BMT-də Qərbi Azərbaycanla bağlı tədbir keçiriləcək

BMT-də Qərbi Azərbaycanla bağlı tədbir keçiriləcək
  10 Mart 2025    Oxunub:852
Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən layihələr Qərbi Azərbaycan məsələsinin dünya ictimaiyyətinə tanıdılması və bu məsələyə diqqətin artırılması baxımından mühüm rol oynayır.
AzVision.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva martın 10-da parlamentdə keçirilən “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmədə çıxışı zamanı indiyədək Agentlik tərəfindən Qərbi Azərbaycanla bağlı 53 müxtəlif layihə həyata keçirildiyini bildirib. Cari ildə həmin layihələrdən 51-i qalib elan olunb və bu layihələrə ümumilikdə 667 min manat vəsait ayrılıb. Həmin layihələrin icrası Qərbi Azərbaycan məsələsinin daha geniş miqyasda tanıdılması, həmçinin bu məsələnin beynəlxalq müstəvidə ciddi şəkildə müzakirə olunması baxımından vacibdir.

Onun sözlərinə görə, BMT-nin İnsan Hüquqları Şurasının növbəti sessiyasında Qərbi Azərbaycanla bağlı yan tədbir təşkil ediləcək. Həmin tədbir Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə daha geniş şəkildə müzakirə olunmasına və Qərbi Azərbaycanla bağlı aktual məsələlərin diqqətə çatdırılmasına xidmət edəcək.
2024-cü il ərzində keçirilən qrant müsabiqələri çərçivəsində “Qərbi Azərbaycana qayıdış prosesi” mövzusunda 29 qeyri-hökumət təşkilatının təqdim etdiyi layihələrin qalib olduğunu xatırladıb.

“Bu layihələrin maliyyələşdirilməsi üçün 374 min 50 manat vəsait ayrılıb. Layihələr Azərbaycanla yanaşı, Belçika, Türkiyə, Rusiya, Niderland, Özbəkistan və digər ölkələrdə həyata keçirilib. Tədbirlər çərçivəsində filmlər, saytlar, televiziya verilişləri, kitablar və hesabatlar hazırlanıb. Bu fəaliyyətlər Qərbi Azərbaycan məsələsinin dünya miqyasında tanıdılmasına, xüsusən də azərbaycanlıların tarixdə üzləşdikləri soyqırımı, deportasiya və digər haqsızlıqların gündəmə gətirilməsinə xidmət edir. Həmçinin Qərbi Azərbaycana qayıdış prosesi ilə bağlı hazırlanan məqalələr dünya mətbuatında, o cümlədən ABŞ, Livan, Özbəkistan, İraq, Pakistan, Misir, İordaniya, Türkiyə, Əlcəzair, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Küveyt kimi ölkələrin media qurumlarında yayılıb”, - Aygün Əliyeva deyib.



Teqlər: BMT   QərbiAzərbaycan  





Xəbər lenti