Davudoğlu: “Suriyada “qırmızı xətt” dəfələrlə keçildi”

Davudoğlu: “Suriyada “qırmızı xətt” dəfələrlə keçildi”
  23 Avqust 2013    Oxunub:1128
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriyadakı “qırmızı xətt”in kimyəvi silah istifadəsi olduğunu açıqlayan ABŞ-a səslənib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avqustun 21-də Suriyada kimyəvi silah hücumu nəticəsində yüzlərlə insan həlak olub. Almaniyalı həmkarı Gido Vestervelle ilə Berlində görüşü zamanı Ə.Davudoğlu “kimyəvi silahla hücum edənlərin cəzalandırılması üçün əlimizdən gələni edəcəyik” – deyə bildirib.

Görüşdən sonra təşkil olunan mətbuat konfransında Davudoğlu bir sıra açıqlamalar verib. O, BMT heyətinin kimyəvi silahdan istifadə olunub-olunmamasını yoxlamaq üçün Dəməşqə getməli olduğunu bildirib. Davudoğlunun sözlərinə görə, əgər Suriya hökuməti özlərindən əmin olsalar, onda BMT heyətini ölkəyə buraxacaq.

Misirlə bağlı açıqlamasında Davudoğlu söyləyib ki, demokratik yolla seçilmiş prezident həbsxanada olduğu halda, Mübarəkin bəraət qazanaraq həbsdən azad olunduğu ölkədə demokratiya əldə etmək çox çətindir.

Türkiyəli nazir Suriya ilə bağlı məsələdə “qırmızı xətt”in keçildiyini vurğulayıb. Amma BMT Təhlükəsizlik Şurasında bu barədə heç bir qərar əldə etmək mümkün olmayıb.

“Əsəd rejiminə konkret sanksiyalar tətbiq olunmadığı üçün yeni “qırmızı xətt” meydana gəlib. Bu, kimyəvi silahdır. Əslində bu məsələ ilə bağlı daha əvvəl üç dəfə xəbərdarlıq edilib. Amma lazımı araşdırmalar aparılmayıb. Dünən baş verənlər isə mümkün olmayan hadisələrdir. Bunun obyektiv şəkildə araşdırılması lazımdır. Bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurası artıq qərar verməlidir və ən sərt sanksiyalar tətbiq olunmalıdır. Əgər indi bunları etməsək, daha çox qanlı qırğınlar baş verəcək” – Davudoğlu əlavə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti