Əsədlə müxalifət qüvvələri birləşir

Əsədlə müxalifət qüvvələri birləşir
  19 İyun 2013    Oxunub:1334
“Böyük səkkizlik” ölkələri Şimali İrlandiya sammitdə Suriya münaqişəsi üzrə hər iki tərəfi “Əl-Qaidə” ilə mübarizəyə çağırıb. Bu barədə sammitin nəticəsinə görə qəbul edilmiş rəsmi məlumatda bildirilib.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, “Böyük səkkizlik” ölkələrinin liderləri Suriya hökumətinə və müxalifətinə təklif edib ki, onlar qüvvələrini birləşdirib Əl-Qaidəni ölkədən qovsunlar.

Rəsmi məlumatda qeyd edilib ki, Suriya münaqişəsinin həlli üçün Cenevrədə konfransın keçirilməsi vacibdir. Vətəndaş müharibəsinə hərbi müdaxilə yolverilməzdir və məsələ siyasi yolla həll olunmalıdır. Münaqişənin hər iki tərəfi bu istiqamətdə ciddi və konstruktiv iş görməlidir.

Görüşdə iştirak edən ölkələr həmçinin Suriya münaqişəsində kimyəvi silahın tətbiqini pisləyib və həmin insident üzrə araşdırma aparmaq üçün hökumətin beynəlxalq müşahidəçilərə icazə verməsini istəyib.

“Böyük səkkizlik” ölkələri Suriya və qonşu dövlətlərə 1,5 milyard dollar məbləğində humanitar yardım göstərilməsini də müzakirə edib. Bundan başqa dövlətlər, digər ölkələri də Suriya infrastrukturunun bərpası və qaçqınlara sığınacaq verən ölkələr üçün maliyyə yardımı ayırmağa çağırıb.

Suriyada davam edən iki illik vətəndaş müharibəsi ərzində ümumilikdə 93 min nəfər ölüb. Münaqişə nəticəsində 4 milyon evsiz qalıb, yarım milyon isə qaçqın düşüb. Qaçqınlar əsasən İordaniya və Livanda sığınacaq tapıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti