Şerbakovun qardaşı:`Rusların da içində murdar insanlar var`

Şerbakovun qardaşı:`Rusların da içində  murdar insanlar var`
  23 Oktyabr 2013    Oxunub:1851
AzVision.az Rusiya paytaxtında Azərbaycan vətəndaşı Orxan Zeynalov tərəfindən qətlə yetirildiyi iddia olunan 25 yaşlı Yeqor Şerbakovun qardaşı Anton Şerbakovun müsahibəsini təqdim edir.
- Qardaşınızın qətlə yetirilməsindən sonra Moskvada baş verən olaylar barədə nə deyə bilərsiniz? Bu qətldə azərbaycanlı Orxan Zeynalov təqsirləndirildiyi üçün Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiqlər başlayıb.

- Bu hadisələrdən sonra azərbaycanlılara qarşı təzyiqlərin olduğunu görməmişəm. Əgər polis miqrantları yoxlayırsa, bu, onların işidir. Kim qanunu pozursa, məsuliyyətə cəlb olunmalıdır. Bəli, baş verən hadisələrin təsiri var. Amma deməzdim ki, bu, qardaşımın qatilinin azərbaycanlı olması ilə əlaqədardır. Qardaşımın qətlindən sonra Biryulevoda xalqın ayağa qalxmasını mən dəstəkləyirdim. Xalq dinc etiraza ona görə qalxmışdı ki, ədalət bərpa olunsun, qardaşımın qatili tapılsın. Başqa məqsəd yox idi. Onlar tələb edirdilər ki, qardaşımı qətlə yetirən şəxs tezliklə cinayət məsuliyyətinə cəlb olunsun. Etiraza qalxan xalqın bir də tələbi ondan ibarət idi ki, yaxınlıqda yerləşən meyvə-tərəvəz bazası bağlansın. Çünki bizim rayonun sakinləri bu meyvə-tərəvəz bazasını özləri üçün təhlükə hesab edirdilər. Lakin aksiya zamanı hansısa təxribatçılar bundan istifadə etdilər və iğtişaşlar törətməyə başladılar.

- İndiyə kimi qardaşınızın hər hansı azərbaycanlı ilə problemi olubmu?

- Heç vaxt belə bir hal baş verməyib. Yeqorun dostları arasında bir çox millətlərin nümayəndəsi olub. Hər zaman onlarla yaxın olub, bir masa arxasında oturub-yeyib içiblər. Bir dəfə də olsun, aralarında nəsə söz-söhbət olmayıb.

- Qardaşınızın və sizin dostlarınız arasında azərbaycanlılar olubmu, əgər olubsa, onlarla münasibətləriniz davam edirmi?

- Bəli, Yeqorun da, mənim də dostlarım arasında azərbaycanlılar var. Münasibətlərimiz bu gün də davam edir. Həmin azərbaycanlıların heç bir xuliqan hərəkətini görməmişəm. Bizim dostlarımız arasında nəinki Azərbaycandan, bütün Qafqazdan insanlar olub. Onlarla yaxşı münasibətlər qurmuşuq, həmin münasibət bu gün də davam edir. Onların bu hadisədə heç bir günahı yoxdur. Hər millətin içində murdar insanlar olur. Bundan yaxa qurtarmaq mümkün deyil. Hətta bir ailənin içində də bəzən belə murdar adama rast gəlirsən. Hansısa cinayətkara görə bütün milləti qaralamaq düzgün deyil. Rusların içində də cinayətkar, murdar insanlar var. Bizim yeganə tələbimiz Orxan Zeynalovun cəzalandırılmasıdır. Biz bircə onun hərəkətindən narazıyıq, başqa iddiamız yoxdur. Orxan Zeynalova görə bütün azərbaycanlıların üstündən xətt çəkmək düzgün deyil. Biz buna qarşıyıq. Orxanın ailəsinə qarşı da bir iddiamız yoxdur. Orxan Zeynalovun valideynləri onun törətdiyi əmələ görə günahkar deyil. Onlar Orxanı öyrətməyiblər ki, bu cinayəti törətsin. Hesab edirəm ki, Orxan Zeynalovun valideynləri də bizim kimi bu hadisədən təəssüflənirlər. O ki qaldı Orxan Zeynalova, ona demək istəyirəm ki, kişi elədiyini boynuna alar. O, əvvəl cinayəti törətdiyini boynuna alıb, sonra isə hadisə yerində olmadığını, qardaşımı öldürmədiyini söyləyib.

- Qətldən sonra Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporu tərəfindən sizə hər hansı yardım edilibmi?

- Xeyr, heç bir yardım edilməyib. Azərbaycan diasporundan bu hadisədən sonra bizimlə maraqlanan olmayıb.

- Qardaşınızı qətlə yetirənin azərbaycanlı və ya digər millətdən olması Rusiyada millətçilərin iğtişaşlar törətməsinə səbəb ola bilərmi, yoxsa bütün bunlar millətçilər üçün bəhanədir?

- Biryulevo rayonuna yığışanlar, orada dinc aksiya keçirmək istəyənlər qardaşım Yeqorun dostları və tanışları olub. Kimlərsə kənar rayonlardan gələrək həmin yerdə təxribat törədiblər. İğtişaş törətmək istəyənlər üçün bu, bəhanədir.

- Millətçilər noyabrın 4-də “Rus marşı” keçirməyi planlaşdırırlar. Siz bu haqda nə fikirləşirsiniz?

- Hər kəsin öz ideyası var. “Rus marşı” keçirənlərin də öz ideyası var. Fikrimcə, onlar qardaşım Yeqor Şerbakovun qətlə yetirilməsindən istifadə edərək meydanlara çıxacaqlar. Bu, birinci belə hadisə deyil, bundan qabaq “Spartak”ın azarkeşi Yeqor Sviridovun qətlə yetirilməsindən sonra da belə etmişdilər. Mən və ailəm bu hadisədən dərin hüzn hissi keçiririk. Qardaşım Yeqorun qətlinin iğtişaşlara səbəb olmasını ailəm böyük narahatlıqla qarşılayır. Biz istəmirik ki, iğtişaşlar baş versin, çünki bütün bunlara görə günahsız insanlar əziyyət çəkirlər. Hətta mitinqlərdə polis də bundan əziyyət çəkir, onlar arasında yaralananlar olur. Mən və ailəm bunların baş verməsinin əleyhinəyik. (Apa)

AzVision.az




Teqlər:  





Xəbər lenti