2020-ci ildə manatı “buraxmaq” mümkün olacaqmı? - TƏHLİL

2020-ci ildə manatı “buraxmaq” mümkün olacaqmı? - TƏHLİL
  24 İyul 2018    Oxunub:56867
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə əsasən tərtib etdiyi hesabatda deyilir ki, 2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq. Bunun üçün Mərkəzi Bank (AMB) tərəfindən müvafiq tədbirlər planının icrasına başlanmalıdır.
Belə ki, sözügedən istiqamət üzrə əsas icraçı orqan sayılan AMB 2019-cu ildə tam üzən məzənnə rejiminə keçid üçün tədiyyə balansında və istehlak səbətində idxalın xüsusi çəkisinin GZİT təhlilinin aparılmasını və tam üzən məzənnə rejiminə keçidin müddətlərini müəyyənləşdirib tamamlamalıdır.

Ancaq o da qeyd edilib ki, milli valyutanın dəyərinin tənzimlənməsinə cavabdeh olan əsas icraçı qurum AMB tam üzən məzənnəyə keçid üçün istehlak səbətində idxalın əvəzlənməsi barədə tədbirlər planının hazırlanması ilə bağlı keçən il, yəni 2017-ci il üçün nəzərdə tutulanları qismən icra edə bilib. Odur ki, sual yaranır: cari ilin də yarılandığını nəzərə alsaq, qeyd olunan vaxtda, yəni, 2020-ci ildə tam üzən məzənnə rejiminə keçmək mümkün olacaqmı?

Manat tam üzən məzənnə rejiminə hazır deyil. Xatırladım ki, 2015-ci ildə 2 dəfə devalvasiya hadisəsi baş verdikdən sonra Mərkəzi Bank manatın üzən məzənnə rejiminə buraxıldığını elan etdi. Manatın dollara nisbətdəki kursu bundan yalnız 2 il sonra, yəni 2017-ci ildə sabitləşdi.

Belə ki, keçən ilin yanvar və fevral ayının birinci yarısında manata nisbətdə möhkəmlənən ABŞ dolları fevral ayının ikinci yarısından etibarən bir az ucuzlamağa başladı. 2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi əgər, 1.7707 azn səviyyəsinə bərabər idisə, keçən ilin fevralın 2-də o, özünün dövr üzrə maksimum həddinə - 1.9200 azn-ə qalxdı. Sentyabrın 27-si tarixində isə minimum həddə - 1.7002 azn-ə endi.

Ümumiyyətlə, 2017-ci ildə milli valyutamız möhkəmlənməyə, yəni bahalaşmağa başladı ki, buna da həm neftin dünya bazarlarında qiymətlərinin 2016-cı ilin ikinci yarısından etibarən sabitləşməyə başlaması, 2017-ci ilin ilin yanvar ayından iqtisadi tənəzzüldə dönüşün yaranması, idxalın məhdudlaşması və ölkədən kənara valyuta axınına nəzarətin gücləndirilməsi tədbirlərinin effekt verməyə başlaması, o cümlədən, valyuta bazarımızda mübadilə qaydalarının dəyişdirilməsi, xüsusən də "qara bazarın" və ümumiyyətlə, spekulyasıya elementlərini aradan qaldırmaq məqsədilə banklar üçün müəyyən edilmiş -/+ 4 %-lik marjanın ləğvi səbəb oldu.

Manat valyuta bazarında faktiki olaraq AMB tərəfindən idarə olunur. Bu da onu sübut edir ki, milli valyutamız olan manatı digər ölkələrdə olduğu kimi, tam üzən məzənnə rejiminə buraxmaq real olaraq mümkün deyil. Çünki milli valyutanın kursunu əsasən neft amili tənzimləyir. Bugünkü gündə ölkənin ixrac potensialının 90-95 faizini xam neft təşkil edir. Bu isə o deməkdir ki, manatın arxasında əlavə heç bir yerli məhsul dayanmır.

Ona görə də, əslində, hətta AMB özü də hansı ehtiyatlara malik olursa-olsun, neftin qiymətinin bir “döşəmə” həddi var ki, bu da 35-40 dollardır, əgər ondan aşağı düşərsə, məzənnəni 3 aydan artıq saxlamaq mümkün deyil.

Yeri gəlmişkən, manat keçən ilin fevral ayından etibarən, düz ilin sonunadək 11,5% möhkəmləndi. 1 il əvvəl, yəni 2016-cı ildə isə 15%-ə yaxın ucuzlaşmışdı. Sual yarana bilər ki, məzənnə əgər kənar müdaxilə yolu ilə idarə olunursa, bəs, bu cür əks tendensiya necə baş verir? Təkrar edirəm ki, keçən ilin fevralın 2-də manat 1,92-dək ucuzlaşmışdı. Onda 1,70-ə niyə endi?

Bu sualların cavabı isə ondan ibarətdir ki, AMB sonrakı dövrdə manatın ABŞ dollarına nisbətən 1,70-dən də aşağı səviyyədə möhkəmlənməsinə imkan vermədi. Və bunu valyuta bazarına müdaxilə, yəni intervensiya etmək yolu ilə təmin etdi. Başqa sözlə desəm, tənzimlədi. Odur ki, ölkəmizin valyuta bazarında sabit vəziyyət qalmaqda davam edir və 3 il bundan öncə, yəni 2015-ci ilin fevralın 21-nə kimi vəziyyət necə idisə, manatın ABŞ dollarına görə məzənnəsi yenə o cür “bir nöqtədə” ilişib qalıb. Belə ki, o vaxt 0,78 qəpik səviyyəsində idisə, indi də xeyli müddətdir 1,70 qəpik səviyyəsində sabitləşib.

Sözün qısası, AMB bu cür məzənnə siyasətini hələ uzun müddət saxlayacaq. Və sözügedən qurum manatın əsaslı makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli şəraitdə dəyişkən risklərinin qarşısını almaq məqsədilə məhdud sayda və həcmdə olsa da, valyuta bazarına müdaxilə edir və edəcək də. Ona görə ki, AMB-nin müvafiq açıqlamasında da qeyd olunduğu kimi, manatın əhəmiyyətli möhkəmlənməsi və yaxud ucuzlaşması bir sıra mikro və makro risklərin reallaşmasına yol aça bilər.

Ona görə də manatı tam üzən məzənnə rejiminə təkrar edirəm ki, buraxmaq olmaz. Əslində indidən 2020-ci il üçün proqnoz vermək düzgün deyil. Əgər, Azərbaycanın ixrac potensialının 40-45 faizi qeyri-neft məhsullarından ibarət olsaydı, manat tam üzən məzənnə siyasətinə keçid edə bilərdi. Biz yalnız o halda tam üzən məzənnə rejimindən danışa bilərik.

Hökumət son illər ərzində qeyri-neft sektorunun inkişafını prioritetə çevirib. Bunun üçün xeyli sərəncamlar imzalanıb və müvafiq addımlar atılıb. Ölkənin ixrac potensialını artırmaq üçün müvafiq siyasət yeridilir. Amma bu, elə bir siyasətdir ki, görülən işlərin real nəticə verməsi bir neçə il tələb edir. Odur ki, hələlik nə isə proqnoz etmək fikrimcə, tezdir...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Manat   Üzən-məzənnə  





Xəbər lenti