İranın 6 böyük əyalətində su böhranı yaşanır

İranın 6 böyük əyalətində su böhranı yaşanır
  17 Noyabr 2013    Oxunub:1172
İranın Tehran, İsfahan, Xuzestan, Qum, Xorasan Rəzəvi və Həmədan əyalətlərində su böhranı kritik həddə çatıb. AzVision.az xəbər verir ki, bunu İranın Energetika Nazirinin müşaviri Həmidrza Canbaz deyib.

Canbaz deyib ki, hazırda qarşıdan gələn üç ay üçün su böhranından qurtarmaq üçün xüsusi proqram hazırlanır. "Ölkədə 13 ilə yaxındır ki, quraqlıq davam edir. Əhalinin sayının artması ilə suya olan təlabatda artıb", - deyə Canbaz bildirib.

Qeyd edək ki, iyulun əvvəlində də İranın Su və Kanalizasiya Təchizatı İdarəsinin istifadə və idarəetmə üzrə rəis müavini Həmidrza Təşiyi İranın bir neçə şəhərində əhaliyə içməli suyun qrafiklə və normalar tətbiq etməklə verilməsinə başlandığını demişdi.

Təşiyi bildirmişdi ki, yay fəsli ilə əlaqədar Gilan, Hörmuzqan və Kirman əyalətlərinin bəzi şəhərlərində suyun qrafiklə verilməsinə başlanılıb.

İran quraqlıq zonada yerləşir və ötən 40 il ərzində bu ölkədə müxtəlif dövrlərdə quraqlıq olub. 1992-2002-ci ildə baş verən quraqlıq bu ölkənin əkinçilik sahəsinə böyük ziyan vurub və bəzi şəhərlərdə, o cümlədən paytaxt Tehranda içməli suya kvotalar tətbiq olunub.

Sonuncu dəfə İranda 2008-ci ilin yay aylarından yeni quraqlıq dövrü başlayıb. Həmin vaxt bu ölkənin bəzi şəhər və kəndlərində içməli suya kvotalar tətbiq olunub. İranda quraqlıq dövrü adətən 5-7 il arası olur. 2008-ci ildə başlayan quraqlığın bir neçə il davam edəcəyi ehtimal olunur.

`MEHR` xəbər agentliyi


Teqlər:





Xəbər lenti