Martda valyuta bazarında nə baş verəcək? - TƏHLİL

Martda valyuta bazarında nə baş verəcək? - TƏHLİL
  01 Mart 2017    Oxunub:24561
Ötən gün, yəni fevral ayının sonuncu günü olan 28-i tarixi ərzində Mərkəzi Bankın (AMB) ənənəvi olaraq həyata keçirdiyi valyuta hərracına Dövlət Neft Fondu (SOFAZ) tərəfindən satışa 35 milyon ABŞ dolları məbləğində valyuta çıxarılsa da, bunun 34,12 milyon dolları, başqa sözlə desəm, 97,5%-i satılıb. Beləlklə də, buna nəzərən manatın dollara olan məzənnəsi martın 1-i tarixinə fevralın 28-nə olan 1,7475 manat əvəzinə 1,7515 manat müəyyən edilib.

Yəni, Amerika valyutası 0,23% bahalaşıb. Halbuki, satışa çıxarılan valyutanın qeyd etdiyimiz kimi, hamısı satılmayıb. Bu da ondan irəli gəlir ki, ümumiyyətlə, fevralın 16-dan bəri, dolların manata nəzərən yenə bahalaşdığı müşahidə edilməkdədir. Odur ki, sual yaranır ki, bu, nəyi göstərir? Martda yanvardakı tendensiya yenə bərpa oluna bilərmi?!

Xatırladım ki, yanvarda manatın dollara nəzərən dəyəri SOFAZ tərəfindən həmin ay ərzində AMB-in keçirdiyi hərraclarda satışa ümumən 285 milyon dollar vəsait çıxartmasına baxmayaraq, 8,23% civarında ucuzlaşmışdı.

Ancaq fevralda isə vəziyyət dəyişdi. Belə ki, fevral başlayandan manat möhkəmlənməyə başladı. Sonuncu dəfə dolların manata görə məzənnəsində ən yüksək rekord səviyyə 1,9200 manat həddində olmaqla fevralın 1-də qeydə alınmışdı.

Sual yaranır ki, bəs, martda bizi valyuta bazarında nə gözləyir?!

Xatırladım ki, bu mövzuda əvvəlki açıqlamalarımda və şərhlərimdə də manatın məzənnəsinin möhkəmlənməsi prosesinin bilavasitə mart ayında dayanacağını qeyd etmişdim. Çünki, fevral başlayandan bəri manatın möhkəmlənməsi prosesi dayanıqlı tendendensiya xarakteri daşımırdı. Təkrar edirəm, bundan əvvəlki ayda, yəni yanvar ayında manat 8,23% ucuzlaşmışdı.

Fevralda isə bunun əks proseslə əvəz olunacağı məlum məsələ idi. Çünki fevral iqtisadi aktivlik ayı deyil. Odur ki, manat fevralın 16-na kimi bahalaşmaqda davam etdi. Ayın sonuna doğru isə tendensiya təbii olaraq, səngiməyə başladı. Beləliklə də, artıq, başa çatan sözügedən ay ərzində manatın bütövlükdə 10%-ə qədər dəyər qazandığı qeydə alındı.

Ancaq artıq, bir neçə gün idi ki, prosesin sanki yanvardakı tendensiyaya doğru dəyişdiyi və manatın cüzi templə də olsa ucuzlaşmasının bərpa olunduğu müşahidə olunmağa başlamışdır. Hesab edirəm ki, bu da qanunauyğun bir prosesdir. Sual oluna bilər ki, niyə?

Əvvəla, martda idxal məhsullarına tələbat artır. Mart həmçinin, bayramlar ayıdır. İstehlak bazarında tələb genişlənir. Əhalinin də xarici valyutaya tələbi də artır. Odur ki, həm bu, həm də digər bir sıra iqtisadi faktorlar səbəbindən valyuta bazarında gərginlik yaranması labüd xarakter daşıyır.

Bununla belə, düşünmürəm ki, dolların yanvardakı qədər bahalaşacağını müşahidə edəcəyik. Bunu dünənki valyuta hərracının nəticəsinə əsasən, AMB-in dolların manata nəzərən məzənnəsini cüzi də olsa bahalaşdırmasına baxmayaraq, kommersiya banklarının onu ucuzlaşdırması faktı da sübut edir. Düzdür, bütövlükdə mart ayı ərzində manat ucuzlaşacaq. Amma aprelə doğru bu tendensiya yenə dəyişəcək...

Çünki, birincisi, valyuta bazarında tələb ilə təklifin nisbəti nöqteyi-nəzərindən vəziyyət əvvəlki kimi deyil. Buna həm ölkədə mövcud büdcə-vergi (fiskal) siyasətin, başqa sözlə desəm, dövlət büdcəsinə gəlirlərin təmin edilməsinə dair müvafiq mexanizmin dəyişdirilməsi, həm də xarici valyutaya dair ehtiyacın ödənilşində əlverişsiz şərait, yəni panik əhval-ruhiyyənin yaranmasına zəmin yaradan amillərin aradan götürülməsi, xüsusən də bu sahədə bank sektorunun neqativ rol oynaması üçün heç bir əsas saxlanılmaması yol açmış və səbəb olmuşdur.

İkincisi isə, hər hansı bir formada inkar edilsə də ixrac neftimizin dünya bazar qiymətlərinin artıq, uzun müddətdir ki, nisbətən əlverişli səviyyədə olması zəmin yaradıb. Bundan əvvəlki şərhimdə də yazmışdım ki, neft kəskin bahalaşmasa da, 40 dollara düşməyəcək. Bu isə bizim manat üçün sərfəli olacaq. Yəni, bu nöqteyi-nəzərdən hələ keçən ilin sonlarından etibarən, bəlli idi ki, bu il manata kənar təzyiq elementlərinin əvvəlkitək güclü xarakter daşımayacaq.

Sonda bir cəhəti də vurğulaylm. Ötən yazımda da qeyd etdim ki, növbəti illərdə manatın dəyərində təkcə neft deyil, başqa məhsulların da ixracı rol oynamağa başlayarsa, vəziyyət əslində, daha yaxşı olacaq. Bu baxımdan, bir faktı qeyd etmək yerinə düşər ki, məsələn, 2017-ci ilin yanvar ayında ölkəmiz 33 ilyon 537,7 min dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 75% çoxdur.

2016-cı ildə isə Azərbaycan 426 milyon 111,7 min dollar dəyərində aqrar məhsul ixrac etmişdi ki, bu da 2015-ci ilin göstəricisindən 20,7% çox idi. Ölkəyə neftdən kənar da dollar daxil olmalıdır və artıq olur da. Çıxış yolu budur.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Manat   #Dollar   #İqtisadiyyat   #Proqnoz  





Xəbər lenti