Hayla gələn hayın huyla gedən haydan fərqi

Hayla gələn hayın huyla gedən haydan fərqi
  14 May 2018    Oxunub:8704
Səbinə Həsənova

Ermənistanın yeni hökuməti müvəqqətdir. Yeni baş nazir Nikol Paşinyanın 3-6 aya islahatlar, hətta parlament seçkilərinin keçiriləcəyi ilə bağlı verdiyi bəyanatlar belə deməyə əsas verir. Bu müddət, Ermənistandakı şərtlərə görə, çox uzun bir müddətdir. Yeni parlament seçkilərinə hazırlıqlarla yanaşı, yeni hökumət kəskin sosial və iqtisadi problemlərin öhdəsindən də gəlməli olacaq.
Əgər əhali real irəliləyiş görməzsə, əksinə, vəziyyət daha da pisləşərsə, onda gözlənilən parlament seçkilərinin nəticələri Paşinyan və tərəfdarları üçün ağır olacaq.

Ermənistanda hadisələr iki mərhələdə baş verdi. Birinci mərhələdə Serj Sarkisyan devrildi, inkincidə isə Nikol Paşinyan baş nazir oldu. Kütləvi etirazlar bu iki məsələnin uğurlu həlli üçün əsas vasitə olsa da, qanuni baxımdan düzgün hesab edilə bilməz. Buna baxmayaraq, ictimai asayişin pozulması Sarkisyanın hakimiyyət modelinin məhv edilməsi üçün yeganə effektiv vasitə oldu. Konstitusiya islahatının təşəbbüskarı Serjin ssenarisi işləmədi.

Doğrudur, tipik hakimiyyət çevrilişlərinə xas qan tökülməsi halları müşahidə edilmədi və ya, Rusiya qoşunlarının gözlənilən müdaxiləsi baş vermədi. Hər halda, qeyri-qanuni də olsa, Ermənistanda hakimiyyət dəyişdi.

Hazırda, Paşinyanın baş nazir olması ilə Ermənistanda proseslərin üçüncü mərhələsi başlayıb. Yeni baş nazirin verdiyi bəyanatlardan belə məlum olur ki, bu mərhələ 3-6 ay davam edəcək. Pasinyan “zəmanət verir” ki, bu müddət ərzində müxtəlif fırıldaqçılıq və qanun pozuntularından uzaq demokratik seçkilər keçiriləcək.

Əslində, yeni parlament seçkilərinin keçirilməsi kifayət qədər məntiqli görünür, çünki müxalifət parlamentin hazırkı tərkibini seçkilərdə vətəndaşların iradəsini əks etdirmədiyi üçün, legitim saymır. Əgər belədirsə, yəni hazırkı parlament qeyri-legitimdirsə, onda Nikol Paşinyanın baş nazir postuna təyinatı da qeyri-legitimdir.

Bununla yanaşı, kütləvi nümayişlərin və Respublika Partiyasına qarşı güclü ittihamların fonunda, parlamentarilərin Paşinyanı öz istəkləri ilə seçdiklərini demək çətindir. Çox güman ki, onlara təzyiq olunub. Görünür, yeni nazirin ssenarisi də belə imiş...

Bu baxımdan, hayla gələn hayın (Paşinyanın), huyla gedən haydan (Sarkisyandan) heç bir fərqi yoxdur. Hər ikisi oyun qurub. Sadəcə, Sarkisyanın oyunu baş tutmadı. Paşinyanın da oyunu baş tutmaya bilər.

Ermənistanda demokratiyadan söhbət belə gedə bilməz. Hətta, vəziyyət getdikcə daha da çətinləşə bilər. Qeyd etdiyim kimi, əhali real irəliləyiş görməzsə, qarşıdakı parlament seçkilərinin nəticələri Paşinyan hakimiyyətinin sonu ola bilər.

Ermənistanın yeni hökumətinin bu cür müvəqqəti və ya qısamüddətli xarakterli olması, onun beynəlxalq arenada fəaliyyətini çətinləşdirə bilər. Ölkənin xarici siyasətində durğunluq yarana bilər. Ermənistanda müvəqqəti deyil, daimi rəhbərlik formalaşana kimi ölkənin xarici tərəfdaşları qarşılıqlı münasibətlərə “ara” verə bilərlər.

* Səbinə Həsənova - AzVision.az saytlar qrupunun xarici dillər redaksiyasının redaktorudur



Teqlər: Ermənistan   Paşinyan   Sarkisyan  





Xəbər lenti