“İmkanlı azərbaycanlılar bir araya gəlsə...”

“İmkanlı azərbaycanlılar bir araya gəlsə...”
  28 İyun 2013    Oxunub:1760
Londondakı Azərbaycan Evinin rəhbəri Əli Təkin Ataların AzVision.az-a müsahibəsi
İngiltərənin paytaxtı Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzi fəaliyyət göstərir. 5 il öncə, bir qrup həmyerlimiz – ziyalılar, tələbələr və gənc mütəxəssislər tərəfindən yaradılıb. İstər İngiltərədə, istərsə də Azərbaycanda qeyri-siyasi, əsasən mədəni, sosial tədbirlərilə tanınan, maddi mənfəət güdməyən bir təşkilat olaraq bilinir.

Mərkəzin İdarə Heyətinin sədri Əli Təkin Atalarla Londonda, Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzində görüşüb söhbətləşdik.

- Əli bəy, söhbətimizə Sizi tanımaqla başlamaq istərdim.
- Atam əslən İrəvandan, anam isə Gümrüdəndir. 1918-ci ildə valideynlərim daşnakların, Andronikin zülmündən qaçaraq Qarsda məskunlaşıblar. Hər ikisi artıq rəhmətlikdir. Mən özüm 1947-ci ildə Qarsda doğulmuşam. 1964-cü ilə qədər Qarsda yaşadım, litseyi orda oxudum. Sonra da tibb təhsili almaq üçün İstanbula gəldim. Çox yaxşı xatırlayıram, 50-ci illərdə Qars əhalisinin 95 faizini sırf azərbaycanlılar təşkil edirdi. Sonradan bir çox ailələr İstanbula, İzmirə, Ankaraya köçdülər. Köçənlərin yerini isə Türkiyənin Şərq bölkələrindən gəlmiş vətəndaşlar doldurdu. İndi Qarsda cəmi 20 faiz azərbaycanlı qalıb.

O illərdə Qars Ankaraya, İstanbula çox uzaq idi. Nə düz-əməlli yolu, nə bir əlaqə vasitəsi vardı. Telefonla edəcəyin zəng belə 3 gün sonra bağlanırdı. Yalnız Bakı radiosunu dinləyə bilirdik o zamanlar. Onu da sovet hakimiyyəti blok edər, ancaq bazar günləri dinləməyə imkan verərdilər. İndəyədək yadımdadır, saat 12 tamamda muğamat konserti yayınlanırdı. Rəhmətlik dədəm (babam-red.) gəlib bizim evdə dinləyərdi. Radiodan hər dəfə “Danışır Bakı. Muğamat konsertimizə başlayırıq” açılışını eşidəndə xoşhallanırdı. Bəlkə indi adi bir şey kimi gəlir, amma o vaxtı bizim üçün hadisə idi.

Böyük qardaşımla birgə hər il Qarsda “Məşədi İbad”, “Arşın mal alan” tamaşasını oynayardıq. O zaman Doğu Anadolunun Ərzurum, Ərzincan kimi bölgələri inkişafdan qalmış bir yer, Qars isə daha modern bir şəhər, mənzərəsi gözəl, əhalisi də müasir düşüncəli, yüksək mədəni səviyyəli idi. İnsanlar qadınlı-kişili hamısı operaya, rəqsə gedərdi, hətta birgə rəsq etməyə belə çəkinməzdilər. Paytaxt Ankarada heç belə şeylər yox idi. Ona görə də Qarsa gələnlər təəccüblənir, o dövrün Avropası ilə müqayisə edirdi...

Nə başınızı ağrıdım, Istanbulda tibbi bitirdikdən sonra Londona ingiliscə öyrənməyə gəldim. Məqsədim Amerikaya getmək idi. Bir müddət xəstəxanada çalışdım. Amma tale, qismət elə gətirdi ki, evlənib burda qalası oldum. Artıq 40 ilə yaxındır ki, İngiltərədə yaşayıram. 30 il həkimlik təcrübəm var. 4 il əvvəl təqaüdə çıxdım. İndi də Azərbaycanla bağlı fəaliyyət göstərirəm. Bu işlə də daha çox könüllü olaraq məşğulam.



- Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzi hansı zərurətdən yarandı?

- Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəsmi açılış mərasimi 2008-ci il, 14 noyabr tarixində London Hackney Bələdiyyəsi Spikeri Ian Rathbone, Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Britaniya Parlamenti Lordlar Palatasının üzvü cənab Freyzerin iştirakı ilə həyata keçirilib. Azərbaycan Evi, QHT olaraq Londonda qeydiyyatdan keçib. Bu, əsasən mədəni və sosial diaspor təşkilatıdır. Bizim heç bir kommersiya maraqlarımız, gəlirimiz yoxdur. Məqsədimiz, İngilitərədə yaşayan azərbaycanlıları birləşdirməkdir.

Biz, bu fəaliyyətə başlayanda burada demək olar ki, azərbaycanlı yox idi. 10 nəfər azərbaycanlı tapa bilsəydik, sevinərdik. İndi isə buradakı azərbaycanlıların sayı xeyli çoxdur. Vaxtilə burada yaşayan həmyerlilərimiz bir-birləri ilə görüşmür, bir-birlərindən xəbərsiz yaşayırdılar. Azərbaycan Evi olaraq istəyirdik onlar bir-birlərini tanısınlar, bir-birlərinə dəstək olsunlar. İngiltərədə Azərbaycan səfirliyi yaranandan sonra əlaqələr möhkəmlənməyə başladı. Burada müxtəlif tədbirlər həyata keçiririk. 20 Yanvar, Xocalı faciəsi, Azərbaycan torpaqlarının işğal olunduğu tarixlərini anmaqla yanaşı ədəbi və musiqi gecələri, teatr və kino festivalları, sərgilər, Azərbaycanın şair və yazıçıların xatirə günlərini təşkil edirik. Novruz bayramı ilə bağlı keçirdiyimiz tədbirlər xüsusilə maraqla qarşılanır. Burda yaşayan həmyerlilərimiz artıq bu məkanı yaxşı tanıyırlar, Londonda təhsil alan azərbaycanlı tələbələr də tez-tez bura baş çəkirlər. Təkcə azərbaycanlılar yox, ingilis və qeyri-millətlərdən vətəndaşlar da mərkəzimizə gəlir.

Azərbaycan Evi olaraq İngiltərədəki Azərbaycan səfirliyi ilə bərabər çalışırıq. Səfir Fəxrəddin Qurbanov bütün tədbirlərimizdə yaxından iştirak edir. Ancaq burada fəaliyyət göstərən Türkiyə səfirini dəvət etsək də heç vaxt tədbirlərimizə qatılmır. Maraqlısı da odur ki, heç Türkiyəyə birbaşa aidiyyatı olan rəsmi tədbirlərə də maraq göstərmir. Məsələn, 29 oktyabr – Türkiyənin Respublika günü münasibətilə keçirilən 500 bayram mərasimində belə bizim səfir iştirak etdiyi halda Türkiyə səfiri gəlmədi. Bir çox vəzifə sahiblərinə xas qürrələnmək və kibir hissi çox təəssüf ki, Türkiyə səfirində də var. Buna rəğmən, biz, burada fəaliyyət göstərən türk təşkilatları ilə bərabər işləyir, qarşılıqlı surətdə bir-birimizə kömək edirik.

