-i Güney Qafqaz üçün təhlükə idi. İndi isə təhlükənin miqyası qat-qat artır. Çünki ermənilər “çirkli bomba”ya malik olduqlarını az qala rəsmi səviyyədə etiraf etməkdən də çəkinmirlər.

Vüsal Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti