35 dəfə Oskara namizəd görülmüş dizayner
Hollivudun kostyum dizayneri kimi fəaliyyəti dövrü o, 35 dəfə Oskar mükafatına nominasiya edilib.
Edit Headin yaradıcılığının qızıl dövrü 1950-1960-cı illərə təsadüf edir. Bu, Hollivudda Odri Hepbern, Qreys Kelli, Elizabet Teylor və Sofi Loren kimi mükəmməl gözəlliyi ilə məşhurlaşmış super ulduzların yaradıcılığının zirvə dövrü idi.
Onun bu dövrdə yaratdığı kostyumlar dəfələrlə Oskara nominasiya olmuş və rekord sayda-8 dəfə kino sənətinin ən yüksək mükafatına layiq görülmüşdü. Bu filmlər arasında Odri Hepbernin çəkildiyi romantik “Sabrina” və “Roma tətilləri” ilə yanaşı Alfred Hiçkokun “Quşlar”, “Vertiqo”(“Başgicəllənmə”) və “Həyətə açılan pəncərə” kimi detektiv janrında bütün dövrlərin ən yaxşı filmləri kateqoriyasına aid edilən kino-ekran əsərləri olub.
Edit Head kostyum dizayneri kimi yüksək moda və kutürye dizaynerlərin Hollivuda və böyük ekrana gəlişindən əvvəl fəaliyyət göstərməyə başlayıb.
Aktrisa Odri Hepbernin “Sabrina” və “Breakfast at Tiffany’s” romantik komediyasında geydiyi kostyumlar və dəstlər Edit Head və fransız moda dizayneri Huber Jivanşi arasında əməkdaşlığın nəticəsində hazırlanmışdı. Bu, eyni zamanda yüksək modanın Hollivud ekranlarına gəlişindən xəbər verirdi.
Edit Head 1981-ci ildə 83 yaşında dünyasını dəyişib. Onun unudulmaz kino-ekran qəhrəmanları üçün yaratdığı geyimlər bu gün də Hollivudda kostyum dizaynerlərinə ilham verməyə davam edir.
AzVision.az