Ağ Evə təzyiqlər artır - FOTO
Kəşfiyyat üzrə senat komitəsinin sədri Diane Feinstein dost ölkələrin liderlərinin dinlənilməsinin səhv olduğunu deyib.
Onun sözlərinə görə, Ağ Ev bu kimi dinləmələrin dayandırılacağını bildirib, lakin administrasiyanın yüksək rütbəli rəsmisi bu sahədəki siyasətin indiyədək dəyişməz qaldığını qeyd edib.
Almaniya kansleri Angela Merkel Amerika xüsusi xidmət orqanlarının onun telefonunu dinləməsi haqda məlumatın ardınca, ABŞ və onun avropalı müttəfiqləri arasında münasibətlərdə radikal dəyişiklərə ehtiyac olduğunu bəyan edib.
Prezident Barack Obama məsələ ilə bağlı ictimaiyyət qarşısındakı çıxışında bildirib ki, müttəfiqlərin dinləmələrilə bağlı məlumatlar yenidən yoxlanılacaq.
Etimad
Bazar ertəsi Avropa parlamentinin Ədalət, Vətəndaş Azadlıqları və Daxili İşlər komitəsinin nümayəndələri Avropa ölkələrinin liderləri və vətəndaşlarınən telefon danışıqlarının dinlənilməsilə bağlı iddiaları ABŞ konqresmenlərilə müzakirə ediblər.
Avropa İttifaqının nümayəndəsi telefon dinləmələrilə bağlı iddiaları “etimadın itirilməsi” kimi səciyyələndirib.
Müxbirlərə görə dinləmələrin miqyası barədə Prezident Obamanın bixəbər qalması ilə bağlı Ağ Ev üzərinə təzyiqlər artır.
“Anladığım qədər prezident Obama Merkelin təmaslarının 2002-ci ildən bəridir ki, toplanılmasından xəbərsizdir. Bu böyük problemdir”, Senatın Kəşfiyyat Komitəsinin sədri Dianne Feinstein deyib.
Nəzarət
Amerika televiziyasına müsahibəsində prezident Obama deyib ki, Milli Təhlükəsizlik Agentliyinin (MTA) texniki imkanlarını nəzarət altında saxlamaq üçün təhlükəsizlik əməliyyatları yenidən nəzərdən keçirilir.
Ağ Evin rəsmi nümayəndəsi Jay Carney jurnalistlərə bildirib ki, administrasiya “dinləmə və məlumatın toplanmasının üsulu ilə bağlı əlavə məhdudiyyətlərin qoyulması zəruriyyətini etiraf edir”.
Nə cənab Carney, nə də prezident Obama müttəfiqlər və digər xarici rəsmilərin telefon danışıqlarının izlənilməsi haqda konkret iddiaları şərh etməyib.
Alman mediası Angela Merkelin telefonlarının 10 ildən artıq müddət ərzində dinlənildiyi və izləmənin bir neçə ay öncə dayandırıldığı haqda məlumat yayıb.
MTA-nın rəhbəri general Keith Alexanderin və digər ekspertlərin çərşənbə axşamı Nümayəndələr Palatasının qarşısında ifadə verəcəyi gözlənilir.
İzlənilmə əməliyyatları ilə bağlı qalmaqal Rusiyada müvəqqəti sığınacaq almış sabiq kəşfiyyat əməkdaşı Edvard Snowdenin mətbuata açıqlamalarından sonra yaranıb.
Amerika ikinci Dünya Müharibəsindən sonra Britaniya ilə qarşılıqlı "izləməmək paktı" imzalayıb. Beş göz kimi tanınan pakta daha sonra bu pakta Avstraliya, Yeni Zelandiya və Kanada qoşulub.