Dinlər sülh uğrunda birləşir: Şeyxdən dünyaya çağırış – FOTOLAR

// Dinlərarası dialoqun "Strasbur prinsipləri”ndə nələr var

      Dinlər sülh uğrunda birləşir:    Şeyxdən dünyaya çağırış –    FOTOLAR
  02 May 2022    Oxunub:5111
Fransanın Strasbuqr şəhərində Avropa Şurasının təşkil etdiyi “Din və sülh, din və insan haqları, dinlərarası dialoq” mövzusunda konfrans işə başlayıb. Konfransda islam dünyasını Bütün Qafqazın Şeyxi təmsil edir.
Avropa Şurasının Nazirlər Komitəsinə sədrilik edən İtaliyanın təşəbbüsü ilə baş tutan konfransda dinlərarası dialoqun Strasburq prinsipləri müzakirə olunur.

Konfransı giriş sözü ilə açan İtaliyanın Avropa Şurasındakı nümayəndəsi Mişel Cakomelli dinlərarası dialoqun vacib olduğunu, demokratik təsistların əsasında din və etiqad azadlığının dayandığını bildirib.


Daha sonra Avropa Şurası Baş katibinin müavini Björn Berj konfransın məqsəd və vəzifələrindən danışıb, dəvət edilmiş dini liderləri təqdim edib.

Bütün Qafqazın Şeyxi hacı Allahşükür Paşazadə çıxışında bildirib ki, Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının xilası qanunların, mənəviyyatın və ədalətin aliliyi ilə mümkündür:

- Təəssüf ki, bəşəriyyətə təhdid olan amillərin reallaşması və böhranların dərinləşməsi beynəlxalq hüquq normalarına riayət olunmaması, insan hüquqlarının pozulması, ikili standartlar, qəbul edilən qərarların yerinə yetirilməməsi və ən başlıcası, dünyada sülhün təmin olunmasında Birləmiş Millətlər Təşkilatının həlledici rolunun azalması ilə əlaqədardır. Dünya ictimaiyyəti milli, irqi, dini zəmində dözümsüzlüyə yox deməlidir və bunu həyat tərzi kimi qəbul etməlidir. Bu baxımdan, Azərbaycanın dinlərarası dostluq və qardaşlıq mühitində birgəyaşayış ənənələri bütün dünya üçün örnək ola bilər. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi Bakı prosesi sivilizasiyalarası dialoqun davamlı inkişafına və multikulturalizm ideyalarının təbliğinə xidmət edir.


Şeyx bildirib ki, Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən bütün dini icmalar bərabər hüquqlarla təmin olunur, dövlətin qayğı və himayəsi ilə öz ibadətlərini sərbəst şəkildə icra edir, məscidlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərir, yeni məbədlər inşa edilir, bərpa işləri həyata keçirilir.

“Təəssüflər olsun ki, biz Azərbaycanda 30 ildən artıq bir dövrdə müharibə dəhşətlərini və qaçqın fəlakətlərini yaşamışıq. Lakin bu gün Azərbaycan üçün Ermənistanla uzun sürmüş münaqişə artıq geridə qalıb. Biz ölkələrimiz və xalqlarımız arasında davamlı sülhün və birgəyaşayışın bərqərar olmasını istəyirik. Azərbaycan bu istiqamətdə öz güclü iradəsini nümayiş etdirir. Bu baxımdan, ölkəmizdə mövcud olan müxtəlif dini konfessiyaların liderlərin adından deyə bilərəm ki, biz nəcib məqsədlərə xidmət edən bu prosesi tam şəkildə dəstəkləyirik və ona öz töhfəmizi verməyə hər zaman hazırıq”,- o vurğulayıb.

Ukraynad yaşanan humanitar fəlakətin hamımızı narahat etdiyini bildirən Şeyxülislam təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışlarının bəşəri təhlükəyə çevrilərək, ağır cinayətlərə gətirib çıxardığını söyləyib. O dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutu kimi son vaxtlarda İsveç və Danimarkada Qurani-Kərimin yandırılması cəhdlərini pisləyib: “Biz bunu çirkin əməl kimi qınayırıq. Biz, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, habelə ksenofobiya, antisemitizm, islamofobiya və xristianafobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyrik. Bu mövqenin beynəlxalq təşkilatların kürsüsündən, Avropa Şurası platformasından təbliği vacibdir. Qəbul edilməlidir ki, təhlükə dindən deyil, dinin siyasiləşdirilməsi, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gəlir. Din və siyasət xadimlərinin sülh naminə beynəlxalq platformalarda birgə əməkdaşlığı zamanın tələbidir. Zati-Müqəddəsləri Roma Papası Fransiskin bununla əlaqədar dünya birliyinə etdiyi çağırışına hamımız qoşulmalıyıq: “...bəsdir, dayanın, silahlar sussun, sülh işi ilə məşğul olaq!” Ümidvaram ki, bu təşəbbüslər beynəlxalq müstəvidə qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə xidmət edəcək”.


