Xəzərin ekoloji problemləri, sahili çirkləndirən əsas amillər

Xəzərin ekoloji problemləri,    sahili çirkləndirən əsas amillər
  05 Noyabr 2022    Oxunub:2901
Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir.
Azərbaycanda ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur. Ölkədə ekoloji problemlərin aradan qaldırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bunlardan biri kimi 2011-ci ildə təsdiq edilən “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramı”nda da ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn layihələr, o cümlədən paytaxt ətrafındakı neft və çirkab suları ilə çirklənmiş göllərin təmizlənməsi, qurudulması məsələləri əksini tapıb. Ekspertlərin fikrincə, bu gün hələ də bir sıra ekoloji problemlər qalmaqdadır. Burada Xəzərin, sahil ərazilərin çirklənməsi, sularda biomüxtəlifliyin qorunması ilə bağlı problemlər öz əksini tapır. Belə ki, Xəzər dənizin çirklənməsinin bir neçə əsas istiqaməti göstərilir ki, ən böyük səbəb kimi qurudan daxil olan və ya quruda həyata keçirilən fəaliyyət nəticəsində yaranan çirklənmə göstərilir. Ən böyük tullantının Xəzər dənizinə çaylar vasitəsilə daxil olduğu, eyni zamanda, sahil ərazilərində təsərrüfat fəaliyyətindən, məişət tullantıları nəticəsində çirklənmənin baş verdiyi vurğulanır. Bundan çıxış yolu təmizlənməmiş tullantı sularının Xəzər dənizinə axıdılmasının qarşısının alınması və tullantı sularının təmizləyici qurğularda müvafiq standartlara uyğun təmizlənməsinin təmin edilməsi göstərilir.

Xatırladaq ki, ötən il Lənkəranda Xəzər dənizinin sahilində yerləşən çimərliklərdə monitorinqlər keçirilib. Monitorinqin nəticəsinə görə, Xəzərə axıdılan tullantı sularda çirkləndirici maddələrin miqdarı normadan artıq olub.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyir ki, sahil ərazilərin çirklənməsi kimi problemlər var və Xəzər dənizinin sahilinin çirklənməsində əsas amillərdən biri turistlərdir: "Eləcə də dəniz kənarında istirahət zamanı insanlar tullantıları ətrafa atırlar. Ancaq həmin ərazilər dövlət tərəfindən icra hakimiyyəti, yaxud bələdiyyəyə tabedir. Onlar buna nəzarət etməlidirlər və lakin fakt odur ki, həmin ərazilər çirklənir".

Xəzərin neftlə çirklənməsinin canlılara mənfi təsirinə gəldikdə isə ekoloq deyir ki, bu zaman canlı aləmə mənfi təsiri olmur: "Neftlə çirklənmiş ərazilərdə olan canlılar sonra suda olduğu zaman tədricən özünü təmizləyəcək. Eləcə də bu təbii prosesdir. İnsan vücudunda da neft olduqda heç bir mənfi təsiri olmur. Ondan qorxmaq lazım deyil, sadəcə nəzarəti gücləndirmək, ətraf mühitin çirklənməsinə imkan verməmək lazımdır. Sovet dövründə sahil boyu Xəzər dənizinə, əsasən də Şıxovda girmək mümkün olmurdu. Çünki sular neftlə çirklənmişdi. Ancaq indi sular daha təmizdir".

Ekoloqun sözlərinə görə, Xəzəri çirkləndirən tullantılardır ki, Kürün suyu da onları gətirib dənizin sahilinə çıxarır: "Fikrimcə, ölkə başçısının bu istiqamətdə ayrıca bir sərəncamı olmalıdır. Mən 12 il regionlarda kənd investisiya layihəsi həyata keçirmişəm. Regionlarda ətraf mühitin təmizlənməsi, su , işıqla təmin olunması, yolların çəkilməsi, artezian quyuların qazılmasına nəzarət edirdim. Mən bir alim kimi vətəndaş borcumu yerinə yetirirəm".

Ekoloq onu da vurğuladı ki, Ermənistandan iki çay gəlir və onlar da Araza qovuşur: "Araz Kürlə qovuşur və indi hər iki çayda da su azalıb. Müstəqilik əldə etdikdən sonra bir çox şəxslər şəxsi mülkiyyət kimi yeni su bəndləri yaradıb balıq yetişdirirdilər. Ona görə də su azalır. Bundan başqa Dağıstan da bizimlə qonşudur və monitorinq aparmaq lazımdır ki, görək bu tullantı haradan gəlir. Baxmayaraq ki, hökumət 10 ildən çoxdur ki, monitorinq aparmağa vəsait ayırır, indiyədək heç bir monitorinqin nəticəsi yoxdur. Hamısı sıfıra bərabərdir".

Kanalizasiya sularının Xəzərə axıdılmasının qarşısının alınmasına gəldikdə isə ekoloq bu problemin həll olunmadığını deyir: “Milli parkdakı estakadada olarkən asanlıqla üfunət iyinin yayıldığını anlamaq olur. Yalandan hesabat yayırlar ki, təmizlənir. Sabiq nazir Hüseyn Bağırovun rəhbərliyi ilə təmizlənirdi. 7-8 kanalizasiya sularını birləşdirmişdilər aparırdı Hövsandakı təmizləyici anbara, orada təmizlənirdi. Qalan hamısı dənizə axıdılır. Belə ki, Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırıldı. Hesab edirəm ki, cərimə metodları ilə yanaşı, müvafiq orqanların nəzarəti də gücləndirilməlidir. Xəzər hər birimizin sərvətidir və hər kəs onun təmiz saxlanması üçün məsuliyyət daşıyır. Xəzərdə balıqların azaldılmasının əsas səbəbi dənizə çirkab suların axıdılmasıdır ki, ikinci səbəb biomüxtəlifliyin məhv edilməsidir".

AzVision.az



Teqlər: Xəzər  





Xəbər lenti