Özbək filoloq azərbaycanlı şairdən yazdı

Özbək filoloq azərbaycanlı şairdən yazdı
  02 Oktyabr 2014    Oxunub:2768
Professor, filologiya elmləri doktoru, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetinin ümumi dilçilik kafedrasının müdiri Saodat Muhammedova Azərbaycanlı şair, tanınmış jurnalist Elçin Mirzəbəylinin yarıdıcılığı haqda məqalə dərc edib.


AzVision.az
“Elçin Mirzəbəylinin şeirləri haqqında düşüncələrim” adlı məqaləni oxucularına təqdim edir.

* * *

Elçin Mirzəbəylinin son şeirləri ilə bu yaxınlarda Aktual.az saytında tanış oldum. Bu şeirlər məni öz strukturu, dərin məzmunu, səmimiliyi, eyni zamanda incə və qeyri-adi gizliliyi ilə heyrətə gətirdi. Elçin Mirzəbəyli yaradıcılığının ən önəmli və əsas cizgisi onun dünyaya Tanrıya olan sevgisi çərçivəsindən baxmasıdır. Bir şair kimi Elçin Mirzəbəyli üçün ən önəmli cəhət onun dünyanı bədii-fəlsəfi şəkildə dərk etməsidir.

O, çox yaxşı anlayır ki, dünyada yalnız iki şey var – həyat və ölüm.
Həyatla ölüm arasındakı yeganə həqiqətsə Allaha olan sevgidir.
Elçin məhz bu sevgini tərənnüm edir.
Onun şeirləri – onun Tanrıya dualarıdır.
Onun şeirləri – onun Allahla dialoqudur.

Və yalnız Allaha olan sevgi insanı sözün əsil mənasında ucalda bilər.
Yalnız Allahdan əfv diləmək olar və yalnız Allahın qisas almağa haqqı var...
Əsirlərin sınağından keçən bu aksiomlar Elçin Mirzəbəylinin şeirlərində fərqli bir poetik məna və forma alır.
Onun yaradıcılığının məhz bu cizgiləri oxucuların hisslərinə və düşüncəsinə sözlə ifadə edilməyəcək qədər dərin təsir göstərir...
Fikirlərimin təsdiqini şairin ayrı-ayrı şeirlərindən seçilmiş aşağıdakı nümunələrdə tapmaq olar:

Bir bilsən nə qədər yorğunam. Allah,
Alan yox bu yükü çiynimdən mənim...
Ruhum əzab çəkir bu dar bədəndə,
Soyundur bu ömrü əynimdən mənim…

***

İçimdə dərd buz bağlayıb,
Qış donur, bahar üşüyür...
İlahi, xəbərin varmı
Burda biri var...
Üşüyür...

Ömrün payız çağlarında
Bar qalmadı bağlarımda...
Mən çıxdığım dağların da
Zirvəsində qar üşüyür.

***

Ömrün odu keçir, tüstüsü qalır…
Nə kül kürüyürəm, nə od qoyuram.
Tanrım, günah sayma,
verdiyin ömrü
Çürüdüb...
Adını ümid qoyuram.


Şairin həyatın əbədi problemlərinə həsr olunmuş şeirləri özünəməxsus və bənzərsizdir. Elçin Mirzəbəylinin “Sən hardan bilirsən tənhalıq nədir” şeirində gənc qızın dünyagörüşünə incə bir baxış var. Şair ona nəvazişlə “qızcığaz” deyə müraciət edir. ...O hardan bilsin ki, tənhalıq nədir... Hələ əsil əzabın, ağrının bircə damlasını, qələbənin şirinliyini, məğlubiyyətin acısını dadmayıb. Qızcığaz hələ çox gənc və təcrübəsizdir, hələ tənhalıq haqqında nə yaza, nə də danışa bilir. Şair bu gənc qızı həyatın sərt və amansız çətinliklərinə hazırlayır və eyni zamanda incə bir nəvazişlə onu gözləyən əsil əzablardan söhbət açır. Şair-filosof bu şeirdə öz fikirlərini olduqca poetik və gözəl ifadə edib. Onun fikirləri hər kəsi düşünməyə vadar edir:


Sən…
Heç
Sevgiylə qətl edildinmi?
Ruhunu asdılarımı
Özgə istəklərinin
dar ağacından…
Gözlərini açdınmı
Alnından süzülən
Soyuq tər damlalarının
Titrəyişinə?
Yas tutdunmu heç
Sevdiklərinin gəlişinə?
Sevə-sevə zorladılarmı
İçindəki məsum sevdaları?...
Doğmalar arasında özgə oldunmu?
Kölgə oldunmu
Ruhunu zorla daşıyan
Soyuq bədəninə?
Milyonların arasında
Tək qalmayasan deyə
Ruhunu
Zərrələrə
böldünmü heç?
Öz içində
Gündə yüz yol doğuldunmu,
öldünmü heç,
Qızcığaz?
Sən hardan bilirsən tənhalıq nədir?…


Elçin Mirzəbəylinin “Gəl sükutda susaq...” şeiri də olduqca poetik və bənzərsizdir. Bu şeirdə də şair öz hisslərini təkrarsız bir gözəlliklə ifadə edir. Şeirin qəhrəmanı hətta öz doğmaları arasında belə tənhadır. Onu kimsə anlamır... Onu sevgisinə aparan yollar o qədər uzaqdır ki, dünyanın bütün rəngləri qaraya çevrilir və yollar qaranlıqda görünməz olur...
Amma bu şeirin qəhrəmanı hər şeydən yüksəkdə dayanır. Əsil zadəgan kimi tənhalığını, ağrılarını öz içində saxlayır. Heç bir qüvvə onu məcbur edə bilməz ki, yaşadıqlarını dilə gətirsin. Şeirin qəhrəmanı məhz bu səbəbdən sükutla danışmağa üstünlük verir: Gəl sükutu dinləyək... Çünki o ətrafını saran və səni anlamayan insanlardan yüz dəfə yaxşıdır:


...Bir ömür kimsəsiz...
Doğmalar içində,
Doğmalar sevgini yağmalar içindən...
Bu sayaq sıxmalar, boğmalar içində
Bütün qəlblər məhbəs,
bütün eşqlər yasaq...

Ay ötdü, il keçdi...
Çiləmiz dolmadı,
Sən dedin: Ümid var,
Sən deyən olmadı...
Daha deyiləsi sözümüz qalmadı...
Qoy sükut danışsın -
Gəl sükutda susaq...


Şairin “Bircə kəlmə payız...” şeirində ümidlərin və xəyal qırıqlıqlarının, sevincin və kədərin, qaranlıqla işığın əbədi mübarizəsini müşahidə edirik.
Adətən, “sonuncu məhəbbət insan hisslərinin payzıdır”, - deyirlər... Amma bu şeirdə hisslər elə paradoksal şəkildə təqdim olunur ki, payız qəhrəman üçün eyni zamanda yaza çevrilir və yaxud əksinə... Şeirin qəhrəmanı sevdiyindən onun adını unutmasını, üstündən xətt çəkməsini rica edir. Və eyni zamanda dəyişkən hisslərin burulğanında çıxış yolu axtarır. Sevdiyinin onun ürəyində yeni bir ümid ocağı yandırmasını arzulayır... Hisslərin məhz bu şəkildə əsrarəngiz ifadəsinə poeziyada çox nadir hallarda rast gəlmək olur:

Sil mənim adımı,
Sil…
Yenidən sil…
Sevgi qatarının son biletindən.
Qəlbimdə ilməsiz bircə yer qalıb
Dur as gözümdəki portretindən…

Sənə nə göndərim,
Payız, yoxsa yaz?...
Mənimçün fərqi yox, elə xəzandı!
Daha içimdəki ocaq alışmaz,
Sən öz gözündəki çırağı yandır.

“Qış nağılı” şeiri də bənzərsizdir. Bu şeirdə yalnız Elçin Mirzəbəyliyə məxsus olan qeyri-adi bənzətmələrə rast gəlirik:

Getdin,
Ümidlərin yol ayrıcında
Nə qərib göründü bu şəhər sənsiz...
Üşüdü gecənin tənhalığında...
Qışa təslim oldu bu səhər, sənsiz...

Soyudu havalar...
ürəyim kimi,
Yollar buz bağladı baxışlarımda...
Titrəyən nəfəsim çəkdi rəsmini,
Çəkdi yağan qarın naxışlarında...


Qəhrəmana elə gəlir ki, sevdiyinin tərk etdiyi şəhər qışa çox asanlıqla təslim olub və əgər onun sevdiyi yanında olsaydı, o zaman qış günündə belə qəlbində çiçəklər açardı.
Qoy Allah qəlblərimizi qorusun və kimsənin ürəyinə qış gəlməsin...
Bu şeirdə tənhalığın obrazı və ruhu olduqca kədərli hiss olunur. Amma bu tənhalıq o qədər gözəl təsvir olunub ki, sevməyə bilmirsən...
Mənə görə Elçin Mirzəbəylinin şeirlərinin sırasında “Sənsizlik” şeiri sanki mirvari, yaxud brilliant kimi işıq saçır.
Bu şeirdə ruhun, qəlbin poeziyasının əzəmətini hiss edirik. O, bir anlığa getsə də, bu bir an şeirin qəhrəmanına əbədiyyət təsiri bağışlayır.
Qəhrəmana erlə gəlir ki, sevdiyi onu əbədi olaraq tərk edib. Ayrılığın başlanğıcı da, sonu da elə ayrılıqdır. Qəhrəmanın fikirləri həddən artıq kədərli və qəmli olsa da, hər kəlməsində zərif bir sevgi, ümid, inam gizlənib. Bu şeirdə hər kəs özünün sevgi tarixçəsini və özünü tapa bilər... Belə şeirlər ümumbəşəri xarakter daşıyır və məhz buna görə də dünyanın bütün xalqları tərəfindən sevilə bilər.
Doğrusu, Azərbaycanda kansı şeirin sevənlər üçün Serenada olduğunu bilmirəm, ancaq düşünürəm ki, “Sənsizlik” bu statusa iddia edə bilər:

Gəl, gülüm...
Yetimdi bu qapı sənsiz...
Ayaq səslərinə təşnə dəhlizim.
Bəlkə bir an öncə getmisən, amma
Mən yenə sənsizəm...
Yenə sənsizəm.

Mən yenə sənsizəm...
Bu sənsizliyin
əvvəli ayrılıq, sonu ayrılıq...
Bir sevda böyütdük göz yaşlarıyla -
Nəfəsi ayrılıq, qanı ayrılıq...

“Kədərimi öp bir az...” şeiri olduqca gözəldir. Gözlənilməz bənzətmələr bu şeiri poetik şedevrə çevirir: Küləyi qucaqla və bu külək ürəyimi açacaq sənə. Sən orda kədərimi, həsrətimi, ümidlərimi və əzablarımı görəcəksən...
Şeirdəki yüksək bədii bənzətmələr qəhrəmanın obrazını zənginləşdirir – Gecəmi qucaqla, səhərimi öp... Mənim kədərdən başqa heç nəyim yoxdu – kədərimi öp... Belə İlahi şeirə kiminsə laqeyid qala biləcəyinə inanmıram:

...Qop yerindən
Qop...
Qapımın
Küləyini qucaqla...
Qapım ilə bir açılan
Ürəyimi qucaqla ...

Gecəmi al ağuşuna,
Səhərimi öp bir az.
Nisgilimlə qolboyun ol,
Kədərimi öp bir az...


Elçin Mirzəbəylinin “Kimsə bilməyə” şeiri onun ürəyinin daha bir gözəl və təkrarsız harayıdır desəm, yanılmaram. Bu şeirdə ömür boyu sevgisini içində gizlədən bir qəlbin göz yaşları, ağrıları yer alıb. Belə qəhrəman obrazına yalnız şərq poeziyasında rast gəlmək olar. Yalnız şərq misralarında öz sevgisini hər kəsdən qoruyan və gizləyən qəlbin gözəlliyini görmək olar.
Bu şerin qəhrəmanı öz taleyinə gülür. Hətta olümündən sonra məzarının üstünə gələn sevdiyi qadına sevgisini etiraf edə bilmir və qadın onun başdaşındakı şəklinin göz yaşlarını silir… Hətta hər gün sevgidən zərrə-zərrə ölsə də belə ürəyinin dərinliyində qoruduğu gizli sirr haqqında kimsəyə bicə kəlmə belə demək istəmir. Həqiqətən, “Kimsə bilməyə” şeirində əsil şərq müdrikliyi gizlənir:


Gedər-gəlməz bir səfərdən
Gələsən, kimsə bilməyə...
Qismətinə için-için
Güləsən, kimsə bilməyə...

Varıb eşqin hücrəsinə
Əzabdan çatlasın sinən...
Bir sevdadan dönə-dönə
Öləsən, kimsə bilməyə...

Elçin Mirzəbəylinin bütün şeirləri oxucuya yeni emosiyalar, yeni hisslər, gözəl və İlahi olah hər şeyi dərk etmək arzusu aşılayır. Elçin Mirzəbəylinin şeirləri dünyəvi sevgini tərənnüm etməklə yanaşı, insanın Tanrıya olan sevgisini və inamını daha da möhkəmləndirir.
Allah bütün yaratdıqlarından yalnız insana ən böyük nemətini –öz düşüncələrini və hisslərini büruzə vermək üçün DİL bəxş edib.
Şairlərin üzərinə isə bizim hisslərimizi, arzularımızı gözəl və təkrarsız şəkildə ifadə etməklə dünyamızı bəzəmək missiyası qoyulub.
Şairə yaradığılığında uğurlar arzulayırıq. Qoy bundan sonra da oxucuların gözlərini və könüllərini sevindirsin.


Teqlər:





Xəbər lenti