Ağ ev onu prezident hesab etmir

Ağ ev onu prezident hesab etmir
  11 İyul 2013    Oxunub:1222
Misir prokurorluğu devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarlarına qarşı ittiham irəli sürüb
Məhkəmə qarşısına 200-ə yaxın şəxsin çıxarılacağı gözlənilir. Onların hamısı Qahirədə respublika qvardiyasının baş qərərgahına hücumun iştirakçıları olub. Hücumun təşkilində isə "Müsəlman qardaşları"nın ali lideri Məhəmməd Bəddi şübhəli bilinir. Artıq onun həbsi ilə bağlı da order verilib.

Bu arada ölkədə etiraz aksiyaları səngimək bilmir. Artıq bir həftədir paytaxtın Rabiatul Adeviyye meydanında toplaşan Mursi tərəfdarları ilk iftarlarını da burada açıblar. Daha sonra isə 5 minə yaxın insan prezident sarayına yürüş təşkil edib. Sarayın qarşısından isə əsgərlər zirehli texnikanın köməkliyi ilə təhlükəsizlik tədbirlərini gücləndiriblər. Hərbçilərlə danışıqdan sonra isə nümayişçilər yenidən Adeviyye meydanına dönüblər.

Müsəlman qardaşlarının nümayəndələri isə yeni nazirlər kabinetinə keçirilən seçkilərdə iştirakdan imtina ediblər və yeni kütləvi nümayişlərlə hədələyiblər. Onlar Mursinin hakimiyyətdən uzaqlaşdırılmasını qəbul etmək istəmirlər.

Mursi tərəfdarlarından fərqli olaraq Ağ ev isə Məhəmməd Mursini artıq Misir prezidenti hesab etmədiyini açıqlayıb. Bu barədə məlumat verən dövlət departamentinin nümayəndəsi Cen Psaki bunu Misir xalqının seçimi kimi qiymətləndirib.

Bu arada Sina yarımadasında Misir ordusunun komandanına qarşı sui-qəsd həyata keçirilib. Qəzza zolağı ilə sərhəddə baş verən insident zamanı ikinci ordu komandanının avtomobili atəşə tutulub və onun mühafizəçiləri terrorçularla döyüşə başlayıb. Atışma zamanı komandanın xəsarət almadığı bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti