`Azərbaycan bəstəkarları türkiyəlilərdən çox-çox irəlidədir` - MÜSAHİBƏ

`Azərbaycan bəstəkarları türkiyəlilərdən çox-çox irəlidədir` - MÜSAHİBƏ
  29 Yanvar 2014    Oxunub:3039
Türkiyənin tanınmış musiqi söz yazarı Ayşə Birgül Yılmazın Azvision.az-a eksklüziv müsahibəsi.
- Ayşə xanım, Sizi, Azərbaycan musiqisinin Türkiyədəki rəsmi təmsilçi olaraq tanıyırıq. Gəlin lap əvvəldən başlayaq, yəni, Azərbaycan musiqi dünyası ilə tanışlığınızdan və əməkdaşlığınızdan...

- 1995-ci ildə `Raks Müzik`də işləyirdim. Bir gün studiyanın otağına girəndə çox sayda dolu bağlama gördüm. Nə olduğunu soruşduqda “Azərbaycan sənətçilərinin kasetləri var. Raks Müziklə Azərbaycan sənətçiləri və bəstəkarları arasında razılaşma oldu” cavabını eşitdim. O gündən maraqlanmağa, Azərbaycan mahnılarını dinləməyə başladım. Mahnılarınızın duyğusallığı, melodiyası, sözləri o qədər yaxın idi ki, bizə. İlk tanışlığım, sözləri Elxan Xanalizadəyə, musiqisi Əhməd Abbasa aid “Ürəyim yanar” mahnısı ilə oldu. Sonra bu mahnıya yeni söz yazdım və sənətçimiz Sunay Alemdaroğlu ifa etdi.

Kasetləri təkrar-təkrar əvvələ çevirərək gecə-gündüz Azərbaycan musiqi əsərlərini dinləyirdim. İşdə dinləməkdən doymayanda nüsxələrini çıxardım evdə davam edirdim. Bu çox qəribə hiss və duyğudur, kəlmələrlə anlatmaq mümkün deyil.

Daha sonra Raks Müzik Azərbaycanda Musiqi Prodakşn şirkəti açdı və ora Həsən Sarı musiqi direktoru olaraq təyin edildi. Elə bəstəkar Gövhər Həsənzadə ilə qiyabi tanışlığım da onun vasitəsilə oldu. Həsən bəy Gövhər xanımın mahnı sözü istədiyini bildirdi, mən də beytlərimdən bir neçəsini göndərdim.

Bir il sonra İradə İbrahimovanın oxuduğu, sözləri mənə aid “Get” mahnısının Azərbaycanda çox sevildiyini öyrəndim. Gövhər xanıma zəng edərək onu Türkiyədə təmsil etmək istəyimi, mahnılarını türk sənətçilərinə tanıdacağımı söylədim, o da mənə vəkalətnamə göndərdi. Canlı, üz-üzə tanışlığımız isə 11 il sonra, Bakıya səfərim zamanı oldu. Ümumiyyətlə, bu bəstəkar xanımla tanışlığım və əməkdaşlığım yaradıcılığımın ayrıca bir mərhələsini əhatə edir. Bu barədə bir neçə səhifə yazsam, yetməz.

Bir neçə il öncə çox hörmət etdiyim böyük şair Vahid Əzizlə tanış oldum. O da şeirlərinin Türkiyədə hüquqlarının qorunmasına dair mənə vəkalətnamə verdi. Şerinə bəstələnmiş 2 mahnı sənətçilərimiz tərəfindən oxunub artıq. Azərbaycan sənətçilərinin Türkiyə təmsilçisi olmaqdan məmnunam.

- Azərbaycan musiqisi, sənət adamları ilə işbirliyi, tanışlıq Sizə hansı yenilikləri gətirdi? Nələri kəşf etdiniz?

- Azərbaycan musiqiçiləri yenilikçidirlər. Türk bəstəkarlarından çox-çox irəlidə olduqlarını bizim populyar musiqiçilər də qəbul edirlər. Bəlkə aranjemanlıqda əksikliklər ola bilər, amma son illərdə çox peşəkar səviyyədə aranjeman olunmuş musiqilər dinləyirəm. Gənc istedadlı musiqiçilər, mükəmməl səs sənətçiləriniz var.

- Hazırda kimlərlə əməkdaşlıq edirsiniz?

