Sərxoş sürücülərin avtomobilləri müsadirə ediləcək

Sərxoş sürücülərin avtomobilləri müsadirə ediləcək
  16 Noyabr 2013    Oxunub:1394
Qanun layihəsi Rusiya Liberal-Demokrat Partiyasının üzvü Sergey İvanov tərəfindən təqdim edilib
AzVision.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, sürücülük vəsiqəsi olmayan və ya içkili halda maşını idarə etməsinə görə təkrar cərimələnən sürücülərin avtomobilləri müsadirə ediləcək. Belə qanun artıq Belarusda qüvvəyə minib və məhkəmə qərarı ilə artıq bir sürücü maşını ilə vidalaşıb. Orada sürücüdən nəinki avtomobil müsadirə edilib, hətta o ciddi şəkildə cərimələnib və 1,5 il müddətinə icbari işlərə məhkum olunub.

Rusiya Dövlət Dumasına qanun layihəsi Rusiya Liberal-Demokrat Partiyasının üzvü Sergey İvanov tərəfindən təqdim edilib. Layihəyə əsasən, sürücülük vəsiqəsi olmayan və içkili vəziyyətdə avtomobilini idarə edən şəxs 15 sutkaya həbs olunmalı və ya inzibati məsuliyyətə cəlb olunub maşını müsadirə edilməlidir. Qanunu təkrar pozan şəxsin də nəqliyyat vasitəsi əlindən alınacaq.

Qanun layihəsinin müəllifi hesab edir ki, bu cür sərt tədbirlər həmin qanun pozuntusuna görə məsuliyyət hissini artıracaq və bu sahədə baş verən cinayətləri azaldacaq. Dumada zənn edirlər ki, qanun layihəsinin əlavə müzakirələrə ehtiyacı var.

Belarusda isə həmin qanun artıq bu ilin oktyabrın 24-də qüvvəyə minib. Minsk şəhər məhkəməsinin qərarı ilə artıq birinci belə hal qeydə alınıb – maşın müsadirə edilib. Sürücü oktyabrın 28-də yol polisi əməkdaşları tərəfindən içkili halda saxlanılıb. Həmin sürücü oktyabrın 25-də də saxlanılmışdı və sərxoş olduğuna görə sürücülük vəsiqəsindən məhrum edilmişdi. İkinci dəfə saxlanılanda o FİAT markalı avtomobili ilə məhkəmənin qərarı ilə müsadirə edilib – maşın başqasının adına qeydiyyatda olsa belə.

Piyadaya çevrilmiş bu sürücü həmçinin 1,5 il icbari işlərə məhkum edilib, bu müddətə əmək haqqının 20% da kəsilib, 3 il müddətinə sürücülük vəsiqəsindən məhrum edilib və 4200 ABŞ dolları məbləğində cərimə ödəmək məcburiyyətində qalıb.


Teqlər:





Xəbər lenti