Lavrov: “Xəzərdə hərbi kontingentlərin yerləşdirilməsi mümkün deyil”

Lavrov: “Xəzərdə hərbi kontingentlərin yerləşdirilməsi mümkün deyil”
  21 Noyabr 2013    Oxunub:1256
“Xəzər dənizinin hüquqi statusu məsələsi SSRİ dağılandan sonra daha da aktuallaşdı. Azərbaycan, Qazaxıstan, Türkmənistan kimi ölkələr arasında Xəzər dənizinin 5 ölkə arasında delimitasiya məsələsi ortaya çıxdı”.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, bunu RF-nın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə işçi qrupunun 34-cü iclasının açılışında deyib.

“Xəzər və Xəzəryanı ölkələrdən kifayət qədər uzaqda yerləşən ayrı-ayrı dövlətlərin, təşkilatların region ölkələrində öz maraqlarının yürütməsi, eyni zamanda bizi bir-birinə qarşı qoyması qeyri-mümkündür. Bununla yanaşı qeyri-region ölkələrin Xəzərdə hərbi kontingent yerləşdirməsi qətiyyən yolverilməzdir”-deyə, Lavrov qeyd edib.

Xarici işlər naziri həmçinin bildirib ki, Xəzəryanı dövlətlərin prezidentləri dəfələrlə bu mövqedən çıxış ediblər: “ Xəzər dənizinin hüquqi statusu məsələsi SSRİ dağılandan sonra daha da aktuallaşdı. O vaxtdan indiyə kimi Xəzərin statusu danışıqlar yolu ilə tənzimlənib. Vaxtilə 1921-ci ildə Rusiya ilə İran arasında, 1940-cı ildə isə İranla Sovet İttifaqı arasında Xəzərdə gəmilərin üzməsi və ticarətlə bağlı müqavilə imzalandı”.

Yeni hüquqi statusun müəyyən edilməsi ilə bağlı danışıqlar hələ də davam edir.

Qeyd edək ki, bu gün və sabah Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xüsusi İşçi Qrupunun iclası keçiriləcək. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti