Azərbaycan Bern İttifaqına qoşuldu

Azərbaycan Bern İttifaqına qoşuldu
  03 Oktyabr 2013    Oxunub:1182
Azərbaycan Bern İttifaqı dövlətlərinin İcra Komitəsinə seçilib və BİMT Koordinasiya Komitəsinin üzvü olub
23 sentyabr-2 oktyabr tarixlərində Cenevrədə Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatının (BİMT) üzv dövlətlərinin Baş Assambleyasının 51-ci seriya iclasları keçirilib.

AzVision.az-a bu barədə xəbər verən Azərbaycanın Müəllif Hüquqları Agentliyinin beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Natiq İsayevin sözlərinə əsasən, iclaslarda BİMT fəaliyyəti barədə hesabatlar, eləcə də, təşkilatın inzibati nəzarəti altında olan Konvensiya və Müqavilələr Assambleyasının hesabatları müzakirə edilib, yeni proqram və büdcə layihələri təsdiq edilib, o cümlədən, gündəmdə olan digər məsələlər müzakirə edilib.

Bununla bərabər, BİMT-in idarəetmə orqanlarına seçkilər keçirilib.

BİMT-in idarəetmə orqanlarına seçkilər 2 ildə bir dəfə keçirilir.

Təşkilatın 3 idarəetmə orqanı var: Baş Assambleya, BİMT Konfransı və BİMT Koordinasiya Komitəsi.

Baş Assambleya Paris və Bern İttifaqının üzvləri olan dövlətlərdən təşkil olunur. Azərbaycan Respublikası Paris və Bern Konvensiyalarına üzv olduğundan, bu Assambleyaya daxildir. BİMT-in bütün üzv dövlətləri BİMT Konfransına daxildir. BİMT Koordinasiya Komitəsinə yalnız Paris və Bern İttifaqının üzvlərindən İcra Komitəsinə seçilmiş dövlətlər daxildir.

BİMT-in idarəetmə orqanlarına keçirilən builki seçkilərdə Azərbaycan Respublikası Bern İttifaqı dövlətlərinin (ədəbi-bədii əsərlərin qorunması üzrə Bern Konvensiyasına qoşulan ölkələr) İcra Komitəsinə seçilib.

Beləliklə də, ölkəmiz BİMT-in fəaliyyətinin həyata keçirilməsində xüsusi rol oynayan Koordinasiya Komitəsinin üzvü olub. Baş Assambleyada ölkəmiz daha bir komitəyə - proqram və büdcə üzrə komitəyə üzv seçilib.

Azərbaycan BİMT-in inzibati idarəetməsini həyata keçirən Konvensiya və Müqavilələr Assambleyasında da təmsil olunub. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov BİMT Müəllif Hüququ üzrə Müqavilə Assambleyasının 2 il müddətinə sədri seçilib.

Əlavə edək ki, BİMT Müəllif Hüququ üzrə Müqavilə yeni informasiya erasında müəllif hüquqlarının hüquqi qorunmasını təmin edən beynəlxalq razılaşmadır.

2013-cü ilin əvvəlinə qədər 90 dövlət, o cümlədən, dünyanın aparıcı dövlətləri bu müqaviləyə qoşulub. Azərbaycan Respublikası BİMT Müəllif Hüququ üzrə Müqaviləyə 2006-cı ildə qoşulub.

AzVision.az


Teqlər:





Xəbər lenti