Azərbaycan və Ermənistan prezidentləri ilin sonunda görüşəcəklər
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib
“Azərbaycanın xarici işlər naziri ilə iyulun 13-də Vyanada keçirdiyimiz görüşdə yaxın aylarda növbəti danışıqların qrafiki və ilin sonunadək yüksək səviyyəli görüşün təşkilinin mümkünlüyü müzakirə etdik.
Belə görünür ki, hər iki tərəf hazırda bu görüşün vacibliyini anlayır və bunula bağlı danışıqlar müsbət nəticələnə bilər. Belə bir görüşün ilin sonuna kimi baş tutması üçün işləri davam etdirmək lazımdır”- deyə Nalbandyan qeyd edib.
Öz növbəsində L. Kojara bildirib ki, dondurulmuş konfliktlərin həlli, ATƏT hazırki sədri kimi, Ukraynanın qarşısında qoyduğu prioritet məsələlərdən biridir:
“Münaqişənin həlli prosesində Ukrayna, prezidentlər səviyyəsində müxtəlif formatlı görüşlərin keçirilməsinin tərəfdarıdır. Bunun üçün praktik iş tələb olunur. Biz ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik, lakin hesab edirik ki, qrup fəallığını artırmalıdır ”.
Kojara həmçinin qeyd edib ki, görüşün keçirilməsi üçün Ukrayna öz qapılarını açmağa hazırdır.
Qeyd edək ki, ATƏT-in ukraynalı sədri Yerevana səfəri çərçivəsində tanınmamış Qarabağ Respublikasının prezidenti Bako Saakyanla da görüşüb.
Səbinə Həsənova
AzVision.az