Sahib Alıyev: `Gürcüstanda keçirilən seçki yox, səsvermədir`

Sahib Alıyev: `Gürcüstanda keçirilən seçki yox, səsvermədir`
  29 Oktyabr 2013    Oxunub:1294
Dünən Gürcüstanda keçirilən prezident seçkisinin nəticəsi artıq açıqlanıb. “Gürcü arzusu” hakim koalisiyasının təmsilçisi Georgi Marqvelaşvili 61,2 faizlik göstəriciylə qələbə çalıb.
Millət vəkili Sahib Alıyev seçkini belə dəyərləndirir ki, bu, seçki deyildi, sadəcə səsvermə idi: “Ona görə sadəcə səsvermə idi ki, seçkiyə qatılanların 80 faizindən çoxu liderlər arasında seçim etmək üçün ora getməmişdilər. Onlar əslində prezidentin kimliyini deyil, Gürcüstanda kimin söz yiyəsi olduğunu müəyyənləşdirirdilər. Başqa cür desək, onlar adı seçki bülletenində olana yox, onun arxasında duran liderə səs verirdi”.

Sahib Alıyevə görə nə Marqvelaşvilinin topladığı 61,2 fazi səs onunku sayıla bilər, nə də ikinci yerdə gələn David Bakradzeyə verilən 21,75 faiz səs özününküdür: “Bir sıra ölkələrdəki kimi hələ partiya quruculuğunun tam oturuşmadığı Gürcüstanda Marqvelaşviliylə Bakradze təmsil etdikləri siyasi təşkilatda daha harizmatik, daha bacarıqlı və liderlik keyfiyyətləri daha yüksək olmaları səbəbindən yox, baş nazirlə prezident belə istədikləri üçün namizədlikləri irəli sürülmüşdülər. Ona görə də onların topladıqları səslər nə ideyaya, nə proqrama, nə təmsil etdikləri partiyalara, az öncə vurğuladığımız kimi, nə də özlərinə deyil, baş nazir Bidzina İvanişvili və artıq eks-prezident sayılan Mixeyil Saakaşviliyə verilən səslərdir. Bəlkə elə həm buna görə, həm də artıq Gürcüstanda prezidenitlik bir nömrəli post sayılmadığından, orada seçici fəallığı cəmisi 46,6 faiz oldu”.

Millət vəkilinə görə, Gürcüstanda yaranmış durumun qəribəlikləri təkcə bununla bitmir: “Bəlli olduğu kimi, indi qonşu ölkədə bir nömrəli post sayılan baş nazir vəzifəsində də İvanişvili özü əyləşmək istəmir. Orada da öz adamını oturdacaq. Belədə, açığı, göz önünə ölkədən daha çox, alçaldıcı çıxmaması üçün şirkət deməyək, kartel gəlir. Bu kartelin yiyəsi isə heç şübhəsiz ki, cənab İvanişvilidir. Soruşula bilər ki, onda seçki nə üçündür? Belədə qərbdəki seçki texnologiyasının necə hazırlandığı və nəyə xidmət etdiyi haqda bir sıra faktlar açıqlayaraq sizin xeyli vaxtınızı alacaqdım, ona görə də cavabım ancaq bu olacaq: ritorik sualdır”.


Teqlər:  





Xəbər lenti