Öz işinlə məşğul ol!

Öz işinlə məşğul ol!
  16 İyul 2013    Oxunub:1716
Cavidan

Allah bəndəsinin ruzisini o, hələ bu dünyaya gəlməmişdən qabaq verir, deyirlər və adətən, bir çoxları bu fikrin kökündə ana südünün, körpənin doğuluşuna qədər tam hazır bir hala gəlməsinin dayandığını düşünür.
Mənə qalsa, özlüyümdə inanıram ki, sadəcə hər bir insanın yaranma kodları müəyyənləşdirildiyi zaman, hələ ata-anasından aldığı qırx altı xromosomu daşımağa başladığı andan onun ruhunun və gələcək fiziki bədəninin yer üzündə hansı bir işi görə biləcəyi mənasını gizlədir özündə bu deyim. Hər kəsin bu dünyada öz çörəyini qazana bilmək imkanının olması kimi anlayıram bunu.

Biz insanlar, bir-birimizin mənəvi ehtiyaclarını ödəyir və bunun müqabilində çörək qazanırıq, yəni bir növ, özümüzün də ehtiyacımızı ödəmiş oluruq. Ruhi qida verə bilməyənlər fiziki qida qazana bilmirlər. Sənin görəcəyin işdən mütləq kimsə ruh həzzi almalıdır ki, qarşılığında sənə çörək çata. Bu, mahnı oxumaqdan, rəqs etməkdən, kitab yazmaqdan tutub, idmanla, siyasətlə, dərziliklə, hətta pinəçiliklə məşğul olmağa qədər hər yerdə və hamı üçün yazılmayan çox sərt bir qanundur. Yetər ki, ruhuna, bədəninə və ağlına biçilmiş, yalnız sənin məhz bu cür bacardığın, yalnız səndə məhz bu qədər fərqli və gözəl alınan ÖZ işinin bu dünyada nədən ibarət olduğunu dəqiqliklə biləsən və bütün varlığınla həmin işə qapılasan, o zaman sənin çörək problemin olmayacaq... və yetər ki, yanlış yolla addımlamayasan, sənin və sənlik olmayana girişməyəsən, çünki, “yanlış da bir naxış” olsa belə, ondan qayıdıb yenidən öz yolunla getməkdən keçir məhrumiyyət və məğlubiyyət acısı, ətrafında “bir tikə çörək” uğrunda min dəfə yanlış yola gedib, min bir dəfə acıya bürünməyə məhkum bu qədər insanı görə-görə səhv etməyə dəyərmi?

Hər bir insanın və hər bir cəmiyyətin, ümumilikdə isə bütün bəşəriyyətin “yanlış naxışları” pozmurmu Allahın hər birimizə hələ biz doğulmamışdan qabaq verdiyi ruzinin bərabər paylanmaq nizamını?

Yalnız ruh həzzi ödənməyən insan, ruh həzzi ödənməyən cəmiyyət qadir ola bilər bu dünyada Allaha xoş getməyən əməlləri törətməyə - zora, qana, iğtişaşa, təcavüzə... çünki, ruh həzzi ödənməyənlərin daxili bir narahatlığı və özündən daha rahat gördüklərinə qarşı paxıllıq duyğusu olur ki, bu da mütləq onlarda ikincilərə ruh acısı yaşatmaq kimi bir ruh ehtiyacı oyadır. Aqressiv ruhun ehtiyacını isə savaşlar, qan gölləri, göz yaşları, dağıntılar, xarabalıqlar, məhv olmuş insan taleləri ödəyir. Belə ruh Allahdan o qədər uzaq düşmüş birisidir ki, onun həzzi yalnız başqalarının acısı ilə qidalana bilir, başqa heç cür...

***

Bir hekayə vardı, “Bir cümləlik roman” adlı.

Həmin hekayədəki qəhrəmanımın ürək sızıldadan sözlərini xatırladım nə üçünsə:
“...Mən balaca bir ədəbiyyat qəzetinin əməkdaşıyam. Əməkdaşıyam deyəndə ki, qəzetin mətbəxində işləyirəm. İşləyirəm deyəndə ki, hər gün mal ətindən döyülmüş kotlet bişirirəm. Amma son vaxtlar baş redaktorumuzun təkidi ilə mən də roman yazmağa başlamışam...

- Gedin…gedin və romanlarınızı yazmağa başlayın…mən özüm də trilogiya başlayacam bu gündən etibarən, dostlar…- aman, baş redaktorumuz yenə də ağlamağa başlamışdı, artıq döşəməyə yayılmışdı göz yaşları. Mən hər ehtimala qarşı təzə aldığım ayaqqabılarım birdən su keçirər deyə narahat da oldum, – belə olmamalıydı..bu ədəbiyyat bu günə qalmamalıydı…biz onu diriltməliyik, yaşatmalıyıq, biz onu dünyaya çıxartmalıyıq…biz! Başqa birisi yox! And için ki, bu belə də olacaq!- o, ayağa qalxıb sağ əlini ürəyinin üstünə qoydu.
- And içirik!- biz hamımız ayağa qalxıb sağ əllərimizi ürəyimizin üstünə qoyduq. Hamımız deyəndə ki, mən , üç müxbirimiz, bir korrektorumuz, bir fotomüxbirimiz və bir süpürgəçimiz…”

P.S. Ağlamsınmayın, cənablar, ağlamsınmayın...


Teqlər:  





Xəbər lenti