Qeyd edək ki, Avropa Şurası çərçivəsində Dinlərarası Dialoqun Strasburq Prinsipləri bunlardır:

• Avropada və başqa ölkələrdə dinlər insanların, istər dindar olsun, istərsə də sıravi vətəndaş, həyatında onların kimliklərinin tərkib hissəsi kimi mühüm rol oynayır;
• Başqa insanların dinləri və mədəniyyətləri haqqında daha çox bilmək və daha yaxşı dərk etmək müxtəlifliyə hörmət edən müasir və açıq Avropa cəmiyyətinin həlledici aspektinə çevrilib;
• Fikir, vicdan və din azadlığına hörmət olmadan heç bir demokratik cəmiyyət ola bilməz. Din və ya etiqad azadlığı insan hüquqlarının təməl daşlarından biridir. Müvafiq qanunlar və onların effektiov icrası və hörmət dinindən və etiqadından asılı olmayaraq hər hansı bir şəxsə qarşı ayrı seçkilik olmadan birlikdə dinc yaşamaq üçün öncəliklik şərtlərdəndir;
• Avropa İnsan Hüquqları Konvensiyasını 9-cu maddəsində təsbit edilən fikir, vicdan və din azadlığı təkcə dini mənsubiyyəti olmayan və dinə aidiyyatı olmayanlar üçün əsas hüquqdur;


• Avropada dini mənzərə sürətlə inkişaf edir və bununla da Dinlərarası və dinlərdaxili müxtəliflik məkanını genişləndirir. Buna görə də, dinlərarası və mədəniyyətlərarası dialoq Avropa cəmiyyətində qarşılıqlı anlaşma, hörmət və əməkdaşlığı gücləndirməyə kömək edir;
• Dini liderlər və dindarlar arasında da insan ləyaqətinə, insan hüquqlarına və əsas azadlıqlarına, demokratik prinsiplərə və qanunun alililiyinə hörmətə əsaslanan dinlərarası dialoq diskriminasiyaya qarşı mübarizə, qarşılıqlı hörmət, barışıq və sülhü təşviq etmək üçün zəruridir;
• Dini radikalizm və ekstremizm bir dinin düzgün başa düşülməsinə və tətbiq edilməsinə ziddir. Onlar dindən gizli məqsədlər, zorakılıq və münaqişələrə təhrik etmək üçün vasitəçilik edirlər. Halbuki bu cür zorakılıq cəmiyyətdə hər kəsə təsir edir. Ona görə də zorakılığı pisləyərkən, o cümlədən din adına törədildikdə ona qarşı mübarizə apararkən, bütün dini icmaların damğalanmağa yol verilməməlidir;
• Fikir və söz azadlığına hər zaman başqalarına və ictimai asayişə hörmətlə yanaşaraq, dinin müəyyən aspektlərinə tənqidi yanaşmaq hüququ daxildir. Avropa İnsan Hüquqlaır Məhkəməsi milli hakimiyyət xüsusiyyətləri və mürəkkəbliyi nəzərə alan və demokratik cəmiyyət üçün zəruri olan üsullarla həll etmək səlahiyyətini tanıyır;
• Dövlət müxtəlif dinlər, konfessiyalar və etiqadlarla münasibətlərdə tənzimləmə səlahiyyətlərini həyata keçirərkən dini və və ya konfessiya xarakterli mübahisələrdə iştirakdan çəkinərək neytrallığı və qərəzsizliyi qorumağa borcludur;
• Dini konfliktlərlə qarşılaşdıqda siyasi hakimiyyətin rolu qanuna uyğğun həll yolları axtarmaq, dini icmaları qanuna və bir-birinə hörmət etməyə çağırmaqdır. Belə şəraitdə həll yolu ayrı-seçkilik etmək və ya insan hüququ və əsas azadlıqlardan istifadəni inkar etməkdə tapmaq mümkün deyil.

Kamran Qasımov / Real TV
AzVision.az üçün


Teqlər: Dinlərarası-dialoq  





Xəbər lenti