`S-300`lər Suriyada
Azvision.az Rusiyanın “Novoya Qazeta” qəzetinə istinadən xəbər verir ki, hazırda Suriya ərazisində Rusiya ilə 2010-cu ildə imzalanan müqaviləyə uyğun olaraq, 4 “S-300” kompleksi divizionu var. Kompleks Bəşər Əsəd rejiminə loyal olan şiə bölgələrində yerləşdirilib.
İstisan deyil ki, İsrailin baş naziri Benyamin Netanyahu Vladimir Putin tərəfindən bu barədə məlumatlandırılıb. Çünki, şimal qonşumuzun Xarici İşlər naziri bildirib ki, “S-300” müdafiə məqsədlidir və Suriyaya qoyulan silah embarqosuna daxil deyil.
Son 6 ayda silahların Suriyaya ötürülməsi Rusiyanın Aralıq dənizində yerləşən Hərbi-Dəniz donanmasının Tarsus limanında gəmilərinin sayını artırması ilə eyni vaxta düşüb.
Moskvanın Dəməşqə “S-300” raket kompleksi satması xəbəri 2013-cü ilin mayın əvvəllərindən yayılmağa başlamışdı. O vaxt İsrail təyyarələri Suriyadakı hərbi obyektlərə hava zərbələri endirmişdi.
“S-300” raket kompleksinin Suriyaya satıldığını oradan hərbi reportajlar hazırlayan jurnalist Marat Musin də təsdiqləyib. Onun fikrincə, hələ Sovet İttifaqi dövründə iki ölkə arasında geniş hərbi əməkdaşlıq var idi və ittifaqın dağılması ilə bu əlaqələr zəifləməyib.
Uzun illər Hava Hücumundan Müdafiə Sistemində çalışan polkovnik Vladimir Popov isə, hesab edir ki, İsrailin Suriya ərazisindəki “S-300” kompleksini məhv etmək ehtimalı azdır. Onun fikrincı, bu, beynəlxalq birlik tərəfindən aqressiya aktı kimi qəbul oluna bilər. Bununla belə, İsrail Suriya müxalifətini “S-300” kompleksinin dislokasiya yerinə doğru yönəldə bilər: “Məncə, müxalifətçilər sadəcə olaraq kompleksi məhv edəcəklər. Buna görə bizim hərbi məsləhətçilərin və həm də Hava Hücumundan Müdafiə Sisteminin mövqeyini gücləndirmək lazımdır”.
Yada salaq ki, 1983-1984 cü illərdə Tarsus limanında Sovet İttifaqına məxsus 2 “S-200” raket kompleksi yerləşdirilmişdi. Bu silah Suriya Ərəb respublikasının Hava Hücumundan müdafiəsi məqsədi daşıyırdı.
AzVision.az