Ermənistan bir gündə 700 nəfər azaldı

Ermənistan  bir gündə 700 nəfər azaldı
  13 İyun 2013    Oxunub:1223
Ermənistanı tərk edən ermənilərin sayı gündən-günə artır. Bununla bağlı Parisdə, erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalında xüsusi məqalə dərc olunub.

Jurnalın 12 iyun tarixli nömrəsində “İyunun 9-da Ermənistanı 700 erməni tərk edib: onlar bir daha ölkələrinə geri qayıtmayacaqlar” sərlövhəli məqalə dərc olunub. Yazıda qeyd olunur ki, bir gündə Ermənistanı tərk edən 700 erməni avtobusla Rusiyaya gedib.

Bu hadisənin canlı şahidi olduğunu iddia edən müəllif Larisa Paremuzyan yazır ki, Ermənistanın Gürcüstanla sərhədində yerləşən Baqratişan keçid məntəqəsində iyunun 9-da yerli vaxtla saat 11:00-dən 23:00-dək 700 erməni on bir avtobusda ölkəni tərk edib. Bu insanlar Moskva, Donetsk, Rostov, Krasnodar və Rusiyanın digər uzaq şəhərlərinə üz tutublar. Onlar əsasən Yerevan, Oktamberyan, Eçməzdin və Alaverdi sakinləridirlər.

Bildirilir ki, insanlar sonuncu prezident seçkilərindən sonra ölkədə yaranmış acınacaqlı vəziyyət, işsizlik, əmək haqqının həddindən artıq aşağı olması, aldıqları borcu qaytara bilmədikləri səbəbindən ölkəni tərk edirlər.
Məqalədə Ermənistanı tərk edən bu insanların bir daha “çiçəklənən Ermənistan”a qayıtmayacaqları, hakimiyyətdə olanların onları öz evlərini tərk etməyə vadar etdikləri xüsusi qeyd olunub.

AzərTAC


Teqlər:  





Xəbər lenti