Ermənistan reallığı: Yalançı Nikol, məğlub ordu və iqtisadi çöküş

 Ermənistan reallığı:  Yalançı Nikol, məğlub ordu və iqtisadi çöküş
  08 Oktyabr 2020    Oxunub:20170
Uzun illərdir iqtisadi çətinliklər burulğanında çabalayan Ermənistanın Azərbaycana qarşı müharibəyə başlaması bu ölkənin durumunu daha da ağırlaşdırır. Qafqazın ən zəif, iqtisadi və sosial potensialı xeyli aşağı olan ölkəsində siyasi hakimiyyət dəyişikliyindən sonra hər şeyin öz axarına düşəcəyi gözlənilsə də, proseslər bunun tam əksini göstərdi. Baş nazir Nikol Paşinyanın verdiyi vədləri yerinə yetirmək əvəzinə ölkəsini ölümcül müharibəyə cəlb etməsi erməni xalqını sözün əsl mənasında fəlakətə sürükləyir.
Heç kimə sirr deyil ki, işğalçı ölkənin əsas iqtisadi dayaqlarından biri xaricdəki ermənilər- diaspor təşkilatları olub. Son vaxtlar hazırkı iqtidarın diaspor təşkilatları ilə əlaqələrində soyuqluq müşahidə edilir. SOROS-un pulları hesabına hakimiyyətə gələn Paşinyanın əsas erməni təbliğat maşınlarından və iqtisadi dayaqlarından sayılan diasporla münasibətləri kəskin pozulub. Sentyabrın 27-dən başlanan müharibənin gedişində Nikolun bir neçə dəfə xaricdə yaşayan ermənilərə, diaspor təşkilatlarına yardım çağırışları etməsi İrəvanın aciz durumda olduğunu göstərdi. Lakin Paşinyanın populist çıxışları heç də effekt vermədi. Artıq sıravi Ermənistan vətəndaşları da anlamağa başlayıblar ki, ölkə məhvə sürüklənir və Nikol onları yalan vədlərlə aldatmaqla məşğuldur. İndiyədək heç bir vədinə əməl etməyən saqqallı baş nazirdən erməni diasporları da üz döndərib, onlar ən qısa zamanda hakimiyyətin dəyişməsini arzulayırlar.

Ermənistanda iqtisadi durumun ağır olmasının səbəblərindən biri xarici şirkətlərin bu ölkəni tərk etməsidir. Bu gün hətta Ermənistanın əsas müttəfiqlərindən olan Rusiya şirkətləri də işğalçı ölkədən üz döndərir. Ölkə iqtisadiyyatı tamamilə sıradan çıxmağa doğru gedir. İşsizlik, aclıq və səfalət erməniləri ölkədən qaçmağa vadar edir. Yerdə qalanlar isə illərdir yığılıb qalan problemlərin girdabında ölüm-dirim mübarizəsi aparırlar. Bütün bu çətinliklərin fonunda COVID-19 pandemiyası Ermənistanın bugünkü reallıqlarını bir daha üzə çıxardı.

Qarabağ problemini danışıqlar mərhələsindən aktiv müharibə raunduna daşıyan Paşinyan Ermənistanın indiyədək ən uğursuz rəhbərlərindən biridir. Onun idarə etdiyi ölkə koronavirus pandemiyasının ən çox zərər vurduğu, virusla mübarizədə ortaya effektsiz mübarizə qoyan dövlətlər arasında öncül yerlərdədir. Təsadüfi deyil ki, Ermənistanda koronavirus infeksiyası genişlənməkdə davam edir, gündəlik yoluxanların və ölənlərin sayı durmadan artır. Xəstəxanalar pasiyentləri qəbul edə bilmir. Ölkədə ciddi şəkildə həkim və dərman qıtlığı yaşanır. Dövlət pandemiyadan zərər çəkən insanlara yardım etmək yerinə, onlar taleyin ümidinə buraxılır. Həm iqtisadi böhran, həm də epidemioloji vəziyyətin ağırlaşması artıq dözülməz həddə çatıb. Virusun iqtisadiyyata təsiri ilə bağlı müqayisə aparsaq, görərik ki, pandemiyanın davam etdiyi dövrdə Azərbaycanda ümumi daxili məhsul 3,7 faiz, Ermənistan iqtisadiyyatı isə 6 faiz azalıb.

Ermənistanın təcridi

Sosial-iqtisadi və humanitar kollaps həddində olan işğalçı ölkənin hazırkı fəlakət həddinə gəlib çıxmasının başlıca səbəbi Qarabağ münaqişəsinin həll edilməməsi və Azərbacanın bu istiqamətdə sərgilədiyi uğurlu siyasətdir. Bu gün İrəvanın üzləşdiyi iqtisadi çöküş illər öncə Ümumilli Lider Heydər Əliyev tərəfindən başladılan və Prezidet İlham Əliyevin davam etdirdiyi Ermənistanın təcrid olunma siyasətinin nəticəsidir.

Cənubi Qafqazda əsas söz sahibinə çevrilmiş Azərbaycandan fərqli olaraq Ermənistan regional layihələrdən kənar qalıb. Əgər ölkəmiz uzun illər beynəlxalq iqtisadi təşkilatların hesabatlarında yuxarı pillələrdə göstərilibsə, Ermənistan gəliri xeyli aşağı olan, yalnız ianələr hesabına yaşayan dövlət kimi xarakterizə edilib. Təkcə bir rəqəmi qeyd edək ki, Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 milyard dollar təşkil edib. Ermənistanda isə bu rəqəm cəmi 3,9 milyarddır. Bundan əlavə, Azərbaycan strateji valyuta ehtiyatları baxımdan Ermənistanı dəfələrlə geridə qoyur. Belə ki, ölkəmizin strateji valyuta ehtiyatları 51 milyard ABŞ dolları təşkil edir. Ermənistanda isə bu rəqəm cəmi 2,6 milyard dollar təşkil edir.

Regionda dilənçi vəziyyətinə düşmüş Ermənistan ümidi xaricdən gələn qrantlara qalıb. Rəsmi statistikaya əsasən, xarici donorların qrant üçün ayırdıqları kvotanın 70 faizi ermənilərin payına düşür.

Energetika sahəsində də müqayisələr Ermənistanın xeyli geridə olduğunu göstərir. Belə ki, Ermənistan Rusiyaya, İrana qaz, enerji borcunu ödəyə bilmir, hətta, qaz borcuna görə rəsmi İrəvan meyvə və digər məhsullar təklif edir. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın qazla təchizatı Rusiyaya məxsus “Qazprom” şirkətinin törəmə müəssisəsi olan “Qazprom-Armeniya”nın əlindədir. Bu şirkət Ermənistanın elektrik enerjisi ilə təminatında aparıcı yer tutur.

Maraqlısı odur ki, Rusiya ilin əvvəlindən etibarən Avropaya 80 dollara satdığı qazın qiymətində Ermənistan üçün heç bir güzəştə getmədi. Qısası, bu gün ortada olan statistik rəqəmlərin, Ermənistan iqtisadiyyatının ağır duruma düşməsi Azərbacanın bu ölkəni regional proseslərdən təcrid etməsinin nəticəsidir və bu siyasət müharibə dövründə özünü tam göstərir.

Kasıb ölkə, müharibə hədəsi və Paşinyanın dilənçiliyi

İqtisadiyyatı sıfıra yaxınlaşan Ermənistanın Azərbaycan kimi güclü ölkəylə müharibəyə qalxması gülünc doğurur. Geridə qalan 10 gün ərzində Azərbaycan Ordusunun sarsıdıcı zərbələrinə məruz qalan Ermənistan ard-arda böyük itkilər verir. Azərbaycan əsgərləri qarşısında duruş gətirə bilməyən erməni hərbçilər döyüş mövqelərini qoyaraq qaçmaqla xilas olmağa çalışırlar. Hazırda İrəvanda bütün imkanlar müharibəyə yönəldilib, silah-sursat, ərzaq, dərman, hətta hərbi geyim belə tapılmır. Paşinyan isə hesab edir ki, "Facebook"un canlı yayımında dilənməklə özünü və ölkəsini fəlakətdən qurtara biləcək...