Bundan başqa, Cənubi Azərbaycandan da dostlarımız çoxdur. Ümumiyyətlə, burada Cənubi Azərbaycandan 10 minə yaxın adam yaşayır. Onların arasında işimizə köməklik edənlər də var. Keçən il burada Ququşun konsertini təşkil etdik. O, hər il İngiltərəyə gəlir. Burada azərbaycanlı musiqiçilərin də konsertləri keçirilir.
Azərbaycan-İngiltərə Cəmiyyətilə də bərabər işlərimiz olur. Bütün tədbirlərimiz barədə həm saytımızda, həm də sosial şəbəkələrdə duyurular edilir, məlumatlar yayılır. Biz hələ gənc təşkilatıq. Bizimlə müqayisədə burada ermənilərin və rusların təşkilatları uzun illərdir ki, fəaliyyət göstərir. Xüsusən ermənilərin 3-4 kilsəsi, mədəniyyət mərkəzləri və məktəbləri var. Onların ən çox məskunlaşdığı yer Mançester şəhəridir. Ermənilərin fəaliyyəti həmişəki kimi aktivdir.



- Sirr deyil ki, hər hansı bir təşkilatın fəaliyyətində maddi dəstək önəmlidir. Amma bildiyimə görə, sizin belə bir dəstəyiniz yoxdur. Maddi yardım üçün müraciətlərinə cavab verilmir, ya ümumiyyətlə, fəaliyyət prinsipiniz belədir?

- Biz bu təşkilatı yaradanda qarşıya qoyduğumuz məqsədlərdən biri də heç kimdən maddi yardım almamaq idi. Yazılmamış qayda belədir ki, kimdənsə pul asılılığın varsa, deməli, onun əmrinə də tabe olmalısan. Bizim məramımız isə dəyişkən hökümətin, dövlətin yox, sırf ölkənin, Azərbaycanın mənafeyinə, xalqına xidmət göstərməkdir. Böyük neft şirkətləri, bir sıra özəl şirkətlərdən də dəfələrdə maddi dəstək təklifləri almışıq, amma ilk gündən tərcihimiz “öz yağımızda qovrulmaq” olub.
Burda Azərbaycan adına xeyirli işlər görən, konkret lobboçilik fəaliyyətilə çox yüksək səviyyədə məşğul olanlar var, amma onların əmrləri bir neçə yerdən gəlir. Bir neçə nəfərin dediklərini icra etmək məcburiyyətindədirlər, çünki arada maddi asılılıq var. Amma bizim işimiz bir qədər fərqlidir. Mərkəzimiz Britaniya, İngiltərə təşkilatıdır, Azərbaycan dövlətinin təşkilatı deyil. Azərbaycan Evi burda yaşayan azərbaycanlılarındır. Və Azərbaycanın təbliği istiqamətində bütün institut və qruplarla əməkdaşlığa hazırıq.

- Ölkədə yaşayan yerli əhali Azərbaycan haqqında nə dərəcədə məlumatlıdır?

- Son illər qədər demək olar ki, məlumatsız idilər. Əvvəllər Azərbaycan deyiləndə, hansı ölkə olması və harada yerləşdiyini bilmirdilər. İndi isə ölkəmizin tanınması baxımından xeyli irəliləyiş var. Xüsusən «Eurovision» müsabiqəsindən sonra Azərbaycan haqqında məlumatlar günü-gündən çoxalır.

- Azərbaycan mədəniyyətini Böyük Britaniyada daha geniş miqyasda tanıtmaq üçün hansı tədbirlər nəzərdə tutulub?

- Keçən il Azərbaycan Evinin təşkilatçılığı ilə Londonda Azərbaycan film festivalı keçirildi. Bu ilin oktyabr ayında ikinci film festivalın keçirilməsinə hazırlıq işləri görülür. Keçən ilki festivalın keçirilməsinə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Londonda fəaliyyət göstərən Azərbaycan-Britaniya Cəmiyyəti kömək edib. Festival çərçivəsində «Buta», «Qırxıncı qapı», «Müqəddəs heyvan» filmləri və bir neçə sənədli film nümayiş etdirildi. Xalq yazıçısı Elçin Əfəndiyevin “Mənim sevimli dəlim” əsəri də burada səhnələşdirildi və ingilis dilində premyerası keçirildi.



Bundan başqa, mərkəzimizdə çoxlu milli musiqi alətləri var. Yeganə problem, ifaçılarımızın yoxluğudur.Londonda Babək adlı təbrizli musiqiçi yaşayır. O, bizim tədbirlərimizdə həmişə musiqiçi kimi iştirak edir. Mart ayında Novruz bayramı ilə bağlı Azərbaycan səfirliyi ilə birgə böyük bir tədbir təşkil etdik. 500-ə yaxın dəvətlilərin çoxu ingilislər, qeyri-millətlərdən olan insanlar idi. Əlbəttə, könül istərdi ki, davamlı olaraq hər həftə musiqi gecələri keçirək. Gənclər gəlib oxusunlar, fikir mübadiləsi aparsınlar.

- Əli bəy, əvvəllər Londonda «Kaspian-Xəzri» Azərbaycan məktəbi vardı. Amma sonradan nədənsə fəaliyyəti dayandırıldı. Bu məktəbin bərpası istiqamətində hr hansı bir plan varmı?

- Bəli, «Kaspian-Xəzri» Azərbaycan məktəbi 2009-2010-cu illərdə fəaliyyət göstərirdi. Simuzər Baloğlanovanın rəhbərliyilə həftənin bazar günləri burda Azərbaycan dili dərsləri keçirilirdi. Amma sonradan həm maliyyə çatışmazlığı, həm də Simuzər xanımın getməsi səbəbilə bağlandı. Gələcəkdə bərpa etmək niyyətindəyik, lakin kadr problemimiz var. Daha dəqiq desəm, könüllülərə ehtiyacımız var. Az öncə dediyim kimi, maliyyə problemimiz var. Məsələn, Londonda yeri-yurdu, daimi məkanı olmayan çoxlu türk dərnəkləri fəaliyyət göstərir. Onlar tədbir keçirmək üçün məkan kirayələdikləri halda Azərbaycan Evi bizim şəxsi məkanımızdır. İş görmək istəyənlər yetər ki, gəlsinlər. Düzdür, tələbələr köməyə gəlirlər, amma bir-iki il işləyəndən sonra qayıdırlar vətənə, işimiz də qalır yarımçıq.

- Azərbaycandan İngiltərəyə səfər edənlər Azərbaycan Evinə baş çəkirlərmi?

- Qonaqlarımız tez-tez olur. Keçən il Azərbaycandan gələn 30 millət vəkili bizim mərkəzdə qonaq oldu. Həmçinin bölgənin meri və Azərbaycan-İngiltərə Cəmiyyətinin başqanı Lord Freyzer də Azərbaycan Evində qonaq buyurublar. Lord Freyzer Azərbaycana maraqlı adamdır. Azərbaycan Evini yaradanda da ilk dəfə o, bizə kömək etdi. Bundan başqqa Kipr türkləri, kərküklülər də dəstək verirlər.



Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzi olaraq Londonda türkdilli dövlətlərin forumunu da keçirmişik. Burada imkanlı azərbaycanlılar yaşayır. Amma nədənsə təşkilatın işinə qarışmırlar. Sanki özlərinə qapanıblar. Biz istərdik ki, onlar da bir araya gəlsinlər və Azərbaycan adına gördüyümüz işləri daha da təkmilləşdirək. Hamı bir araya gəlsə, əlbəttə böyük işlər görmək olar. Mərkəz olaraq fəaliyyətimizi daha da genişləndirməyi, şəhərin mərkəzində daha böyük binada yerləşmək istəyirik. Məqsədimiz Azərbaycan adına daha çox iş görmək, ölkəmizin mədəniyyətini, tarixini, görkəmli şəxsiyyətlərini tanıtmaqdır.

Sevda Babayeva
Bakı-London-Bakı


Teqlər:  





Xəbər lenti