İqtisadi artım tempi dayanıqlı olmalıdır – TƏHLİL

   İqtisadi artım tempi dayanıqlı olmalıdır –    TƏHLİL
  20 Fevral 2019    Oxunub:6156
Ölkə iqtisadiyyatı yanvar ayında yaxşı start götürüb. Belə ki, təxminən 3% artım əldə olunub. Başqa sözlə desəm, 2019-cu ilin ilk ayında ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9% artaraq, 5 milyard 929,5 milyon manat təşkil edib.

Bunun 45,9%-i sənayedə, 10,2%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 7,3 %-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 5,6%-i tikintidə, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrində, 17,2%-i isə digər sahələrdə istehsal edilib. Neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,2%, qeyri-neft sektorunda isə 2,7% artıb. Bütün bunlar ilin ilk ayı üçün yaxşı başlanğıcdır.

Odur ki, müşahidələr yaxın perespektiv üçün müsbət proqnozlar irəli sürməyə əsas verir. Təsadüfi deyil ki, bu arada məsələn, “Fitch” beynəlxalq reytinq agentliyi də müsbət rəy bildirib. Adı çəkilən qurumun analitikləri qeyd ediblər ki, 2014-cü ildə neftin qiymətinin ucuzlaşması, milli valyutanın məzənnəsinin devalvasiyası və fiskal siyasətin sərtləşməsi ilə bağlı problemlərdən sonra Azərbaycan iqtisadiyyatı tədricən bərpa olunur.

Agentliyin məlumatında bildirilib ki, daha ucuz idxal və stabil mübadilə məzənnəsi səbəbindən inflyasiya 2,3%-dək azalıb və 2019-cu ildə ÜDM-in 3,5% səviyyəsində artacağı gözlənilir ki, bu da “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi və “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsinə sərmayələrlə dəstəklənəcək. "Öz növbəsində, turizm və kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafına şərait yaradacaq”, - deyə məlumatda əlavə edilir.

Ölkə iqtisadiyyatı əslində, 2017-ci ildə bərpa olundu. Yəni, tənəzzülün qarşısı alındı. Lakin bahalaşma həmin ildə də davam etdi və nəticədə il 12,9%-lik inflyasiya ilə yekunlaşdı. Bu, əsas etibarilə idxalla bağlı idi. Belə ki, qeyd olunan ildə bir çox xarici təzyiqlər azalsa da, istehlak bazarımıza idxalın təzyiqi davam etdi və hətta, bir az artdı. Bununla belə, valyuta bazarında stabilliyin yaranması qeyd etdiyim kimi tənəzzülü dayandırdı və artımın bərpa olunması üçün şans yaratdı. Ona görə də, keçən ilin, yəni 2018-ci ilin irəliləyiş ili olacağı barədə proqnozlar verildi ki, bu da özünü doğrutdu.

Məsələ bundadır ki, bu il ərzində artımda, xüsusən qeyri-neft sektorunun inkişafında dayanıqlıq əldə etmək qarşıya məqsəd qoyulub. Və bu baxımdan, yanvarın nəticələri həm də o səbəbdən uğurlu hesab edilir ki, bu ildən islahatlar daha da sürətləndirilib və genişləndirilib, vergi siyasəti dəyişdirilərək, mövcud idarətmənin təkmilləşdirilməsi işlərinə başlanıb. Hansı ki, bunların bir çoxunun nə cür effekt verəcəyi hələ bəlli deyil. Ancaq belə görünür ki, ilkin işartılar müsbətdir. Bu, olduqca vacib haldır.

Amma bir cəhət vardır. O da bundan ibarətdir ki, iqtisadi artım özü inflyasiyaya təsir edir, yəni qiymətlərin "oynamasına" zəmin yaradır. Bu, normal tendensiyadır. Lakin eyni vaxtda sosial istiqamətdə də xərclər genişləndirilərsə, maliyyələşdirmə artırılarsa, əlavə təzyiq yaranır.

Cari ilin yanvarında 2018-ci ilin eyni ayı ilə müqayisədə, istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7, qeyri-ərzaq məhsullarının qiymətləri 1,2 , əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,4% artıb. Düzdür, bu, ciddi bahalaşma deyil. Keçən ilin yanvarında həmin rəqəm 5,5% təşkil edirdi. Ancaq nəzərə alsaq ki, il başlanandan bəri, sosial istiqamətdə bir sıra artımlar edilib və bunlar dövriyyəyə birinci rübündən sonra daxil olacaq, istehlak qiymətləri indeksi yüksələ bilər. Bu isə dolayı yolla iqtisadi artım üçün buxova çevriləcək.

Düzdür, bazarda qiymətlər hökumət tərəfdən nəzarətdə saxlanılır. İqtisadiyyat naziri Şahin Mustafayev də bildirib ki, ölkəyə idxal olunan, payı 35 %-dən yuxarı olan idxalçılar, eyni zamanda, istehsalda anoloji payı olan istehsalçılar nəzarətdədir və onlar qiymətləri dövlətin razılığı olmadan qaldıra bilməzlər. Ancaq elə şərait var ki, qiymətləri çox basqıda saxlamaq da mümkün deyil və bu, əslində, yolverilməzdir. Odur ki, xüsusən, iqtisadi artımın inflyasiyaya təsir və təzyiq elementləri çərçivəyə alınmamalıdır. Bunda ehtiyatlı olmaq tələb edilir.

Nəzərə almaq vacibdir ki, ümumən iqtisadiyyatın xammal ixracından, neftin qiymətindən asılılıq yüksək səviyyədə olaraq qalır. Belə ki, ÜDM-in 42 %-i karbohidrogen sektoru, 91%-i malların ixracı və 63 %-i vergi daxilolmalarının payına düşür. Bundan əlavə, pul-kredit siyasətinin faktiki iflic, mövcud kapital bazarının zəif və dollarlaşmanın isə yüksək səviyyədə, mübadilə məzənnəsinin də məhdud çevik vəziyyətdə olması dəyişməz olaraq qalır.

“Fitch” agentliyi də bunları qeyd edib. Odur ki, iqtisadi artım hələ çox təkan istəyir. Temp yaxşıdır, sadəcə, bunda dayanıqlıq əldə etmək lazımdır. Bax, əsas diqqət bunun üzərində köhlənməlidir.

Pərviz Heydərov
Azvision.az üçün




Teqlər: İqtisadiyyat  





Xəbər lenti