Rusiya miqrasiya qanunvericiliyini sərtləşdirir

Rusiya miqrasiya qanunvericiliyini sərtləşdirir
  27 Oktyabr 2013    Oxunub:1291
Miqrantlar ailələrini Rusiyaya apara bilməyəcək!
AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, Rusiyada miqrasiya qanunvericiliyi daha da sərtləşdiriləcək. Moskva merinin müavini Leonid Peçatnikov bildirib ki, təklif olunan yeni dəyişikliklər miqrantların öz ailə üzvlərini Rusiyaya gətirməsini çətinləşdirəcək. Yeni təklifin bir ay ərzində qanun şəklinə salınacağı gözlənilir. Dəyişikliyə əsasən, yalnız minimum istehlak səbətinin dəyərindən iki dəfə artıq maaş alan miqrantlara ailə üzvlərini Rusiyaya gətirməyə razılıq veriləcək. Hazırda Moskvada minimum istehlak səbətinin dəyəri 11913 rubl, yaxud 400 dollardır. Dəyişiklikdən sonra ayda rəsmi olaraq 800 dollardan az maaş alan miqrantlar ailə üzvlərini Moskvaya apara bilməyəcəklər. Belə miqrantların ailə üzvləri Rusiya paytaxtına yalnız qısa müddətə, turist qismində gedə biləcəklər.

Miqrasiya qanunvericiliyinə təklif olunan digər dəyişikliyə əsasən, sahibkar işə götürdüyü hər xarici vətəndaş üçün dövlətə əlavə olaraq 200-400 dollar rüsum ödəməli olacaq. Bundan başqa sahibkar MDB ölkələrindən olan vətəndaşları nə üçün işə götürdüyünü dövlət qurumlarına əsaslandırmağa məcburdur. Sahibkarlar həmçinin miqrantların xidmətindən istifadə edirsə, büdcəyə ödədiyi gəlir vergisini üç ay əvvəldən ödəməyə məcbur ediləcək. Ekspertlərin fikrincə, tətbiq olunan bu qadağalar sahibkarların miqrantları işə götürməkdən imtina etməsinə yönəlib. Dəyişikliklər qəbul olunduqdan sonra Rusiyada çalışan miqrantların Vətənə dönüşü daha intensiv xarakter ala bilər.


Teqlər:  





Xəbər lenti