Türkiyədən qovulan jurnalistin xanımı: “Onunla qürur duyuram”

Türkiyədən qovulan jurnalistin xanımı: “Onunla qürur duyuram”
  11 Fevral 2014    Oxunub:1877
Türkiyədən deportasiya olunan azərbaycanlı jurnalist Mahir Zeynalovun həyat yoldaşı Sevda Nur Arslan yaşadıqlarını “Zaman” qəzetinə danışıb.
AzVision.az xəbər verir ki, Sevda Nur Arslan jurnalist həyat yoldaşı ilə birlikdə ölkədən çıxarılarkən əməliyyat olunan atası ilə vidalaşa bilmədiyini bildirib: “Kiçik bir əməliyyat keçirən atamı xəstəxanada qoyub yalnız bir cümlə deyə bildim: “Ata, getməliyəm”. Xəstəxanada onun yanında qalsın deyə bacıma zəng edib dedim ki, təcili xəstəxanaya gəl. Özüm isə atama görə vicdan əzabı çəkə-çəkə tələsik otaqdan çıxdım. Hökumətin istəmədiyi bir həyat yoldaşım olduğuna görə, doğulub böyüdüyüm vətənimi tərk etmək üçün tələsik evə gedib 10 dəqiqə ərzində çemodan hazırlamalı idim. 10 dəqiqəyə necə hazırlaşmaq olardı?! Qış ayları İstanbuldan da sərt keçən Bakıya gəlmək üçün hazırlaşanda paltomu belə götürə bilmədim. Bəlkə də sonuncu dəfə qapısını bağladığım evimdən çıxanda paltomu unutduğum ağlıma gəldi, amma evə qayıdıb ona götürməyə belə vaxtım olmadı. İmsak saatı çatmamışdı ki, biz artıq hava limanına gedirdik. Həyat yoldaşım üzünü mənə tutub “Əgər nə isə problem yaşansa qətiyyən narahatlıq keçirmə, dua elə və yoluna davam et. Məni həbs etsələr belə qayğıma qalacaq dostlarım var. Şən ol və narahatlıqların öhdəsindən gəlmək üçün ailənə sahib çıx”– dedi.



Hava limanında polisin əməliyyatları bitdikdən sonra təyyarəyə mindik. Ailəmə zəng edib ölkədən çıxdığımı xəbər verməli idim, amma təyyarə qalxmağa hazırlaşdığına görə “ana, mən gedirəm, haqqını halal et” belə, deyə bilmədim. Məni bir az qorxu, ən çox da narahatlıq bürümüşdü. Bizi Bakıda Mahirin atası və Azərbaycan mətbuatı qarşıladı. Atası baş nazir Rəcəb Tayyib Ərdoğanın Mahiri məhkəməyə verməsindən narahat idi və medianı diqqətlə izləyirdi ki, görəsən onunla bağlı yeni məlumat varmı? Oğlunu görən ata göz yaşlarını saxlaya bilmədi. Bu, sevinc göz yaşları idi. Çünki bir ay gözlədikdən sonra oğlunu öz ölkəsinə sağ-salamat gəldiyini görmüşdü. Hazırda Mahirin ailəsinin yanında qalıram. Dostların təsəllisi ilə az da olsa üzüm gülür, amma bəzən “Birdən heç vaxt geri qayıda bilmədik?”-deyə düşünməyə bilmirəm.

Doğulub böyüdüyüm, bütün ailəmin və dostlarımın yanında birdə gedə bilməsək? Bizə bunu yaşatmağa kimin haqqı var? Bir neçə il əvvəl Amerikanın Çikaqo şəhərində Çikaqo Riyaziyyat Elmləri Akademiyasında dərs keçirdim. Hicabla işləmək Türkiyədə qadağan olunduğundan bura gələndə müəllim kimi işləyə bilmədim. Bundan əvvəlki seçkilərdə Ərdoğanın Türkiyəni xaosdan xilas edəcək, Allah tərəfindən ölkəmizə bəxş edilmiş bir gözəllik olduğunu düşünüb onu dəstəklədim. Halbuki indi həmin hökumət tərəfindən sürgün olunmuşam. Heç bir cinayət, heç bir hüquq pozuntusu etmədiyim, Türkiyə Cümhuriyyəti vətəndaşı olduğum halda dövlətim həyat yoldaşımın işlədiyi “cinayəti” bağışlayana qədər mən ailəm və bütün tanışlarımdan ayrı qalmağa məcburam. 2014-cü ildə yüksək demokratiya vədi ilə lider olan və mənim də qeyd-şərtsiz dəstəyimi alan bir hökumət məni vətənimdən sürgün edir. Məsələni mənlə əlaqələndirmək düzgün olmaz. Bizim ailə olaraq yaşadığımız çətinliyə Türkiyəni layiq olduğu yerə aparmaq istəyən insanlara qarşı edilən amansız hücumlar, içinə nifaq toxumları səpilmiş yuvalar və dostlar fonunda böyük bir faciənin kiçik bir hissəsi kimi baxmaq lazımdır. Bu sətirləri də Türkiyənin bir tərəfindən digər tərəfinə, İstanbulun bir başından digər başına qış vaxtı sürgün edilən insanların həyat yoldaşlarının adından yazıram, onların fəryadından çıxan səs kimi qələmə alıram. Hesab edirəm ki, heç bir halda layiq olmadığım halda ailəmin, dostlarımın və tanımadığım minlərlə gözəl insanın təsəllisi və duaları olmasaydı şübhəsiz ki, bu zaman çox çətin keçərdi.



