Tikintiyə kapital qoyuluşunu artırmaq vaxtıdır – TƏHLİL

Tikintiyə kapital qoyuluşunu artırmaq vaxtıdır – TƏHLİL
  27 Aprel 2018    Oxunub:3577
Ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalının dinamikasına dair ötən şərhlərimin birində yazmışdım ki, 2016-cı ildəki 3,1% azalmadan sonra 2017-ci ildə 0,1% artımın qeydə alınması, bu il üçün ən azı neftin dünya bazar qiymətlərinin sabit qalacağı ilə əlaqədar olaraq, daha yüksək nəticə əldə ediləcəyinə zəmanət yaradır.
Xatırladım ki, hökumət 2018-ci ildə ÜDM istehsalı artımını 1,5% proqnozlaşdırıb. Bunun da daha çox ölkə iqtisadiyyatının qeyri-neft sektorunda inkişafa əsaslanacağı gözlənilir. Çünki hökumətin qeyri-neft məhsullarının ixracının getdikcə genişləndirilməsi istiqamətində gördüyü tədbirlər yeni vüsətlə davam etdirilir. Yeri gəlmişkən, 2018-ci ildə qeyri-neft sektorunda 2,9%, növbəti illərdə isə orta hesabla 3%-dən yuxarı artım nəzərdə tutulub.

Düzdür, neft sektorunda azalma qeyri-neftdə bu artımın müsbət təsir imkanlarını məhdudlaşdıracaq. Söhbət, ÜDM istehsalının həcminin artması tempindən gedir. Bununla belə, keçən il “Azəri-Çıraq-Günəşli” yataqları üzrə yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına əlavə təkan verəcək. Odur ki, neft sektorunda azalma, qeyri-neft sektorunda isə əksinə, sözügedən bu artım tendensiyası sonradan biri-birilərinə hazırki əks-təsirlərini dayandırmalı olacaq.

Lakin burada diqqət yetirilməsi vacib olan məqam var. O da bundan ibarətdir ki, qeyri-neft sektorunda artım və inkişaf möhkəm özülə söykənməlidir. Məsələn, 2018-ci ilin yanvar-mart ayları ərzində ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 2,3% artaraq, 17185,1 milyon manata çatıb. Və bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artdığı müşahidə edilib.

Belə ki, informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 13,2%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 12,5%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,1%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2%, sənaye və ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin hər birində 2,6%, digər xidmət sahələrində 1,3% artıb. Tikintidə isə 11,2% azalıb.

Bu, heç də yaxşı hal deyil. Çünki tikinti qeyri-neft sektorunda, ümumiyyətlə, bütövlükdə iqtisadiyyatın inkişafında aparıcı qüvvə rolunu oynayır. Təsadüfi deyil ki, iqtisadiyyatda böhran yaranmağa başladığı təqdirdə bu, özünü ilk növbədə məhz həmişə tikinti sektorunda göstərir. Əksinə, iqtisadi aktivlik yüksək olduqda isə tikinti genişlənir, yeni-yeni obyektlərin sayı gedikcə daha çox müşahidə olunmağa başlanır. Ona görə də hökumətlər iqtisadiyyatı böhrandan çıxartmaq məqsədilə əksər hallarda məhz tikintini stimullaşdırmağa çalışırlar.

Bu mənada, Azərbaycanda da neft gəlirlərinin azalması müqabilində hökumət iqtisadiyyatda aktivliyi bərpa etmək üçün həm də tikintiyə diqqət yetirməyin vacib olduğunu nümayiş etdirdi. Belə ki, cəmi 3 il öncə, yəni 2015-ci ildə mövcud iqtisadi və maliyyə çətinliklərinə, habelə neftin qiymətiylə əlaqədar gəlirlərin azalmasına baxmayaraq, büdcədən ipoteka kreditləşdirilməsinə 200 milyon manat ayırmaq haqda məsələnin qaldırılmasını yada salmaq kifayətdir.

Lakin bu, o demək deyil ki, tikintidə vəziyyət ondakı kimidir. Əksinə, tikintidə son 1-2 ildə canlanma var. Və bu, həm dövlətin həyata keçirdiyi tədbirlərin, həm də özəl sektorun hesabına baş verir. Bu günki mənzərə deməyə tam əsas verir ki, canlanma getdikcə sürətlənəcək.

Cari ilin ilk rübündə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən 2869,2 milyon manat vəsaitin 1456,2 milyon manatı - 50,8%-i qeyri-neft sektoruna sərf edilib. Belə ki, sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 41,2% artıb. Ümumi sərmayənin 74,7%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunan vəsaitin 75,8%-i məhsul istehsalı obyektlərinin, 18,2%-i xidmət sahələri üzrə obyektlərin, 6,0%-inin isə ümumi sahəsi 383,2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşdüyü bildirilir. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 51,7%-ni təşkil edib.

Neftin qiyməti qənaətbəxş olduqca ölkədə tikinti sektorunda genişlənmə və artım vüsətlənməlidir. Bu isə qeyri-neft sektorunun inkişafında əlavə və həm də əsas hərəkətverici qüvvə rolunu oynamalıdır.

Yeri gəlmişkən, xarici maliyyə qurumları da eyni rəydədirlər. Məsələn, Dünya Bankı (DB) 2018-ci ildə Azərbaycanda ÜDM-in 1,8% artacağını proqnozlaşdırır. Bu ilin yanvarında isə DB Azərbaycanda 0,9 % iqtisadi artım gözlədiyini bildirmişdi. Bankın açıqlamasına görə, “Şahdəniz” yatağının II mərhələsinin işə düşməsi, eləcə də, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar orta müddətdə ÜDM istehsalının artım tempi sürətlənəcək. Əlavə olunub ki, ÜDM-nin artımına neft hasilatının stabilləşməsi və dünya bazarında “qara qızıl”ın qiymətinin yüksək olması da təsir göstərir və neftin qiymətinin bahalaşması dövlət investisiyalarının artımına təsir göstərir.

Yeri gəlmişkən, yuxarıda cari ilin I rübü ərzində ÜDM istehsalına dair statistikadan misal gətirmişkən qeyd edim ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,9 %, neft sektorunda isə 1,5 % artıb. İqtisadi artım daim vəsait qoyuluşu tələb edir. Ölkəmizdə isə investisiyalar ən çox neft sektoruna qoyulub və bu gün də məhz ora qoyulur. Halbuki qeyri-neft sektorunda bunun üçün gözəl zəmin var. Son vaxtlar qeyri-neft sektoruna da daxili və xarici sərmayə qoyulur. Lakin, qeyri-neft sektorunda tikintiyə daha çox sərmayə cəlb olunmalıdır. Ona görə ki, ÜDM istehsalında ardıcıl artıma nail ola bilək. Bu, ən ümdə vəzifələrdən birini təşkil etməlidir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Tikinti   İqtisadiyyat  





Xəbər lenti