Avropa Ermənistanın kitabını bağladı

Avropa Ermənistanın kitabını bağladı
  26 Sentyabr 2013    Oxunub:1084
Ermənistan Gömrük İttifaqına qoşulmaqla Avropaya inteqrasiya perspektivlərini itirdi.

Ermənistan Gömrük İttifaqına daxil olmaq üçün dəridən-qabıqdan çıxır, Avropa isə bu ölkə ilə iqtisadi əlaqələri yavaş-yavaş dondurur.

Erməni mətbuatının “Jovoxurd” qəzetinə istinadən yaydığı məlumata görə, Serj Sarkisyan Gömrük İttifaqına qoşulma üzrə işçi qrupunun təcili toplanmasını istəyib və bir qədər tələsməyi tapşırıb.

Qeyd edək ki, hazırda Ermənistanın işçi qrupu, rusiyalı ekspertlərlə birgə ümumi sərhədlər daxilində vahid gömrük zonası mexanizmi işləyib hazırlayırlar. İşi koordinasiya etmək isə şəxsən Ermənistanın baş naziri Tiqran Sarkisyana tapşırılıb.

Avropa İttifaqı isə Ermənistanla gələcək əməkdaşlıq barədə düşünmür də. Elə Böyük Britaniyanın bu ölkədəki səfiri Conatan Eyvs erməni jurnalistlərə müsahibəsində bunu bir daha təsdiq edib. O deyib: “ Qarşılıqlı münasibətlər gəlincə, bu gün Avropa sizin ölkənizlə nə edəcəyini bilmir və bunu təsəvvür belə etmir”.

Avropa Şurası Parlament Assambleyasının xarici əlaqələr komissiyasının sədri Elmar Brok isə bildirib ki, “Biz heç nə itirmədik, lakin Ermənistan Avropa ilə bağlı perspektivlərini itirdi”.

Bununla yanaşı, Rusiya bu ölkənin Gömrük İttifaqına üzvlüyünə çalışmaqla erməni ictimaiyyətinin dəstəyini qazanmaq və Ermənistanla səmərəli informasiya proqramı üçün xüsusi planlar işləyib hazırlamağa davam edir.

S. Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti