`Space`-dəki qabqıran cin

`Space`-dəki qabqıran cin
  29 Noyabr 2013    Oxunub:1631
Cavidan

Yadıma gəlir, doxsanıncı illərin birində bizim kəndlərdə belə bir xəbər dolaşmağa başlamışdı: Göydən daş yağır. Günün hər hansı bir saatında doğrudan da, göydən birdən-birə xırda daşlar tökülməyə başlayardı.
Mən müdhiş bir maraqla gözləyərdim həmin məqamı ki, o daşlardan tökülsün və əlimə götürüb, rənginə, quruluşuna, ölçüsünə baxım, yer daşları ilə müqayisə eləyim, əgər hətta onları hansısa qasırğa və ya hava burulğanı belə qoynuna alıb, sonra gətirib bizim məkana boşaldırdısa, yenə də doğma yurdda qərib bir daş görüb baxmaq marağı bütün qorxulara üstün gəlirdi.

Qocalar, qarılar deyirdilər, bu daşları cinlər atır adamlara, onlar başımızın üstündən o yana-bu yana uçuşur və ətəklərinə yığdıqları daşları bizə çırpırmışlar.
Həmin günlərdə bütün camaat ayağa qalxmışdı bəlkə o göydəndüşmə daşlara görə.
Kimi cinləri tutmaq istəyirdi, kimi də bekarçılıqdan xuliqanlıq eləyən avaraları.
Günlər keçdi və müharibə başladı, daha nə daş yağdı göydən, nə cin qorxusu qaldı adamlarda.

***

İranla sərhəddin açılmasından sonra evlərimizdə zərli corablar, banan qurusu, xurma bol olurdu. Həmin məhsulları qonşu ölkəyə az qala hər gün gedib-gələn alverçilər gətirirdilər və təbii ki, bütün bağlamaların üzərində fars, ərəb hərfləri ilə yazılmış qəbzlər olurdu.
Nisbətən cavan nəsil nə illah edib, bu kağızların ancaq mağaza qəbzi olmasını desə də, nisbətən yaşlı nəsil bunu qbul eləmir, bu əl içi boyda kağızdakı hərfləri soldan sağa öpür, göz üstünə qoyur, evin ən hörmətli yerlərində qoruyub saxlayırdı.
Onlar üçün soldan sağa oxunan hər bir kəlmə Quran kəlamı kimi idi.
Belə qəbzlərə çör-çöp, əyri pazlı mıx, zir-zibil büküb, sapla dolayıb, az atmamışdım caduya-pitiyə inanan adamların yollarına, həyətlərinə, onların həmən əl-ayağa düşüb, mollalara, falçılara qaçması, soraqlaşıb caduçıxardan tapması əməlli-başlı əyləncə idi.
Qonşuda bir qarı acından ölsə, qapısına bir çörək aparmağı, bir uşaq ayaqyalın qalsa, əyninə rezin qaloş almağı özünə qıymayan bu cür adamlar, “onların harayına yetişən, onların yeddi nəsil o yan-bu yanını dəhşətli cadulardan təmizləyən” cadugərlərə ətək-ətək pul xərcləyər, zinət əşyaları dağıdardılar.
Atam xəbər tutub danlamasa, qəti qadağalar qoymasa, hələ çox belə “cadular” edəcəkdim yəqin.

***

Amma atam da az təqsirkar deyildi mənim “cadugərliyimdə”.
Moskvadan alıb gətirdiyi və hələ buralarda olmayan qoroskop broşürünü mənə bağışlamışdı axı.
Mənim dəsrlərdən sonrakı əsas məşğuliyyətim bu broşürdən qohum-qonşu üçün onların bürc və illərini tapmaq, xasiyyətlərini oxuyub tərcümə etmək idi.
Hər gün qapımıza gəlib, məni arayan və başıma toplaşıb, özünün Çin və Yapon qoroskoplarıyla kimliyini bilmək istəyənlər artırdı.
Mən bir də onda ayıldım ki, qoca-qırış nənələr pay-püşlə dolu zənbillərini evimizə gətiriblər, qəfil gələn elçi olduqlarını düşünmüşdüm, amma onlardan biri:
- Sənə qurban olaram, sənin baxdığın kitaba qurban olaram, aç hələ bax mənim yetimim hardadı, niyə xəbər-ətər yoxdu ondan, deyir türmədə vurublar onu, bax hələ düzdürmü, nənə sənə nə ürəyindən keçsə, alar, qızım...hamı deyir, sən hər şeyi elə düppədüz deyirsən ki!
Mənə deyirdi bunları və mən key kimi qalıb ona baxırdım, nə edəcəyimi bilmirdim:
- Nə kitab? Mən kitaba filana baxmıram, - dedim.
Və həmən qoroskop kitabı yadıma düşmüşdü, utanmışdım, ölüb yerə girmişdim...

***

İnsanlar belədirlər.
Sadə olduqları qədər də saf olurlar, inanırlar, ümid edirlər, imdad gözləyirlər.
Sən qoroskop kitabı oxuyub tərcümə edərsən, onlar bunu “ən dürüst rus fal kitabı” bilərlər, həbsxanada öldürülən doğmaları üçün bircə kəlmə “sağdır” deməyini gözləyərlər, sənə boğazlarından kəsib hədiyyələr alarlar...

***

Bunlar niyə yadıma düşdü?
Bu günlərdə Space telekanalında qabları salıb qıran, ortalığı qarışdıran, əməkdaşları diksindirib pərən-pərən salan, onları bir-birləri barədə olanı-olmayanı car çəkməyə vadar edən, qonaqların bədənlərinə elə canlı çəkiliş pavilyonundaca daxil olub onları yıxan, huşlarını alıb aparan Cin tapılıb, deyirlər.
Hətta cindarın biri elə canlı efir vaxtı verilişin qonağını divana yıxıb, üstündə qəribə xırıltılı, bəyirtili, mırıltılı səslər çıxartmağa başladı.
Görənlər təsdiq edər yəqin, sanki cin elə cindarın öz içindəydi, qonağa qəzəbini göstərirdi.
Özümü tamaşaçı kimi, ölkə vətəndaşı kimi, insan kimi təhqir olunmuş, ələ salınmış hesab etdim, bir telekanal öz auditoriyasına qarşı bu qədər hörmətsizlik etməməliydi, düşünürəm.
Gülmədim, utandım, sıxıldım, tək əlimdən gələn isə facebook səhifəmdə bu balaca statusu yazmaq oldu:

“İlahi, cavanam, insult edib ağzımı əymə, amma deyim, soruşum, bəlkə mən qanmıram, bu Speysin kanalındakı cindar o yerə yıxdığı adamdan cin çıxardırdı yoxsa ona cin daxil edirdi, anlaşılmadı, o nə bəyirtilər idi, o nə mətbəxdə qab qırmaq idi, işləri-gücləri yoxdu bunların?
Əgər doğrudan da o adamın ürəyi getdisə, o zaman niyə kimsə narahat olmadı ki, bəlkə həkim lazımdı? Bəlkə psixoloji zəifdi, həssasdı o adam belə hoqqalara? Ya da əgər şou və öyrədilmiş səhnədirsə, o zaman bunun ictimai faydalı yönü nədir axı tamaşaçı kütləsi üçün?
Xülasə, Speysdə cin var, mesajı anladıq.
Dağılışın.”



Teqlər:





Xəbər lenti