- Əməkdaşlığımın sayı çox deyil, amma çox olmasını istəyirəm. Azərbaycan mahnılarını da oxutmayanda mutsuz oluram. Lakin Türkiyə də son illərdə sanki sonsuz bir döngəyə girdi. 3-5 il əvvəl bir albomda ən az 12-14 Azərbaycan mahnısı olurdusa, indi cəmi 4-6 mahnılıq Maxi single hazırlanır. Bu üzdən əməkdaşlıq bir qədər çətinləşib.

Hazırda Gövhər Həsənzadə, Vahid Əzizlə, yeni musiqiçilərdən Pərviz Mahmudov, Ruhin İsmayılov kimi istedadlı insanlarla çalışıram. Ruhinlə ilk çalışmamız kliplə sonuclandı. Artıq ikincisi hazırlanır. Azər Nəsibovun gözəl bəstələri, Leyli İsrafilovanın maraqlı şerləri var. Nailə Mirməmmədlinin bir mahnısına söz yazmışam, yaxında çıxacaq. Ayrıca Neyman Mustafazadənin çalışmalarını bəyənir və maraqlanıram. İlkin Həsəni çox ugurlu görürəm. Kaş ki, daha çox əllərim, qollarım olsa, hamısına yetişə bilsəm, mahnılarını oxuda bilsəm. Bu, məni çox xoşbəxt edir.

- Uzun illərin bitib-tükənməyən bir məsələsi var – plagiatlıq. Azərbaycan mahnılarının ifası zamanı türk sənətçiləri tərəfindən müəlliflik hüquqlarının pozulması, mahnılarımızın “anonim” deyə təqdimatı neçə illərdir müzakirə olunur, amma hələ də bir çözümü tapılmır. Sizcə, bunun başlıca səbəbi nədədir və qarşısını necə almaq olar?

- Kaset vərəqələrində türk mahnılarının “anonim” olaraq qeyd olunması illər öncə diqqətimi çəkmişdi. Sonralar eyni şeyi Azərbaycan mahnılarında da gördüm. “Bu? belə olmamalıdır” deyib səbəbini araşdırmağa başladım. Belə xətalara yol verilməsi yalnız təəssüf hissi doğurur. Niyə belə olmasına dəqiq açıqlama verə bilməyəcəyəm. Televiziyalarda musiqiçilər tərəfindən bu mövzu çox müzakirə edildi, açıqlamalar verildi, hətta bəlkə günah da çıxardılar. Kimisi mahnı müəllifləri ilə əlaqə saxlaya bilmədiyini dedi, kimisi də başqa səbəb gətirdi.

Amma öz təcrübəmə əsaslanaraq bir şeyi tam əminliklə deyə bilərəm ki, müəlliflə əlaqə saxlamaq bəzən həqiqətən də çox çətin olur. Məsələn, Sibel Canın albom hazırlığında bir Azərbaycan mahnısının müəllifini dəfələrlə araşdırırdım, amma cavab gəlmədi. Buna bənzər hallar - mahnılarını satışa çıxardığım, anlaşmam olmayan əsər sahiblərilə əlaqə saxlamaq ya mümkünsüz olur, ya da izn cavabı gec gəlir.

Ancaq sevindirici bir şey var ki, illər öncəsinə, geriyə dönük pozulmuş bütün haqlar düzəldilməyə çalışılır. Misal üçün Ramiz Mirişlinin ən az 10-15 mahnısının ötən illər ərzində oxunmuş, amma nə müəllif haqqı ödənmiş, nə də adı yazılmadığına görə iddia qaldırdım. Hazırda proses davam edir.

- Nə vaxtsa Azərbaycanda yaşayıb, orada fəaliyyət göstərmək istərdinizmi? Ümumiyyətlə, indiyədək belə bir təklif olubmu?

- Bu haqda düşünmədim, belə bir istəyim olmadı, eləcə də orada işləmək təklifi aldım desəm, yalan olar. Ancaq digər tərəfdən düşünürəm, Azərbaycan musiqilərini Türkiyədə daha yaxşı tanıda, təbliğ edə bilərəm. Bunu uzaqdan-uzağa etmək ya çətin, ya da mümkünsüz olur.

Sevda Babayeva / İstanbul (Türkiyə)
AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti