Sosial artımlar inflyasiyaya səbəb olmayacaq – TƏHLİL

   Sosial artımlar inflyasiyaya səbəb olmayacaq –    TƏHLİL
  24 İyun 2019    Oxunub:4366
Prezidentin həm minimum əməkhaqqı, həm də bir sıra dövlət büdcəsi təşkilatlatlarında çalışanların əməkhaqlarının artırılması haqda imzaladığı sərəncamların icra olunmağa başlaması nəticəsində ölkədə heç bir inflyasiya hadisəsi baş verməyəcək və kəskin bahalaşma müşahidə edilməyəcək. Çünki bunun üçün ortada heç bir daxili və xarici səbəblər yoxdur.
Bəli, sosial istiqamətdə artımlar həyata keçirildikdən sonra əsas diqqət həmişə istehlak bazarına yönəlir. Bazarda qiymətlərin buna adekvat reaksiya göstərməsinin qarşısını almaq başlıca vəzifəyə çevrilir. Çünki dövriyyəyə tələbin şişməsinə xidmət edən amilin - yəni onun tədiyyə qabiliyyətinin güclənməsini təmin edən və buna zəmin - şərait yaradan əlavə vəsaitin daxil olması nəticəsində, təklifin istər-istəməz yenidən təşkil olunması, ya kəmiyyəti genişləndirmək, ya da qiymətləri artırmaq zərurəti yaradır. Bu zaman xüsusən, sonuncu üçün süni tendensiyaya geniş meydan açılır ki, qiymətlər təbii olaraq deyil, rəqabətin olmaması və inhisar amilləri səbəbindən süni şəkildə yüksəlməyə meyl göstərməyə başlayır.

Yeri gəlmişkən, bu ilin əvvəlindən ölkədə həyata keçirilən sosial müdafiə xarakterli tədbirlər büdcə xərclərinin 2 milyard manatdan çox artmasına səbəb olub. Sosial artımları ödəmək məqsədilə dövriyyəyə böyük həcmdə vəsaitlər daxil edilib ki, bunların bir qismi hələ ilin ikinci yarısında da daxil olmaqda davam edəcək. Sonuncu sərəncamlar isə icra edilməyə başlandıqda, dövriyyəyə üstəlik 1 milyard manatdan da çox vəsait daxil olacaq.

Məsələ bundadır ki, cari ildə sosial artımlarla bağlı inflyasiya təzyiqinin yaranacağı bir sıra cəhətlər baxımından gözlənilmir. Bunlar hansılardır? Birincisi, dövriyyəyə daxil olacaq vəsaitin həcmi ikirəqəmli bahalaşma yaratmaq həddində təhlükəli deyil, ikincisi, ölkəyə idxalda payı 35%-dən yuxarı olan idxalçılar, eyni zamanda, istehsalda anoloji paya sahib istehsalçılar nəzarətdədir və onların qiymətləri dövlətin razılığı olmadan qaldıra bilməsi xeyli çətinləşib; üçüncüsü, daxili istehlak bazarına xarici təsirlər 2015-2017-ci illərdəki kimi deyil, dördüncüsü, valyuta bazarında sabitlikdir, dollar satışında təklif tələbi üstələyir, beşincisi isə, iqtisadi aktivlik qənaətbəxş səviyyədə olmasa da, passiv həddə də hesab edilmir. Bu siyahını uzatmaq da olar.

Bəli, elə şərait var ki, qiymətləri çox da basqı altında saxlamaq olmaz və bu, mümkün də deyil. Xüsusən də, iqtisadi artımla bağlı tendensiya sarıdan inflyasiyaya təsir və təzyiq elementlərini çərçivəyə almaq yolverilməz sayılır. Bunda ehtiyatlı olmaq lazımdır. Ancaq bazarın hər hansı bir seqmentində və yaxud da hər hansı bir zəruri istehlak malında süni qiymət artımı baş qaldırarsa, buna sözsüz, yol verilməməlidir və verilməyəcək də...

Sual oluna bilər ki, bəs, bu vəsaitlər əsas etibarilə nəyin hesabına əldə olunur və sözügedən maliyyələşdirməni davamlı təşkil etmək mümkün olacaqmı? Məsələ bundadır ki, son qərarlar hökumətin hərtərəfli düşünərək, planlaşdıraraq atdığı addımlardır. Bu baxımdan, Azərbaycan dövlətinin mövcud maliyyə imkanları və bu artımların yaradacağı əlavə xərcləri qarşılamaq sarıdan problem olmayacaq. Ümumiyyətlə, sözügedən sosial paketin icrasına yönəldiləcək vəsaitlərin mənbəyi kimi kölgə iqtisadiyyatına qarşı aparılan mübarizənin müsbət nəticələri çıxış edəcək ki, vergi və gömrük sahəsində həyata keçirilən şəffaflaşdırma tədbirləri, xüsusilə də kölgə iqtisadiyyatının azaldılmasına yönəlik addımlar ciddi müsbət nəticələr verməkdədir.

Bəli, bizdə kölgə iqtisadiyyatına qarşı həmişə mübarizə aparılıb və aparılır. Lakin ən effektli, təsirli və real mexanizm əsasında mübarizə keçən ildən etibarən tətbiq olunmağa başlanıb ki, vergi yoxlaması nəticəsində 2018-ci ildə iri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon, özəl tibb müəssisələrində 230 milyon manat vəsaitin dövlət büdcəsindən yayındırılma halı aşkarlanaraq, büdcəyə daxil edilib. Hesablama Palatasının 2018-ci ildə həyata keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində isə 15 milyon 214,9 min manat, 52,2 min avro, 224,1 min manat dollar və 27,4 min İsveç frankı məbləğində vəsait büdcəyə ödənilmişdir.

Bu ildənsə həmçinin, iqtisadiyyatı tənzimləmə vasitələrinin rolu və mexanizmi də dəyişdirildi ki, bununla da dövlət-biznes münasibətlərində yeni mərhələ start götürməklə, vergi qanunvericiliyinə 300-ə yaxın yeniliklər həyata keçirildi, bir çox gömrük rüsumları, qaydaları da yüngülləşdirilərək sadələşdirildi. Hansı ki, bunlar da büdcəyə daxilolmaların artmasında böyük rol aynadı.

Düzdür, kölgə iqtisadiyyatının payı hələ kifayət qədər yüksək səviyyədədir. Odur ki, şəffaflıq prinsiplərinin genişmiqyaslı tədbiqi və iqtisadiyyatı idarəetmə mexanizminin yeni modelinə keçid sahəsində islahatlar davam etdirilməli və bu istiqamətdə həyata keçirilən işlər fasiləsiz xarakter daşımalıdır. Çünki büdcəyə iqtisadiyyatın real sektorundan daxilolmalar tələb olunan həddə çatmayınca, dövlətimizin sosial aspektdə cari ildən gücləndirdiyi sözügedən bütün genişmiqyaslı maliyyələşdirmə səylərinin də maksimal həddə uzunmüddətli effekt verməyi çətindir.

Sözün qısası, bəli, yuxarıda sadaladığım tədbirlər və dəyişikliklər, başqa sözlə desəm, islahatlar hesabına qeyri-neft sektorundan daxil olan əlavə maliyyə vəsaiti imkan verir ki, minimum əməkhaqqı, pensiyalar və müavinətlər yüksəldilsin. Ancaq aydın məsələdir ki, bu, davamlı xarakter daşımalıdır, daşıyır da. Bunun üçün əsas şərt ondan ibarətdir ki, sahibkarlıqla, başqa sözlə desəm, bizneslə məşğul hər bir şəxs vergisini vaxtında versin, əməkhaqqı alan isə sosial ayırmasını ödəsin. Özü də buna onlar məcburi yolla əməl etməli deyil, könüllü yanaşmalıdırlar. Dövlətin və hökumətin vəzifəsi də bax, məhz həmin mühiti yaratmaq və təmin etmək təşkil edir ki, hazırda atılan addımların da özülündə bu cəhət durur...

Sonda bir məqama da toxunmaq istərdim: inflyasiya özü dolayısı ilə iqtisadi artım göstəricisidir - buna işarədir. Söhbət, normal inflyasiya göstəricisi tendensiyasından gedir. Gəlirlər artırsa və yaxud artırılırsa, bu, iqtisadi artım üçün əlavə stimul vasitəsidir. Odur ki, gəlirlərin artması müəyyən həddə inflyasiya yaradırsa, demək, artım baş verib və ya verir.

İkirəqəmli inflyasiya isə "cızıqdan çıxma" sayılır və bu, normal iqtisadi proseslərin, yəni effektiv tendensiyanın nəticəsi hesab edilmir. Diqqətə çatdırım ki, Azərbaycanda ikirəqəmli inflyasiya həmişə neftin dünya bazar qiymətləri düşdükdə, əhalinin gəlirləri azaldıqda baş verir və təzahür edir. Ölkəmizdə əhalinin maaş və pensiyaları artırıldıqdan sonra ciddi və kəskin şəkildə - yəni, ikirəqəmli səviyyədə heç vaxt inflyasiya baş verməyib.



Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Artım   Sosial-paket   İnflyasiya  





Xəbər lenti