Bəs baş verənlərin səbəbi nədir? Bir “tvit”. Jurnalistin mediada yayımlanan xəbəri heç bir şərh vermədən paylaşmağı. Mahirlə yaşadığımız bu çətin günlər əslində aylarla bundan əvvəl hökumətyönlü media orqanlarında, hətta bəzi köşə yazılarında hər gün dayanmadan edilən təhqir və təhdidlərlə başlamışdı. Bu təhdidlər elə həddə çatmışdı ki, həyat yoldaşımdan 1-2 saat xəbər ala bilməyəndə “görəsən qaçırılıb, döyülüb və ya polis saxlayıb?” – deyə şübhələrə qapılırdım.
Bizi Amerika, rus, ingilis və israil kəşfiyyatına işləməkdə təqsirli bildilər, həyat yoldaşıma dinsiz və xain kimi sözlər dedilər. Atasından belə pul almayan Mahirə qarşı “İsraildən aldığın pulları harada saxlamısan” ittihamları irəli sürüldü. Hər tvitini xəbər edən mediada artıq həyat yoldaşımın adını görmək adi hal almışdı. Qəbul edə bilmədikləri əsas şey isə bu idi: Dindar kimi görünən bu adamlar necə olur ki, İslam dünyasının da qəbul etdiyi bir liderə qarşı belə münasibət göstərirlər?

Xahiş edirəm, şişirtdiyimi düşünməyin. Siz də həyat yoldaşınızın “mən bu adamı yolda görsəm vuraram, öldürərəm” sözlərini yazdığı mesajları görsəydiniz inanmıram ki, fərqli psixologiyaya sahib olardınız.

Bu sətirləri yaza-yaza baş nazir Ərdoğanın mənim İstanbulda olanda yaşadığım yer olan Eyüp səmtində onu dəstəkləyən kütlənin alqışları arasında jurnalistlərə hücum çəkdiyi çıxışını təəccüblə izləyirəm. Mənim məhəlləmdə danışan baş nazirə 1800 km uzaqda, sürgündəki yerimdən qulaq asacağım kimin ağlına gələrdi?



Ölkəmiz elə demokratiya səviyyəsinə çatıb ki, Türkiyə vətəndaşı ilə evli olmağınız belə bu ölkədə yaşamağınız üçün kifayət etmir. Mahir mənimlə evli olduğu üçün yaşamaq və işləmək icazəsi var, bununla yanaşı bütün bunlar ona 3 il ərzində ölkə vətəndaşlığı almağa haqq qazandırır. Bütün bunlara baxmayaraq arasında Konstitusiya qanunların da olduğu bir neçə qanun pozularaq həyat yoldaşımın deportasiya edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə göstəriş verilib. Bu vəziyyət həyat yoldaşımla birlikdə mənim də həyatıma və kariyerama təsir etdi.

12 yaşlı qardaşım soruşur ki, bir də nə vaxt geri qayıdacam. “Sizi hər gün yuxumda görürəm, sən və Mahir yeznəm üçün çox darıxmışam” – deyir. O balaca uşağa cavab verməyə çətinlik çəkirəm. İstanbula gedib əşyalarımızı satmağa, yaxu da kiməsə bağışlamağa, kirayə müqaviləmizi təxirə salmağa da imkan vermədilər. Mahirlə oturub düşünürük ki, görəsən kimə desək bizim evlə maraqlanar? 15 ay əvvəl çətinliklə qurduğumuz evimizi indi geridə qoyub gedirik. Bakıda, ya da başqa bir yerdə yenidən özümüzə şərait qurmalıyıq. Əlimizdəki pulları və toydan qalan qızıllarıı hökumətin çökdürmək istədiyi Bank Asyaya qoymuşuq. Allahın köməyi ilə bu çətin vaxtdan çıxacağımıza inanıram. Ömrümüz kifayət etsə, gələcəkdə bu günləri xatırlayıb “eh, ötən günlər” deyəcəyimizə əminəm.

Həyat yoldaşımın ədalətsizliyin qarşısında səsini daha ucadan çıxarmağına və təhdidlərə baxmayaraq bu şərəfli işi davam etdirdiyinə görə onunla qürur duyuram. Bizi bu zülmə layiq görənlər və bunu alqışlayanlar utansın.

Tərcümə etdi: Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti