Kasıblıq texnologiyaları - Nadir Qocabəylinin yazısı

  11 İyul 2021    Oxunub :2492
  Kasıblıq texnologiyaları  - Nadir Qocabəylinin yazısı
İnsan hər zaman müasirliyə can atır, çağdaş dəyərləri, dəbləri, davranış və ədaları əxz etməyə, mənimsəməyə, yamsılamağa çalışır. Nəinki çalışır, çox zaman hətta özünü bu yolda fəda edir, sağlamlığını xərcləyir, cinayətə, oğurluğa yuvarlanır… Çox zaman heç anlamır da ki, bu yolda özünü iki dəfə, ikiqat məhv edir.
Yəni tutaq ki, bahalı maşın, telefon, kompüter, televizor, kondisioner, nə bilim, hansısa digər texniki əyləncə, oyuncaq vasitələri əldə etməkdən ötrü pul qazanmaq üçün yalan danışır, rüşvət alır, yaltaqlıq, ciyəbazlıq edir, dombalaq aşır. Hər şeyin pultla idarə olunması, hər yerə kamera quraşdırılması, son zamanlar hətta robotlaşdırılması çoxlarını əməlli-başlı dəli edib. Robot paltaryuyan, robot tozsoran, robot qabyuyan, robot kondisoner hər şeyi insanların əvəzinə edərək, guya, onların həyatını rahatlaşdırır. Ancaq unutmaq olmaz ki, bütün bunları edərkən həm fiziki sağlamlığına ciddi ziyan vurur, həm mənəviyyatca korlanır, həm də çox zaman cinayətkar olur. Yaxalanıb, məhkum olunmasa da, haqqında məhkəmə qərar çıxarmasa da, hamı, eyni zamanda özü də bilir ki, çoxlu günah işləyib, ev yıxıb.

Təsəvvür edin: işə gedərkən, yaxud işdən gələrkən maşından düşüb darvazasını açmağa ərinən, bu səbəbdən evinin giriş qapısınının açılıb-bağlanmasını pultla avtomatlaşdıran (mən bilən, son zamanlar pultun düyməsini basmağa ərinənlər də var) biri sağlam olmaq üçün axşamlar getdiyi fitnes salonunda avtomatik hərəkət edən lentin üstündə addımlayır. Adama deyən də yoxdur ki, ay qardaş, sən elə gün ərzində, iş prosesində zəruri olan təbii hərəkətləri yerinə yetirsən, axşam da yorulub normal istirahət edər, yatarsan.

Bunu ona kim deyəcək? Əlbəttə, heç kəs. Çünki bütün mühit belə həyatın peşindədir və bu həyatı insanların 99 faizinin görmədiyi bir qüvvə təbliğ edir. O qüvvənin də məqsədi yalnız pul qazanmaq, insanları öz əsirinə, köləsinə, fanatına çevirməkdir. Bu məsələdə insan həsədçiliyinin, qibtəçiliyinin, bəhsçiliyinin də böyük rolu var və müasir iqtisadi, siyasi texnoloqlar bu amildən məharətlə bəhrələnirlər. Pultla açılan qaraj qapısı, yaxud küçədə yox, salondakı hərəkət edən lent üzərində yerimək sadəcə dəbə də minə bilər və minib də. Kim ki beş-on manat qazanır, pulunu dərhal belə şeylərə xərcləyir. Çünki ətrafda artıq hamı belə edir, bu, bir brend sayılır və etməyənlər geri qalmış, mədəniyyətsiz, kəndçi, “çuşka” sayılırlar. Qazanan kim olur? Əlbəttə, bu işləri düzüb-qoşanlar, ixtira və kəşf edənlər, düzəldənlər, satanlar, reklam edənlər və s. Bəs itirənlər kimdir? Əlbəttə, sadə istehlakçı, axına qarşı üzə bilməyən, əlinin əməyi, gözünün nuruyla dolayısı ilə öz sağlamlığının, mənəviyyatının, insanlığının qəsdinə duran “obıvatel”…

Baxın, günümüzün sözün həqiqi mənasında kasıb insanlarının əksəriyyətinin evində böyük divar televizorları, bahalı kondisionerlər var. Onlar hətta bu əşyalarla bir-birinin yanında lovğalanır, qürrələnir, özləri də bilmdən ziyanı xeyrindən çox olan həmin məişət əşyalarını pulsuz reklam edirlər. Qonum-qonşuda yekə televizor görən arvad dərhal ərini dəhmərləyir ki, "Solmazgil elə gözəl televizor alıblar, bir evin yaraşığıdır... Elə gözəl göstərir, elə bilirsən, ekrandakı hər şey ətrafında baş verir". Neçəyədir? İki min manata! İki min manat bədbəxt Qurbanın 3 aylıq maaşıdır…Problem yoxdur, yüz manat qabaqcadan ödəməklə 18 aylıq kreditlə almaq olar. Neyləmək olar, bu yeknəsəq həyatda arabir arvad-uşağı da müvəqqəti olaraq sevindirməlisən, ya yox. Ona görə müvəqqəti yazıram ki, nəinki kredit müddətinin bitdiyi 18 aya, uzaq başı 8 aya o yekə televizorun Solmazın gözündə 8 qəpiklik dəyəri qalmayacaq. Ancaq Qurban yaxşı bilir ki, kasıbınkı elə televizordur, çünki televizor olmasa, orada göstərilənlərin 1 faizini də canlı həyatda görə bilməzsən. Ayda 700 manat maaşla evdən çıxıb heç Bakı bulvarına getmək olmur, televizoru əvəz edəcək hansı canlı səyahətdən danışmaq olar?!

Götürək elə kondisioneri. Yayın qızmarında hansı varlı, imkanlı, həm də azad adam Bakıda oturub o süni “plastik” hava ilə nəfəs alar?! Gözəl Vətənimizin nə qədər sərin, dilbər, gecələr havası adamı yorğanın altında belə üşüdən, bulaqları diş sızıldadan guşələri var. İmkanlı adam kondisioneri sadəcə prestij üçün alar, ya da evindəki əşyaların, bahalı royalın, nə bilim, “italyanski” mebelin xarab olmaması üçün. Kondisioner əsl kasıb malıdır ki, Bakının, Aran rayonlarının 40-45 dərəcə istisində ürəyi partlamasın deyə, başını süni də olsa, sərin bir dəliyə soxa bilsin. Çünki dediyim kimi, onun qazancıyla heç dəniz kənarına gedib, nöyütlü suya baş vurmaq da mümkün deyil. Bütün sahili işğal edib, kasıbı uzaqdan tanıyan elektron şlaqbaumlar qoyublar, qiymətlərsə havadan da qaynardır, barmaqlarını qarsır…

Odur ki, 700 manatlıq maaşının yüzünü də kondisonerə ayırmaqla, həm kasıb qəlbini ovudur, həm arvad-uşağın gözünü yığır, həm də el-obadan geri qalmır. Eybi yox, qoy beş-on gündən sonra o kondisionerdən zəhləsi getsin, nifrət eləsin ona da, onu icad edənə də, satıb qazanana da. Ancaq bütün hallarda bu, əlahəzrət reallıqdır və ondan heç yerə qaça bilməzsən.
Bu, bir kasıb taleyidir, texnoloji cihazlar və avadanlıqlarla təmin olunmuş yoxsulluqdur…

Nadir Qocabəyli
Azvision.az

Teqlər: Qocabəyli   köşə   texnolgiya   kasıblıq  






Xəbər lenti