Digər bir məqama diqqət yetirək. Bu gün Ermənistanda əhalinin ümumi sayının cəmi 2,9 milyon nəfər təşkil etməsi fonunda Azərbaycanda hazırkı statistika 10 milyon 100 min nəfərə çatır. Şübhəsiz ki, yuxarıda sadalanan iqtisadi göstəricilərlə yanaşı demoqrafik resurslar da bu gün hərbi əməliyyatların aparılmasında strateji əhəmiyyət daşıyır. Orduda xidmət edən hərbçilərlə bağlı müqayisələr aparanda belə bir mənzərə ortaya çıxır: Azərbaycan Ordusunda ümumi hərbçi sayı təxminən 426 min nəfərdirsə (aktiv şəxsi heyət 126 min, ehtiyatda 300 min), Ermənistanda onların sayı cəmi 245 min nəfər təşkil edir (aktiv hərbçi sayı 45 min, ehtiyatda 200 min). Azərbaycandan fərqli olaraq işğalçı ölkəyə muzdlu döyüşçülərin, ayrı-ayrı ölkələrdən terrorçu qrupların cəlb olunmasını da xüsusi vurğulamaq lazımdır. Ermənistan hakimiyyəti orduda xidmətdən yayınan vətəndaşların yerini muzdlularla doldurmağa çalışır. Suriya, Liviya və digər ölkələrdən cəlb olunan muzdlu-terrorçu qrupların Qarabağda Azərbaycan ordusuna qarşı vuruşmasını təsdiq edən kifayət qədər faktlar mövcuddur.

Azərbaycanın hərbi üstünlüyü

Əlbəttə, Ermənistanın iqtisadi çöküşü hərbi büdcəyə bilavasitə öz təsirini göstərir. Statistik məlumatlara nəzər yetirdikdə, Azərbaycana qarşı təxribatlara əl atmaqla müharibənin başlamasına səbəb olan Ermənistanın hərbi büdcəsi Azərbaycanla müqayisə olunmaz dərəcədə aşağıdır. Təkcə cari ilin rəqəmlərini deyək ki, 2020-ci il üçün Azərbaycanın hərbi büdcəsinin 2,4 milyard ABŞ dolları təşkil etməsi fonunda Ermənistanın hərbi büdcəsi 625 milyon dollar olub.

Bundan əlavə, beynəlxalq hərbi təşkilatların araşdırmalarında da Azərbaycanın üstünlüyü açıq-aşkar görünür. "Global Fire Power" şirkətinin 2020-ci il üzrə araşdırmasına əsasən, Azərbaycan Ordusu dünyanın 138 ölkəsinin silahlı qüvvələrinin reytinq cədvəlində 64-cü, Ermənistan isə 111-ci yerdə qərarlaşıb. Hazırda ağır döyüşlərin getdiyi cəbhə bölgəsində ölkəmizin Ermənistandan üstün olmasının digər səbəbi Azərbaycan Ordusunun arsenalında hərbi təyinatlı texnika və silah-sursat, eləcə də pilotsuz uçuş aparatların xeyli qisminin yerli sənaye məhsulu olmasıdır. Ermənistan ordusundan fərqli olaraq Azərbaycanın yanacaq və sürtkü yağları ilə təchizatı yerli istehsal hesabına aparılır.

4 gündə 1,2 milyard dollarlıq itki

Görünür, bu səbəblərdəndir ki, hazırda döyüşlərdə ağır məğlubiyətlərlə üzləşən erməni ordusu ardıcıl noqdaunlardan özünə gələ bilmir. Təxmini hesablamalara görə, müharibənin ilk 4 günü ərzində Ordumuzun sərrast zərbələri nəticəsində Ermənistanın 1,2 milyard ABŞ dollar məbləğindəki hərbi texnika və silah-sursatı sıradan çıxarılıb.

Beləliklə, bütün bunlar, ortada olan faktlar göstərir ki, işğalçı ölkənin ağır iqtisadi-sosial problemlər məngənəsində sıxılması, döyüşlərdəki məğlubiyyətin kökündə Azərbaycanın uzun illərə söykənən təcridetmə siyasəti dayanır. Bölgədə aparıcı gücə çevrilən Azərbaycanın hazırda davam edən müharibədəki uğurları isə düzgün hərbi-iqtisadi və diplomatik siyasətin nəticəsidir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti