Mərkəzi Bankın faiz siyasəti nə vaxt sözünü deyəcək? – TƏHLİL

 Mərkəzi Bankın faiz siyasəti nə vaxt sözünü deyəcək? –  TƏHLİL
  31 Oktyabr 2018    Oxunub:23390
Mərkəzi Bank (AMB) uçot dərəcəsini 10%-dən 9,75%-ə salıb. Yəni, 0,25% səviyyəsində... Sonuncu dəfə AMB bu ilin iyun ayının 14-də belə bir addım atmışdı. Faiz dərəcəsini 11-dən 10%-ə endirilməklə - yəni, 1% səviyyəsində. Bunu ona görə xatırladıram ki, bu dəfə cəmi 0,25% səviyyəsində endirimə getməklə, AMB-nin nədən bu qədər ehtiyat etdiyi ilk baxışda aydın sezilmir.
Sanki, ABŞ-ın mərkəzi bankı sayılan Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcəsinə dair qərarları kimi AMB-nin də anoloji qərarları kredit faizlərinə, manatın dəyərinə və inflyasiyaya ciddi təsir göstərirmiş kimi davranırlar. Xatırladıram ki, FES-in anoloji qərarları həmişə 0,25% civarında olur və dərhal bayaq qeyd olunan göstəricilər də daxil olmaqla, bütün amillərə təsir göstərir. Azərbaycanda isə mərkəzi kredit resursları üzrə nəyinki 0,25% səviyyəsində, hətta 2-3% həddində belə, qiymət dəyişiklikləri heç bir təsir gücünə malik deyil.

Bəs bu vəziyyət nə qədər davam edəcək? AMB uçot dərəcəsini nəyə görə daha çox səviyyədə aşağı salmır və ya sala bilmir? Ümumiyyətlə, ölkənin valyuta bazarını idarə etmək və yaxud tənzimləmək, manatın dəyərinə və məzənnəsinə, o cümlədən, inflyasiya amilinə təsir etmək baxımından uçot dərəcəsi nə vaxtədək əsaslı vasitə rolunu oynamayacaq? Hökumət buna tezliklə nail ola biləcəkmi?

AMB-in sədri Elman Rüstəmov qeyd edib ki, Azərbaycanda bank siyasətinin kredit faizlərinə təsir imkanlarını artırmağa çalışırlar. "Bununla bağlı islahat gündəliyi var. Başlıca diqqət bu sahədə islahatlara yönəlib”- deyə, sədr bildirib. Ancaq islahatların bir-iki detalı da olsa, açıqlanmayıb. Yalnız, bu qeyd olunub ki, inflyasiyanın hədəflənməsi rejiminə keçid üçün hazırlıq görülür ki, depozit və kredit faizlərinə təsir imkanları hələ zəif olduğundan, bu rejimə keçiddən sonra artacaq.

Məsələ bundadır ki, uçot dərəcəsi bank faizlərinə təsir göstərərsə, həqiqətən də bu, zəncirvari əlaqə yolu ilə valyuta bazarına, yəni manatın məzənnəsinə və buradan da inflyasiya amilinə toxunacaq ki, nəticədə də AMB-in faiz siyasəti bütün bunlar üçün həlledici bir tənzimləyici vasitə rolunu oynayacaq. Ancaq buna nail olmaq üçün isə bankların AMB-in kredit resurslarına çıxış imkanları asan, bərabərhüquqlu olmalı və bu sahədə bütün subyektiv maneələr aradan qaldırılmaqla, qarşılıqlı maraq, qazanc əldə etmək imkanı yaradılmalı və mövcud olmalıdır.

Lakin öncə, banklar özləri də sağlam olmalıdırlar. Yəni, ölkədə sağlam bank fəailiyyəti üçün real şərait hökm sürməli, bank sistemi iqtisadiyyatın real sektoru ilə qarşılıqlı əlaqədə işləməlidir. Bizdə vəziyyət belədirmi? Təəssüf ki, yox.

Birincisi, bank sektoru real olaraq sağlam vəziyyətdə deyil. Bəlli olduğu kimi, problemli kreditlərin səviyyəsi yüksəkdir, əmanət cəlbi qeyri-qənaətbəxş haldadır, kredit təklifi üçün kifayət qədər vəsait yoxdur, üstəlik kredit vəsaitlərinə tələb də ən çox məhz, məqsədəuyğun şəkildə, başqa sözlə desəm, iqtisadiyyatın real sektoru tərəfdən deyil.

İkincisi, AMB-in uçot dərəcəsini kəskin şəkildə aşağı salması üçün əslində ortada real zəmin də yoxdur. Çünki valyuta bazarında vəziyyət həssasdır, kövrək xarakter daşımaqdadır və üstəlik idxalın istehlak bazarına basqısı da böyük olaraq qalmaqda davam edir.

Və ən nəhayət, üçüncüsü: ilin ilk 9 ayı ərzində ölkədə orta illik inflyasiya 2,6% təşkil etsə də, bu özü də kifayət qədər dayanıqlı göstərici deyil və hələ tam olaraq idarəolunan çərçivədə sayılmır. Yeri gəlmişkən, AMB ilin yekununda ölkədə inflyasiyanın 3-4% səviyyəsində təşkil edəcəyini proqnoz edir. Təsadüfi deyil ki, baş bankir E.Rüstəmov da, uçot dərəcəsinin gələcəkdə dəyişdirilməsinin proqnozlaşdırılan inflyasiya hədəfi üzrə intervala uyğunluqdan asılı olacağını deyib.

Xatırladım ki, inflyasiyaya dair şərhimdə yazmışdım ki, 2 təhlükəli məqam vardır ki, bunları mütləq nəzərə almaq lazım gəlir: birincisi, xarici risklər hələ tam sovuşmayıb, biz onlardan sığortalanmamışıq, ikincisi isə büdcə xərcləri ilə dövlət investisiyalarının artırılması bir sıra makroiqtisadi göstəricilərə - inflyasiyaya və manatın məzənnəsinə mənfi təsirləri hər an real olaraq qalmaqdadır. Başqa sözlə desəm, cari ildə olmasa da, bu təhlükəli amillər həmişə mövcuddur...

Yeri gəlmişkən, ölkəmizdə 2016-cı və 2017-ci illərdə inflyasiya ikirəqəmli idi. Əvvəlki illərdə isə birrəqəmli səviyyədə olub. Neftin satış qiymətinin kəskin şəkildə enməsi nəticəsində 2015-ci ildə manatın məzənnəsi xarici valyutaya nisbətən iki dəfə dəyişdi. Daha sonra manat sərbəst “üzən məzənnə” rejiminə buraxıldı. O da bəllidir ki, ölkədə inflyasiyanı yaradan əsas səbəb manatın məzənnəsində yaşanan dəyişiklik idi. Eyni zamanda, məlum hadisəyə görə ölkəyə idxal olunan məhsulların qiymətlərinin yüksəlməsi idxal inflyasiyası yaradırdı.

Sözün qısası, nə qədər ki, bankların vəziyyəti yaxşı deyil, manatın dəyəri təkcə xaricə neft satışının vəziyyətindən asılı olaraq qalır, inflyasiya amilinin inkişaf dinamikası da əsas etibarilə real sektordan, yəni iqtisadi artımdan asılı sayılmır, AMB-i qınamaq da düzgün deyil ki, uçot dərəcəsini nəyə görə "qorxa-qorxa" aşağı salır.

Ona görə ki, uçot dərəcəsinin inflyasiya amilini, o cümlədən ölkənin valyuta bazarını idarə etmək və yaxud tənzimləmək baxımından, yəni manatın dəyərinə və məzənnəsinə təsir etmək sarıdan vasitə rolunu oynamasına hələ çox var. Bunun üçün gərək, iqtisadiyyatın maliyyə və real sektorları qarşılıqlı əlaqə halına gətirilsin və fəaliyyət göstərsin. Məsələnin həlli yolu yalnız bundadır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Mərkəzi-Bank   Elman-Rüstəmov   Faiz-dərəcələri  





Xəbər lenti