"Dönsəm, papağımı qaytararsan..." - Xocalı qəhrəmanı Əlif Hacıyevin doğum günüdür

  24 İyun 2021    Oxunub :2333
  "Dönsəm, papağımı qaytararsan..."  - Xocalı qəhrəmanı Əlif Hacıyevin doğum günüdür
Erməni terrorçu qüvvələrinin Xocalı hava limanından istifadə edə bilməməsi üçün onu partlatdı, rəhbərlik etdiyi polis dəstəsi ilə xeyli insanı Xocalıdan çıxardı. Özü isə düşmən gülləşinə tuş gələrək, şəhidlik zirvəsinə ucaldı. Bu gün haqqında danışdığımız Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin doğum günüdür.
Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində dünyaya göz açıb. Ailənin üçüncü övladı olan Əlif 1970-ci ildə orta məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb. 1973-cü ildə Minsk şəhərində hərbi xidmətini başa vurduqdan sonra Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyib. 1976-cı ildə keçmiş SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub və 1979-cu ildə həmin məktəbi bitirib. 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirib.

DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışıb. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum ediblər. Ermənilər onun sırıqlısının cibinə saxta pul qoyaraq, əməliyyat qrupu təşkil edib öz kabinetində həbs etdiriblər. 1987-ci ildə onun işinə yenidən baxılıb, 10 il həbs cəzası 6 ilə endirilib və 1989-cu ildə azadlığa çıxıb.



Ə.Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək, erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunur və Xocalı hava limanı xəttdaxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda, Xocalı hava limanının komendantı olur. Gördüyü işlərinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.

Xocalı hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər aeraportu zor gücü ilə ələ keçirməyə çalışırdılar. Bunun üçün Xankəndindən içərisində 100-ə yaxın erməni döyüşçüsünün olduğu iki avtobus gəlir. Quldurlar aeraportu mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman Xocalı hava limanında növbədə cəmi 30-a yaxın əməkdaş var idi. Hava limanını əldən verməmək üçün Əlif Hacıyev zirək üsul işlədir. O, hava limanı binasındakı otaqların birində səsgücləndiricinin qarşısına keçir və batalyonların hərəkəti barədə əmr veririrdi. Ermənilər elə başa düşüb ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də hava limanını tərk etmək məcburiyyətində qalırlar.



1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərdilər. Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, həmin gecə meşədə sakinləri yola salıb, geri qayıdanda, balaca bir oğlan uşağına papağını hədiyyə edib. Ona demişdi ki, "Qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan”.

Yenidən geri dönəndə avtomatın darağını dəyişərkən düşmən gülləsi Əlif Hacıyevin qəlbinə sancılır. Onun meyidi Xocalıda 5 gün böyürtkən kolunun dibində qalmışdı. Onun Nazim adında işçisi gizlətmişdi, sırıqlısını da üstünə örtmüşdü. Nazim oradan Əlif Hacıyevin cəsədini götürəndə ermənilərdən biri deyib ki: “Əgər bilsələr bu, Əlifin meyididir, ermənilər onu sizə verməyəcəklər”. Ona görə də, Hacıyevin cəsədini maşında o biri meyidlərin altında gizlədib gətirmişdi.



Ə.Hacyevin bacısı Şüküfə Zeynalova Azvision.az -a qardaşının uşaqlıq dövrü haqqında danışıb:
- Millətpərəst, xalqını, vətənini, torpağını sevən idi. O zaman Xankəndində bizimlə qonşu idi. Burada bir müddət işləyəndən sonra Belarusa geri qayıtmışdı, orada da yoldaşı ilə tanış olub, evlənmişdi. Lakin Qarabağ həsrəti onu rahat buraxmırdı. Çox yerə yazdı və yenidən Qarabağa gəldi. Bununla da Əlifin qara günləri başladı. Haqsızlıqlara dözə bilmirdi. Bir gün gəlib dedi ki, “Vəziyyət yaxşı deyil, azərbaycanlılara qarşı çox haqsızlıq edirlər”. Ballıcadan “Artsax”ın yaranması üçün 850 min rubl pul aparırdılar. Əlif onu bilib, tutmuşdu. O zaman yolda atışma olmuşdu, pulu qaçırmışdılar. Ermənilər Əlifi aradan götürmək istəyir, deyirdilər ki, “türk bizə meydan oxuyur, işlərimizi həyata keçirməyə imkan vermir”.

Ermənilər hərbi prokuror Şükür Rzayevi girov götürmüşdülər. Bunu biləndə Əlif çox əsəbləşmiş, gedib gecə ilə Xankəndinin erməni prokurorunu əsir götürmüşdü və onları dəyişmişdi. Mənə deyirdi ki, “Bacı, yadında saxla. Ola bilər Xocalı, Xankəndi, Şuşa, Ağdam da gedə, mən də gedəm. Amma Azərbaycanın bir qeyrətli oğlu gəlib, bu torpaqları azad edəcək. Bu xəmir hələ çox su aparacaq. Mənim kimi oğlanların çoxunu aparacaq”. Onda dedik ki, sənsiz bu torpağı nə edirik? Qayıtdı ki, “Səhvin var, bura Vətəndir. Torpaq bölünməz, Vətən ayrılmaz”.

Ş.Zeynalova qeyd edib ki, Əlif insanları Xocalıdan çıxarıb, təhlükəsiz yerə aparmaq istəyirdi. “4-cü dəfə geri qayıdanda keçmiş daxili işlər naziri Ramil Usubovun qardaşı qolundan tutub deyib ki, qayıtma, səni vuracaqlar. Əlif deyib ki, “Nə danışırsan, bu qədər arvad-uşaq hamısı meşələrdə qalıb, onlara kömək etmək lazımdır”. 2 körpə qız balası qaldı. Böyük qızının bir yaşı olanda tutmuşdular, balaca qızının 1 yaşı olanda isə şəhid oldu. Əlif Azərbaycanlı olmağı ilə hər zaman fəxr edirdi. Vətəni, torpağını çox sevirdi və canı-gönüldən bu torpağa bağlı idi. Torpaqlarımızın işğaldan azad olunması ilə indi onun da ruhu şaddır".



“Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin sədri, müharibə veteranı Şamil Əlkbərli bildirib ki, Əlif Hacıyevin rəhbərlik etdiyi polis dəstəsi Xocalı hava limanın müdafiəsini təşkil edirdi: “Əlif Hacıyev Xocalı hava limanın polis bölməsinin rəisi idi. Xocalıda Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun rəhbərliyi altında tabor yaradılmışdı. Eyni zamanda, Əlif Hacıyevin rəhbərlik etdiyi bir polis dəstəsi var idi. Sonradan isə 1991-ci ilin oktyabr ayında Azərbaycan Ordusu tam yaradıldı və Aqil Quliyevin rəhbərliyi altında taborun bir hissəsi Xocalıya göndərildi. Çox çətin dövr idi. Əlif Hacıyev rəhbərlik etdiyi dəstə ilə birlikdə Xocalı hava limanın müdafiəsini etibarlı şəkildə təşkil etdi. Əlif polis əməkdaşı idi, intellektual biliyə malik idi. Təəssüflər olsun ki, onların çəkdiyi əziyyət hədər getdi. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı baş verdi. Bu, birbaşa 366-cı motoatıcı alayın iştirakı ilə baş verdi ki, onun da çox hissəsi ermənilərdən ibarət idi. Xocalı soyqırımı zamanı Əlif Hacıyevin rəhbərlik etdiyi polis dəstəsi xeyli dinc əhalinin çıxarılmasına böyük dəstək göstərib. Sonda isə məcburiyyət qarşısında qalaraq, Xocalının hava limanını partladıb ki, ən azından erməni terrorçuları oradan gələ bilməsinlər".

Aytən Zəhra
Azvision.az

Teqlər: Əlif-Hacıyev  






Xəbər lenti