Xəstələri narahat etməyin - Nadir Qocabəylinin yazısı

Xəstələri narahat etməyin -    Nadir Qocabəylinin yazısı
  24 İyul 2021    Oxunub:3992
Peşmansan, bir problemin olduğunu, yaxud azacıq burnunun axdığını yazasan. Məqsədin, əlbəttə, dərdini bölüşmək, ona şərik axtarmaqdır. İstəyirsən, sənə ürək-dirək versinlər, “qorxma, müəllim, boş şeydir, keçib gedəcək narahat olma, mən də olmuşdum, çox asanlıqla və tezliklə atlatdım” desinlər...
Və deyənlər də olur. Ancaq beş-altı “çoxbilmiş”, “biləndər”, özünü səndən və hamıdan ağıllı sayan hökmən tapılır. “Müəllim, gecikdirmə, üstünə düş, test ver, analiz ver, həkimə get, amandır, Allah eləməmiş, buzlu şüşə, kovid, Delta, Hindistan, Mozambik, Banqladeş...” və s.

İnanın ki, bu beş-altı “ağıllı” panikaçı əlli-altmış pozitiv enerji daşıyıcısını virus kimi anındaca öldürür. Hiss edirsən ki, halın pisləşdi. Yazdığını kor-peşman silir, müsbət enerji ötürənləri, ürək-dirək, moral verənləri də eşitmək, dinləmək istəmir, sosial şəbəkə icad edənin əmvatına, ölüsünə-dirisinə, yeddi arxa dönəninə dürlü-dürlü salavatlar göndərirsən...

"Kaş ki, yazmayaydım,- deyirsən.- Elə özümə qapılıb, evimə qapanıb, içimə çəkilib, öz dərdimi özüm çəkəydim. Öz bildiklərimi, inandıqlarımı edəydim, öz-özümü sağaldaydım. Xəstə it, toyuq, dovşan, qoyun, dana kimi bir neçə gün bir guşəyə çəkilib, hər şeydən, hətta yemək-içməkdən də imtina edəydim. Ətrafdan, qohum-əqrəbadan, dost-tanışdan, həkim-təbibdən kömək ummayaydım. Onsuz da çox zaman faydası olmur, hətta ziyan çəkirsən."

Heç kəsin vecinə və umrunda deyilsən, hamı öz dərdində-sərində, öz başının çarəsində, öz qarnının qorxusunda, öz məhdud marağında, özünü göstərməkdə və nümayiş etdirməkdə, öz rolunu oynamaqda, hər şeyi öz arşınıyla ölçməkdə...

Sosial şəbəkəni lənətləyib-söysək də, yağlı epitetlərə qonaq etsək də, əslində uzun zamandır şəbəkəsiz bir sosial problemlə üz-üzəyik. Yəni problem Feysbuk, İnstaqram, Votsap, "V kontakte", Telegram və digərləri olmadan da vardı... Peşman olurdu biri yıxılsın, ya da az-maz naxoşlasın. Hamı “sevincək” cumurdu onu yoluxmağa. Yəni bir növ elə bil əhd alırdılar: sən yıxılmısan, ancaq mən ayaqdayam... Xüsusilə də, artıq gedəri olduğu şübhə doğurmayanlara baş çəkib, vidalaşmaq dəbdə idi. Pandemiyanın bəzi müsbət cəhətlərindən biri də bunu aradan qaldırmaq oldu. Ancaq əvəzinə virtual “yoluxmanı” qoydu.

Qonşuluqda babam yaşda, həm də uzaq qohumumuz olan bir kişinin xeyli müddətdir can üstündə olduğu haqda xəbər dolaşırdı. Hamı gedib baş çəkirdi. Deyilənə görə, kişi çox əziyyət çəkir, ağlayır, yalvarırdı. Mənə deyirdilər ki, sən də get görüş. Yəni kişini o dünyaya yola salanların cərgəsində ol, onlardan geri qalma. Cavab verdim ki, onu deyilən vəziyyətdə görmək istəmirəm, ürəyim gəlmir, qoyun xatirimdə əvvəlki tək sağlam, xoş görünüşlü, gülərüz qalsın. Həm də o mənə elə yaxın adam da deyil axı, son günlərində mənimlə vidalaşmaq istəsin. Kişini niyə narahat eləyim, niyə rahat ölməyinə mane olum? Dedilər ki, uşaqlarından, oğlanlarından ayıbdır, inciyəcəklər. Dedim, yaxşı, imkan verin özümü toparlayım, gedərəm. Amma gedə bilmədim, çünki ertəsi gün kişi qovuşdu Allahın rəhmətinə...

Başqa bir yaşlı qohuma ölümündən qabaq baş çəkərkən, kişinin öz durumundan sıxıldığını hiss etdim. Ziyalı və mədəni bir adam idi. Məni görəndə dikəlmək istədi, pərt halda gülümsədi. Yəni heç nəyim yoxdur, nahaq yerə Bakıdan zəhmət çəkib gəlmisən. Açığı, elə bu cür də dedi: “Nahaq sənə zəhmət veriblər...” Kişi haqlı idi, məni onu yoluxmağa məhz dəhmərləyib göndərmişdilər.

Rayonda bir bədbəxt, həyatda bəxti gətirməyən qonşumuz vardı. Məndən on yaş böyük olardı. Münasibətimiz hər zaman xoş olmuşdu. Bir qəza sonucu ağır xəstrələnmişdi, nəyə görəsə rayona getmişdim, dedilər ki, son günləridir, baş çəksən pis olmaz. Düşündüm ki, doğrudan da getsəm yaxşıdır, həm özü şad olar, ruhlanar, həm də qohumların yanında başım uca olar. Əlbəttə, təbii olaraq, onu da düşündüm, özümü də və bir az meyvədən-zaddan alıb getdim.

Adamın durumu və kefi çox pis idi. Xeyli zəif və əsəbi görünürdü. Başına çoxlu qohum-əqrəba və dost-tanış toplaşmışdı. Gümanımın əksinə, mənim gəlişimə sağlam vaxtlarında olduğu kimi sevinmədi. Onu öpdüm ki, ruhlansın, ondan, xəstəliyindən qorxmadığımı düşünsün. Təsiri olmadı. Başladım ürək-dirək və məsləhətlər verməyə. Nə dedim, dedi eləmişəm, nə tövsiyə elədim, dedi, xeyri yoxdur...

Onun yanından çıxdıqdan sonra özümdən, öz miskinliyimdən, eqoizmimdən, sağlamlığımdan, riyakarlığımdan, məni ora göndərənlərdən, ora toplaşan, söhbət edən, məsləhət verən adamlardan zəhləm getdi. Özümü pis hiss elədim, kaş ki, getməyəydim dedim. Mənə elə gəldi ki, canıyla əlləşən o adam heç kəsin umrunda deyil, biz onu sakitcə ölməyə belə qoymur, əsəbləşdiririk. Ancaq mən öz sadəlövhlüyüm və səfehliyimlə onun sağala biləcəyinə, ziyarətimin, məsləhətlərimin faydalı olacağına inanırdım. Bu dərəcədə abdal olduğuma görə az sonra özümə nifrət etdim. Bir neçə gündən sonra adam rəhmətə getdi.

İnfarkt sonucu xəstəxanada yatarkən, məni yoluxmağa gələn, məsləhətləriylə əsəblərimə toxunan iki nəfəri mədəni surətdə qovmuşam.

Son gəldiyim qənaət: xəstəyə baş çəkərkən çox danışmayaq, məsləhət verməyək, mümkün qədər susaq və yastığının altına imkanımız çatan, ona köməyi dəyəcək babat bir məbləğ qoyaq. Ya da sadəcə onu narahat etməyək.

Nadir Qocabəyli
Azvision.az



Teqlər: Nadir-Qocabəyli   Köşə  





Xəbər lenti