Kimya sənayesinin inkişafı ixracı genişləndirəcək - TƏHLİL

   Kimya sənayesinin inkişafı ixracı genişləndirəcək -    TƏHLİL
  14 Mart 2019    Oxunub:11563
İqtisadiyyatımızın qeyri-neff sektoru sahəsində həqiqətən böyük potensial mövcuddur. Bunlardan biri də kimya məhsulları istehsalı sektorudur. Ölkəmiz zəngin kimya sənayesi potensialına və bu sahədə böyük ənənəyə sahibdir. Tarixə nəzər salsaq, bizdə sözügedən sferanın yaranma tarixinin XIX əsrin ortalarına gedib çıxdığını görərik. Daha sonra keçən əsrin yenə ortalarında və bir də 1969-cu ildən etibarən, Heydər Əliyevin rəhbərliyi dövründə böyük təkan əldə edib. SSRİ dağıldıqdan sonra isə bu sahə ciddi tənəzzülə uğradı. Sadəcə olaraq, indi bunu bərpa etmək və yeni əsaslarda işə salmaq tələb olunur. Çünki qeyri-neft məhsulları ixracı potensialımızın mühüm bir hissəsi də məhz bu sahənin imkanları daxilində yatır.

Qeyd oluna bilər ki, kimya sənayesi məhsulları da neftə aiddir. Bəli... Sadəcə olaraq, bu, heç olmasa, xammal deyil. “Qeyri-neft məhsulları” dedikdə, əsasən, xammal satıışı və ixracından asılılıqdan qutarmaq nəzərdə tutulur. Məsələn, yanacaq məhsulları da neftdən alınır. Ancaq bu gün biz, əgər neftimizi xammal şəklində xaricə satıb, müəyyən marka yanacağı kənardan idxal ediriksə, bu, heç də effektiv üsul demək deyil. Düzdür, yaxın perespektivdə bu gün xaricdən idxal etdiyimiz yanacaq növlərini istehsal edəcəyik. Neft məhsullarına, o cümlədən neft-kimya məhsullarına tələbat xam neftə tələbatdan üstündür və getdikcə də artmaqdadır. Odur ki, düzgün strategiya qurmaq tələb olunur.

Ölkədə son dövrdə kimya sənayesini inkişaf etdirmək və bu sahədə məhsul istehsalını təşkil və təmin etmək, genişləndirmək istiqamətində görülən işlər və atılan addımlar bu baxımdan, olduqca təqdirəlayiqdir. Məsələ bundadır ki, kimya sənayesi məhsullarına tələb getdikcə, artır. Və xam neft ixrac etməkdənsə, neft-kimya məhsulları istehsal edib, xaricə satmaq daha sərfəliyə çevrilir. Bunu nəzərə almamaq böyük səhv olardı.

Yuxarıda da qeyd etdim ki, ölkəmiz zəngin kimya sənayesi potensialına və bu sahədə böyük ənənəyə sahibdir. Sadəcə olaraq, indi bunu bərpa etmək və yeni əsaslarda işə salmaq tələb olunur. Bu yaxında Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışı oldu. Dövlət başçımızın iştirakı ilə keçirilən açılışda bildirildi ki, “SOCAR Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. “SOCAR Polymer” şirkəti ölkəmizdə kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib və 2015-ci il oktyabrın 25-də Prezident İlham Əliyevin iştirakı ilə ən yüksək standartlara və müasir texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulub. 2018-ci il iyulun 18-də isə Prezident İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə layihə çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı oldu.

“SOCAR Polymer” zavodları il ərzində 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək ki, SOCAR-ın sözügedən bu yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəməklə yanaşı, artıq qalan 75% məhsulu Türkiyə və Avropa bazarlarına ixrac edəcək. Yeri gəlmişkən, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkət hesab olunur.

Dünya Bankının (DB) aparıcı iqtisadçısı Volfgang Fengler də Azərbaycanda iqtisadi inkişaf və makrosabitliyin qorunması üçün irəli sürdüyü təkliflər sırasında ölkəmizdə kimyəvi məhsul istehsalına keçidi çox müsbət qiymətləndirib və bunun yaxşı iqtisadi nəticələr verəcəyini bildirib. O da qeyd edib ki, kimya məhsulları üzrə bazar xam neft məhsullarından daha böyükdür və yaxın perespektivdə xam neft bazarı kiçilməklə kimya məhsulları bazarı genişlənəcək. "Odur ki, Azərbaycan neftdən istehsal etdiyi bu məhsullarla bazarda önə çıxa bilər və buna böyük potensial mövcuddur." - deyə, DB mütəxəssisi bildirib.

Məsələn, bayaq qeyd etdiyim “SOCAR Polymer” layihəsinin tam işə düşməsi nəticəsində ölkəyə 100 milyon ABŞ dolları həcmində idxal olunan polipropilen və yüksəksıxlıqlı polietilen daxildə istehsal olunmağa başlanacaq. Və 250 milyon dollar dəyərində məhsul kənara ixrac ediləcək. Bununla da qeyri-neft sektorunun ixrac gəlirləri təqribən, 18% artacaq.

Ümumiyyətlə, təkcə qeyd etdiyim polipropilen zavodunun istismar müddətində 4,5 milyard dollardan çox gəlir əldə olunacağı gözlənilir. Çünki polipropilen məhsullarına qlobal tələbat 2018-ci ildə 74 milyon ton təşkil edib ki, növbəti 5 il ərzində tələbatın ildə təqribən 5% artması proqnozlaşdırılır.

Sözün qısası, ölkədə qeyri-neft sektoru inkişaf etdirməyin prioritet seçildiyi məlumdur. Bu, 2015-2016-cı illər ərzində neftin dünya bazarlarında qiymətlərinin aşağı düşməsiylə əlaqədar üzləşdiyimiz məlum situasiyadan əvvəl də bəlli idi. Yəni, qeyri-neft sektorunu inkişaf etdirməyin zəruri olduğu neft sonuncu dəfə 3-4 il öncə ucuzlaşdıqdan sonra ortaya çıxmayıb, bundan əvvəl bəyan edilib.

Dövlət başçısı İlham Əliyev tərəfindən hələ neft ucuzlaşmamışdan qabaq istər Nazirlər Kabinetinin iclaslarında, istərsə də digər tədbirlərdə dövlət gəlirlərinin enerji resurslarının ixracından asılılığından qurtarmaq lazım gəldiyi və tezliklə digər valyuta gətirə bilən sahələri də inkişaf etdirmək haqda söylədiyi fikirlər yaddan çıxarılmalı deyil.

2015-2016-cı illər ərzində neftin dünya bazarlarında qiymətlərinin aşağı düşməsi sadəcə olaraq, prosesə diqqəti artırdı və onu sürətləndirdi. Yaxın illərdə ölkəmizin xam neft ixracından kənar valyuta gəlirləri əhəmiyyətli dərəcədə artacaq. Və bunda, neftin özünün emalı nəticəsində əldə olunacaq məhsullar da mühüm rol oynayacaq. Bir sözlə, xammal ixracından hazır məhsul ixracına keçid ölkə iqtisadiyyatının yeni sistemə transformasiyasında əsas həlqə təşkil edəcək.



Pərviz Heydərov
Azvision.az




Teqlər: Kimya-Sənayesi  





Xəbər lenti