Burada əvvəl yuyunub, sonra hamama gedərdilər - Lahıcın bilmədiyiniz sirləri (Reportaj)

 Burada əvvəl yuyunub, sonra hamama gedərdilər -  Lahıcın bilmədiyiniz sirləri (Reportaj)
  13 Avqust 2021    Oxunub:10266
Lahıc - Azərbaycanın qədim yaşayış məskəni və turistlərin ən çox üz tutduğu ünvanlardandır. Bura bir dəfə gələn şəxs əminəm ki, yenə istəyəcək. Dörd tərəfdən dağla əhatə olunan və Girdiman çayının sahilində yerləşən şəhərin təbiəti bir ayrı gözəllikdir.
Qaya daşlarından salınan küçələr, evlər, qədim bulaqlar, hamamlar, məscidlər insanı valeh edir, ruhunu dincəldir. Azvision.az-ın əməkdaşı ilə söhbətdə “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunin direktoru Kamal Əliyev bildirib ki, qəsəbədə 11 məhəllə, 24 küçə, 5 məscid var. Hər məhəllənin isə 3-4 bulağı var. Onların suyu Niyal dağından saxsı borularla gəlir. Saxsı boruların üstünlüyü sudakı mənfi mineralları yox etməsidir.


- Digər dağ kənd evlərindən fərqli olaraq, Lahıcda hər evin altında drenaj sistemləri var. Beləliklə, qrunt suları yerdə qalmır. Eyni zamanda, labirint quruşulunda çəkilən kanalizasiya vasitəsilə su filtrdən keçib, Girdiman çayına axıdılır. Ümumiyyətlə, Lahıcda yağış suları yığılıb qalmır. Burada küçələr qaya daşlarından elə salınıb ki, su hər zaman axır.


K.Əliyev Lahıcda hər məhəllənin özünməxsus sənətkarlığının olduğunu deyir. Hər məhəllənin bir neçə adı var ki, bu da oradakı insanların hansı sənətlə məşğul olması ilə əlaqdardır. Məsələn, Zəvəro məhəlləsi tat dilində, “yuxarıdakı su” deməkdir. Piştə məhəlləsi “arxadakı” mənasını verir. Zəvəro məhəlləsinin sənətkarlığı dulusçuluq olub, yəni saxsı qablar, bulaq suyunun gətirildiyi saxsı borular burada düzəldilib.


Lahıcda gəzintimiz əsnasında Zəvoro, Ağoğlu və Aşağı Ərəgit məscidində də olduq. Buradakı beş məsciddən yalnız biri - Ağoğlu məscidi qəzalı vəziyyətdədir. Məscid sovet dövründə təmir edilərkən altındakı drenaj sistemi sökülüb. Nəticədə, qrunt suları toplaşdığı üçün qəzalı vəziyyətə düşüb. Məscidin layihəsi hazırdır və yaxın zamanlarda bərpa ediləcək.
Qəsəbədə məscidlərin minarələri ortadadır, yəni Şirvanşahlar memarlığına əsasən tikilib. Lakin Ağaoğlu məscidi sovet dönəmində təmir olunarkən onun minarəsi kənara çıxardılıb.


Lahıc sakinləri qəsəbədə əvəllər 7 məhəllə, 7 məscid, 7 hamamın olduğunu deyirlər. Hətta onların adlarını da sadalayırlar. K.Əliyev bunun insanların dini inancları ilə bağlı olduğunu bildirir: “Onların adları çəkilsə də, ortada hansısa sənəd, şəkil və ya ayrı fakt yoxdur. 7 hamam deyilir, amma Lahıcda 3 hamam var”.


Həmsöhbətimiz bildirib ki, şəhərdə evlər tikiləndə onun məscid minarəsindən hündür olmamasına çalışılır: "Çoxları bunu dinə bağlayırlar. Lakin belə deyil. Dağlıq ərazilədə hündür yerə ildirim düşür. Məscidlərdə navalçalar (su axarları) yerə qədər yaxınlaşdırılır ki, ildirim düşəndə onu torpağa ötürsün. Beləliklə, əhalinin evinə böyük ziyan dəymir".
Sərt iqlimə malik Lahıcda qış aylarında qalmaq çətindir. Ona görə də qəsəbədə qeydiyyatda olan 8430 nəfərdən yalnız 2056 nəfəri daimi orada yaşayanlardır. Hazırda Lahıcda 610 ev qeydiyyatdadır ki, onlardan 67-si tarixi abidədir.


- Lahıcda evlər övərəklərin olması ilə digər yerlərdən fərqlənir. Həmin yerdən ilkin yuyunmaq üçün istifadə edilib. Hər kəsin evində hamam olmayıb, ümumi hamama gediblər. Amma hamama getməmişdən qabaq orada yuyunurdular ki, çirkli getməsinlər,- deyə K.Əliyev qeyd edib.

Lahıcda evlər əsasən XII-XIX əsrə aiddir. Yeni tikilən evlər isə az saydadır. Qoruq ərazisi olduğundan, burada ev tikmək üçün Dövlət Turizm Agentliyinə layihə təqdim edilməlidir. Ev satanlar da var. Ancaq Lahıcda satılan evlərin qiyməti Bakıdan elə də fərqlənmir.


Gəzərkən diqqətimizi çəkən abidələrdən biri də 1941-1945-cı illərdə Böyük Vətən Müharibəsi zamanı tikilən sərdabə oldu. Kamal Əliyev sərdabənin tikilməsini o zamankı şəraitsizliklə əlaqələndirib: "İnsanlar müharibədə, aclıqdan ölürdü. Yeni qəbir qazmaq üçün isə sakinlərin fiziki gücü yox idi. Ona görə həmin vaxtı belə sərdabə tikmişdilər və ölənlərin hamısını ora qoyub, girişini bağlayırdılar. Sərdabənin qapısı son illərə qədər açıq imiş. İndi isə abidəyə giriş tamamilə bağlanıb.


Lahıclıların əsas məşğuliyyəti sənətkarlıqdır. XIX əsrin ortalarında burada 250-yə yaxın sənətkarlıq emalatxanası və dükanı vardı. Bu gün Lahıcda sənət növlərinin çoxu unudulsa da, misgərlik, xalçaçılıq, dəmirçilik, bənnalıq, dülgərlik, dabbağlıq və s. kimi sənətlər hələ də yaşadılır.


Qəsəbədə xalçaçılıq 1964-cü ildən sonra inkişaf edib. O zaman xalça sexində 215 qadın işləyib. Burada tikilən xalçalar müxtəlif ölkələrə ixrac olunurdu. Amma soradan sex fəaliyyətini dayandırdığı üçün qadınlar evlərdə xalça toxuyub. Xalçaçı Sülhiyyə Əliyeva 50 ildir bu sənətlə məşğuldur.


Bütün çeşniləri əzbər bilən Sülhiyyə nənə onları gözüyumulu da toxuya biləcəyini qeyd edib:
- Bizlər xalçanı qışda toxuyub, yayda satırıq. Xalçanın qiyməti ölçüsündən, ilmələrin sıxlığından asılı olaraq 30 manatdan başlayaraq 8 min -10 min manata qədər olur. Lakin hazırda turistlər ən çox balaca xalçaları alır. Çünki böyük xalça üçün Xalça muzeyindən sertifikat lazım olur. Bunu gözləməyə isə turistlərin səbri çatmır. Hazırda toxuduğumuz və satışda olan ən bahalı xalçanın qiyməti 2500 manatdır. Onu bir ilə 4 qız toxuyub ”.


Lahıca istər səyahət edənlər, istərsə də onun haqqında sujetlərə baxanlar misgər Kəbləmi Əliyevi yaxşı tanıyırlar. 50 ildir bu işlə məşğul olan sənətkar misgərliyi ata-babalarından öyrəndiyini deyib:


- İlk dəfə bu emalatxanaya daxil olanda 8 yaşım var idi. O zamandan ustalarımdan bu sənətin sirlərini öyrəndim. Emalatxanamız 1725-ci ildən indiyə qədər fəaliyyət göstərir. Burada 50-yə qədər usta yetişib. 6 qardaş olmuşuq, hər birimiz də sənətkarıq. Misdən müxtəlif bəzək və məişət əşyaları hazırlayırıq. Turistlər tərəfindən daha çox samovara təlabat var. Yaxşı samovar 2-3 aya başa gəlir və qiyməti 4 min-5 min manat olur. Amma bizdə 150-250 manata satılan samovarlar da var.


Lahıcda yaşayan və nəslində misgər, qalayçı olmayan bir insan tapmaq mümkün deyil. Bunu elə kiçik yaşlı müsahibimiz Sübhan İsmayılzadənin həvəslə qolbağa ad həkk etməsindən görürük. 12 yaşlı Sübhan misgərliyin sirlərini öyrənərək atasının yolunu davam etdirmək istəyir.

Misgərliklə yanaşı həkkaşlıq da Lahıcda inkişaf edib. Hər bir iş üzərində deyilən sözü həkk edən Vahid Süleymanov sənətin sirlərini əmisindən öyrənib:
- Bu gün qardaşım və oğlum həkkaşlıqla məşuldur. Təəssüf ki, Lahıcda sənətlə məşğul olanların sayı azalır. Həvəsləri var, öyrəniblər, amma oturub işləmək istəmirlər. Hər kəs asan iş dalınca qaçır. Misgərlik, qalayçılıq sənəti itir. 1-2 nəfər yaşlı adamlar qalıb. Bu gün işləyirik, dolanırıq. Milyonçu deyilik, amma kiməsə də əl açmırıq.



Lahıcdan çıxarkən gözümüzə qıraqda yarıdağılmış vəziyyətdə olan tikili dəyir. Qoruğun direktoru Kamal Əliyev bildirib ki, XIX əsrə aid tikili 4 qardaşın evi olub:
- Hər mərtəbəsini bir qardaş inşa etdirib. Ev 72 otaqdan ibarətdir və hər bir otağın 3 qapısı var. Tədbir olanda qapıları açıblar və bütün ev zala keçirilib. Qaydalara əsasən yeməyi hər dəfə bir mərtəbənin qadını bişirib. Bu ona görə edilib ki, mərtəbələr arası yemək aparılmasın, həm də iy digərlərinə yayılmasın.

Bina qəzalı vəziyyətdə olduğu üçün yaxınlaşa bilmirik. Amma bərpa layihəsi hazırdır və yaxın zamanda işlərə başlanılacaq.

Aytən Zəhra
Foto: Anar Bayramlı

Azvision.az

Digər şəkillər üçün fotolentə baxın:

Qalereya




Teqlər: Lahıc   Təbiət   Turizm   Sənətkarlıq  





Xəbər lenti