Böyük Yolun başladığı Gün - TƏHLİL

   Böyük Yolun başladığı Gün  -    TƏHLİL
  14 İyul 2019    Oxunub:8377
Hər xalqın taleyində bir dönüş nöqtəsi var. Azərbaycan xalqı üçün həmin nöqtə 50 il əvvəl, 1969-cu ilin iyulun 14-də Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi idi. Bununla xalqın gələcək həyatında heç nə ilə müqayisə edilə bilinməyəcək bir rol oynamış siyasi liderin formalaşması prosesi başladı.
Heydər Əliyev iyulun 14-nə qədər də onu dövlət xadimi kimi yetkinləşdirən ciddi bir yol keçmişdi. Amma məhz iyulun 14-ü onun həm də liderlik missiyasının başlanğıcı idi.

İstər SSRİ-nin tərkibində olanda, istərsə də müstəqillik qazanandan sonra - hər iki halda Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlaması bu xalqın “mən də varam!” deyib, ayağa duraraq, dünyada gedən böyük yarışmaya qoşulması ilə nəticələnib. SSRİ dövründə Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan İttifaq ölkələrinin arasında autsayder idi, istər həm kənd təsərrüfatı, həm sənaye, həm də həyat səviyyəsi baxımlarından son sıralarda dururdu. Heydər Əliyev qısa vaxtda reallığı dəyişdi, Azərbaycanı sosializmin “turnir cədvəlində” xalqların yarışmasında liderlər liqasına yüksəltdi. Faktik olaraq yoxdan, “quru yerdə” böyük sənaye kompleksi, kənd təsərrüfatı qurdu. Amma bunlar hələ sadəcə taktiki məsələlər idi. Böyük anlam isə başqa mətləblərdə gizlənib.

Açıq danışsaq, ancaq Heydər Əliyevin gəlişindən sonra Azərbaycan həqiqətən Azərbaycanlaşmağa başladı . Ölkə SSRİ-nin tərkibinə qatılandan sonra milli ruh, milli düşüncə, milli şüur praktik olaraq məhv edilmişdi; ən əsası, “milli elita” adlı bir şey demək olar ki, qalmamışdı. Azərbaycana rəhbərlik edənlərin 90%-i ya özü, ya da ailə üzvləri bu millətdən deyildilər. Halbuki, bir xalqın var olub, varlığını sürdürə bilməsi üçün onun milli elitasının mövcudluğu ən vacib şərtdir.

Xalqın özünüdərki üçün onun dilində danışan, daha vacibi, onun dilində düşünən, mentalitetini, təfəkkür tərzini anlayan bir elitanın rolunu Heydər Əliyev çox yaxşı başa düşürdü. Məhz buna görə sovet Azərbaycanında milli ziyalılar zümrəsinin formalaşması, elmin, ədəbiyyatın inkişafı üçün nəhəng işlər gördü. Çünki əla bilirdi ki, milli ziyalılar sinfi, milli siyasi elitası olmasa, Azərbaycan xalqının milli identifikasiyası da itib gedəcək. Yəni geniş mənada Azərbaycan xalqı varlığını sürdürə bilmək, özü olmasını qoruyub saxlamaq üçün Heydər Əliyevin hakimiyyətə gəlişindən böyük bir passionarlıq təkanı almış oldu.

Heydər Əliyevin o dövrdə apardığın siyasətin nəticəsində yaranan milli ziyalılar təbəqəsi xalqın mənəvi özünüdərkini təmin etdisə, yetişdirilən kadrlar korpusu hərə öz sahəsində Azərbaycanın varlığını təsbit etməyə başladılar. Məsələn, hərbçilər hərbi, iqtisadçılar iqtisadi, hüquqşünaslar hüquqi, sənətçilər mədəni və bu qayda ilə hərə öz sahəsində Azərbaycanın varlığını formalaşdırırdı. Yəni Heydər Əliyev siyasi hakimiyyətə gələnə qədər Azərbaycan SSRİ-nin tərkibində bir ərazi kimi, coğrafi anlayış olaraq var idisə, Heydər Əliyevdən sonra artıq Azərbaycanın intellektual mövcudluğu, mənəvi varlığı, mədəni mövcudluğu, iqtisadi varlığı haqqında danışa bilərdik. Heydər Əliyev Azərbaycanı xəritələr üzərində cızılmış konturlar şəklində olan formal varlıqdan real dünyaya qaytardı.

Əgər Heydər Əliyevin gördüyü bu işlər olmasaydı, yəqin ki, SSRİ dağılanda müstəqil olmaq istəyən bir xalq da qalmayacaqdı, Ermənilərin Qarabağı istəməsinə kimsə etiraz etməyəcəkdi, çünki bunu edəcək təfəkkürdə bir adam tapılmayacaqdı. Əgər milli elitasızlıq və cəmiyyətin özündən uzaqlaşması prosesi həmin vaxta qədər davam etsəydi, artıq “Azərbaycan xalqı” deyilən istilah böyük qismi kosmopolitlərdən və yad millətlərdən ibarət məzmunsuz icmanı ifadə edəcəkdi.

Bütün bunların haqqında ciddi düşünəndə aydın olur ki, 14 iyul Azərbaycan tarixində nə qədər mühüm bir gündür. Tarixdə belə paradokslar var: Bəzən çox böyük, həyati bir problem nəyisə məhv etməyə macal tapmadan həll edilir və buna görə heç kim onun üstündə dərindən düşünmək istəmir. Çünki tarix “olmasaydı, nə olardı” şəklində şərt formalarını sevmir. Amma düşünəndə ki, 50 il əvvəl bir insan həqiqətən də haqqı olan məqama yüksələ bilməsəydi, nə olardı, cavab çox dəhşətli alınır.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Heydər-Əliyev  





Xəbər lenti