Azərbaycanın unudulmuş yəhudi aktyoru – ARXİV FOTOLARI

Azərbaycanın unudulmuş yəhudi aktyoru – ARXİV FOTOLARI
  21 İyun 2014    Oxunub:7260
Azərbaycan teatr tarix¬¬ində bu gün adları unudulmuş bir çox sənət xadimləri var. Özəlliklə də epizodik rollar oynayan aktyorların keçmişi, həyat və yaradıclıq yolu hələ də tədqiq olunmamış, araşdırılmamış qalır. Belə sənətkarlardan biri də Yuri Budaqovdur.

Bu aktyor və müğənninin səhnə fəaliyyəti haqqında çox az bilgi var. Bir vaxtlar işlədiyi Musiqili Komediya Teatrının arxivində də geniş məlumat tapmaq olduqca müşküldür. Belə ki, 90-ci illərin məlum iğtişaşları zamanı teatr binası, eləcə də butaforiya, geyim sexi, ilə yanaşı arxivlər – əməkdaşlarının şəxsi işləri, foto və video nümunələri də ermənilər tərəfindən yandırılıb məhv edilmişdi.

Musiqili Teatrının olan-qalan arxivindən isə Yuri Budaqov barəsində yalnız bu məlumatlar tapıldı:

Yuri Nisonoviç Budaqov
Milliyyəti: Tat (yəhudi olduğu halda milli mənsubiyyətin tat yazılması sual doğurur – S.B.)
Təvəllüdü: 1951-ci il, 17 avqust
Təhsili: Üzeyir Hacıbəyov adına Qırmızı Əmək Ordenli Azərbaycan Dövlət Konservatoriyanın vokal şöbəsi, 1982-ci ildə bitirib.
Hərbi rütbəsi: Matros
İşə qəbul olunduğu tarix: 1982-ci il, avqust 31
Kateqoriya: 2 dərəcəli artist
Maaşı: 110 rubl
İşdən azad olunduğu tarix: 1985-ci il, 29 dekabr.
124 saylı əmrlə, öz xahişi ilə

Aradan 30 ildən çox zaman keçib. Aktyorun şəxsən tanıyan, onunla çalışan yaşıdları ya dünyalarını dəyişib, ya da xarici ölkələrə mühacirət olunub. Elə ailəsi də 90-cı illərdə İsrailə köçdüyü üçün aktyor haqqında xatirələri yalnız iki həmkarı bölüşdü.

Azərbaycan Dövlət Musiqili Teatrın aktyoru, respublikanın əməkdar artisti Boris Qrafkin:



- Yuri Budaqovu yaxşı xatırlayıram. Bizim teatrda xor artisti işləyirdi. Paralel olaraq konservatoriyada oxuyurdu. Çox inadkar idi, aktyorluğa daima can atırdı. O dövrün qanunlarına görə, konservatoriya təhsili ona, teatrda aktyor heyətinə keçmək haqqını verirdi. Çünki, dram teatrından fərqli olaraq musiqili teatrda aktyor oxumağı, oynamağı, mətni savadlı şəkildə tələffüz etməyi bacarmalıdır. Keçən əsrin 61-ci ilindən Musiqili Komediya Teatrında işləyirəm, artıq 53 ildir. Necə deyərlər, buranın köhnə “sakin”lərindənəm. O vaxt teatrın rus bölməsində truppa müdiri işləyirdim.

Yuri Budaqov da kiçik həcmli rollarda səhnəyə çıxırdı. Amma bayaq dediyim kimi səhnədə əsas, birinci, ikinci dərəcəli rollar oynamağa can atırdı. Konservatoriyanın sonuncu kursunda oxuyarkən, keçmiş musiqi rəhbərimiz və dirijorumuz rəhmətlik Rafiq Kərimova göründü. O vaxt belə bir qayda, ənənə vardı ki, sən hansısa bir rolu hazırlayıb rejissora və ya dirijora görünə bilərdin. Aktyorun gələcək taleyi isə artıq bu insanların qərarından asılı idi. Kərimov da o zaman İohann Ştrausun “Yarasa” («Летучая мышь») tamaşasınа quruluş verirdi. Həmin tamaşada Knyaz Orlovski obrazı vardı. Yuri Budaqova tapşırılmışdı ki, həmin rolun ariyasını çıxış üçün hazırlasın (zümzümə edərək) «Друзья мои, я очень рад, что вы пришли на маскарад…» və s. Yura da deyiləni elədi. Bu hadisə 85-ci ilin, səhv etmirəmsə, mart ayında olmuşdu. O ərəfədə də biz, Rusiyaya qastrol səfərinə hazırlaşırdıq. Elə oldu ki, Yuranın eyni vaxtda konservatoriyada dövlət imtahanları başlamalı idi. Deməli, seçim etməliydi – ya bizimlə qastrol səfərinə gedəcəkdi, ya da qalıb dövlət imtahanlarını verəcəkdi. Yura ikincisini seçdi. Məlum məsələdir ki, əgər qastrola getmirsənsə, deməli, tamaşadakı rol da sənin deyil.

Bakıya qayıdanda sonra nə mən, nə də digər həmkarları Yurani görmədik. Hara getdiyindən kimsə xəbər tutmadı. Hətta bir ara düşündük ki, yəqin sovet respublikalarının birində işləməyə gedib. Amma başqa respublikalarda işə düzələn artistlər Bakıda olarkən mütləq teatra, köhnə iş yoldaşlarına baş çəkirdilər. Yura isə bircə dəfə də olsun teatra gəlmədi, sanki qəfil yoxa çıxmışdı. Hər hansı bir incikliyin də olmasına inanmıram, çünki ona qarşı münasibət də yaxşı idi. Gözəl xasiyyətilə hamının hörmətini qazanmışdı. Özündən əmin halda səhnə aktyoru olmağa can atdığı zamanlarda belə ona dəstək olanlar vardı. Amma sonradan nə baş verdiyini, niyə teatra qayıtmadığını kimsə anlamadı.

Nə qədər qəribə olsa da, Yuranın ölüm xəbərini çox illər sonra eşitdim. Onun kadr arxasında qalmasına təəssüf edirəm, gözəl bariton səsi vardı və bir vokalist kimi gələcəyə böyük ümidlər verirdi. Çox heyf…

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, respublikanın əməkdar artisti Novruz Qartal:



- Yuri Budaqov dövrünün məşhur aktyoru idi desəm, bir az mübaliğə etmiş olaram. Bizim teatrda rollar oynadı, amma masştab etibarilə elə də böyük obrazlar deyildi. Ümumiyyətlə, sovet dönəmində teatrımızda nəsillər arasında çox güclü aktyor rəqabəti vardı. Kimisi bu rəqabətə dözür, inadkarlığı ilə irəliləyir, kimisi də təslim olur, epizodik rollarla kifayətlənir, ən pis halda isə teatrdan könüllü ayrılırdı. Yura, Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Musiqili Teatrı –S.B.) çox az işləyib, təxminən 5-6 il. Bildiyimə görə bizim teatrdan başqa Filarmoniyada, Rus Dram teatrında da çalışıb. Musiqili Komediya teatrında, “Morisa”, “Bayadera”, “Şən dul qadın”, “Dörd yol ayrıcı”nda erməni, “Səhranın Bəyaz günəşi”ndə Suxov, “Yarasa”da Knyaz Orlovski obrazında oyunlarını görmüşəm. Təəssüf ki, rolların adlarının hamısını xatırlamıram.

Yura bir şəxsiyyət kimi də çox gözəl insan idi. Onunla yaxın olmusuq, duz-çorək kəsmişik. Ço¬x dostcanlı insan idi. Dostluqda sədaqətli, çörəyə qiymət verən idi. O vaxtı mobil telefonlar, internet yox idi. Bir yerimiz agrıyanda, xəstələnəndə, bir-birimizi ancaq evinə gedib axtarmalı olurduq. Arada görünməyəndə Yura soruşurdu ki, filankəs hardadır, niyə çıxmır işə? Yadımdadır, İçərişəhərdə yaşadığım illərdə bir gün xəstələnmişdim, işə çıxmırdım. Yura da maraqlanıbmış ki, bəs Novruz niyə görünmür? Bir də gördüm ki, Yura hamını yığıb, mənə baş çəkməyə gəlib.

Onunla hətta ad günlərimizi birgə qeyd edirdik. Martın 20-də mənim ad günüm olurdu, avqustun 17-də də onun. Hərə öz ətrafını yığıb az qala 1 il keçirərdik ad günü məclislərini…

Teatra həmişə ailəsilə gələrdi. Tamaşada oynasa da, oynamasa da, fərq etmir, xanımı Sofya Efimovna həmişə yanında olurdu. Hərdən zarafatla deyirdim ki, bəlkə xanımını da aktrisa keçirəsən? Cavabında ürəkdən gülürdü. Ümumiyyətlə, üzündə həmişə təbəssüm olardı. Çox pozitiv insan idi. Yura ailəsinə həddən ziyadə sevgi, qayğı, hətta qoruma hissi ilə yanaşırdı. O vaxt mənə deyirdi ki, “Новруз, я уйду из театра” («Novruz, mən teatrdan gedəcəyəm» – S.B.). Soruşurdum, niyə? Teatrımızın inkişaf etdiyi, prespektivi göründüyü bir dövrdə niyə gedirsən? Deyirdi: “Yox, bilirsən, mən burda işləsəm, ailəmi dolandıra bilməyəcəyəm. Uşaqlarım böyüyür, onların gələcəyini düşünməliyəm”. Baxmayaraq ki, sovet dönəmində maaşlar yaxşı idi, amma yenə də ailəsinin heç nədən korluq çəkməsini istəmirdi. Təbii ki, Azərbaycan bölməsinin maddi vəziyyəti bir qədər yaxşı idi. Çünki, o vaxt “Komediyalar aləminə səyahət”, “Məzəli əhvalatlar” kimi televiziya verilişlərinə çıxıb nəsə qazanırdıq. Rus bölməsinin aktyorları isə dil baryerinə görə, Azərbaycan dilini bilmədiklərinə görə çıxa bilmirdi. Ancaq keçmiş sovet respublikalarına qastrol səfərlərinə getməklə məhdudlaşırdı.

Yuri Budaqov da dəfələrlə qastrollarda olub. Qastrol səfərləri dövlət tədbiri sayıldığı üçün universitet, konservatoriya problem yaratmırdı. O vaxtkı qanuna görə, belə istisna hallar zamanı imtahan ya vaxtından əvvələ, ya da sonraya salınardı. Xüsusilə də “el atası” kimi tanınan Süleyman Ələsgərov, Şəmsi Bədəlbəyli kimi sənətkarların bir sözünü iki edən olmazdı. Gənclərə daim kömək, dəstək olurdular. Zənnimcə, Yura da dövlət imtahanlarını qastroldan qayıtdıqdan sonra versəydi, bir problem olmazdı. Amma o, qalıb imtahanlarınl verməyi seçdi.

Yuri ümumiyyətlə geniş potensiallı aktyor, vokalçı idi. Teatrda qalsaydı, bəlkə də yüksələ bilərdi. Çox heyf ki, onun haqqında arxiv məlumatlar da qalmayıb. Sizə də məlumdur ki, 90-ci illərdə köç edən ermənilər özlərindən bir “xatirə” də qoydular – Musiqili Teatrın binasını yandırdılar. Kollektivdə erməni millətindən çalışanlar çox idi. Bilsəydiniz orda necə səhnə geyimlərimiz, arxivlərimiz, foto-video materiallarımız vardı. Hərəsi bir tarix idi. Nikolay dövründən qalma əlbisələr, rekvizitlərimiz vardı ki, hamısı ya oğurlandı, ya da məhv edildi. Elə tamaşalarımız olub ki, heç proqramı belə qalmayıb.

Kadrlar şöbəsinin rəhbəri də erməni idi. Sonradan bildik ki, o da gedəndə yaradıcı kollektivin arxivlərini yandırıb. İndi teatrda məsələn, Nəsibə Zeynalova, Lütfəli Abdullayev və digər tanınmış sənətkarların yaradıcılığı, xarakteristikası haqda məlumat axtarsanız, tapa bilməzsiniz. Yalnız ad, soyad, ata adı və teatr daxil olduğu tarix. Bu qədər. Rus bölməsində də həmçinin. Teatrımızın tarixi, yaradıcı və texniki əməkdaşları haqda məlumat almaq istəyənlər çox olsa da veriləcək bir xatirə yoxdur. Teatrımızın 100 illiynə dair bir foto tapa bilmirik. Halbuki o qədər zəngin arxivimizlə böyük bir muzey yaratmaq olardı…

Teatr tarixində epizodik rollar ifaçısı və bariton səsli peşəkar vokal ifaçısı olaraq qalan Yuri Nisonoviç Budaqov nə səhnədə, nə də həyatda uzun həyat yaşamır. Sənətçi, ömrünün 35-ci baharında, 1987-cı ilin 22 mart tarixində infarktdan dünyasını dəyişir.
Yuri Budaqov, Bakıdakı yəhudi qəbiristanlığında torpağa tapşırılır.


Sevda Babayeva
AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti