Mürsinin həbs müddəti uzadıldı

  20 Avqust 2013    Oxunub : 492
Mürsinin həbs müddəti uzadıldı
Misirdə müvəqqəti hökumət tərəfindən "Müsəlman Qardaşlar" təşkilatının daha bir liderinin həbs edildiyi barədə xəbər yayılıb.
Gecə saatlarında edilən hücum zamanı təşkilatın Rəhbərlik Şurasının sədri Məhəmməd Bədi tutularaq xüsusi mühafizə altında olan Əl-Əqrəb həbsxanasına göndərilib. Məlumatlara görə, Rəbiətül-Ədəviyyə meydanı yaxınlığında həbs edilən Bədinin yanında naməlum xarici vətəndaş da olub. Məhkəmədə ilkin ifadəsi alınan liderə 8 iyulda 84 nəfərin ölümü ilə nəticələnən hadisələr zamanı xalqı hökumət məleyhinə qaldırmaq ittihamı irəli sürülüb. Ölkədə həbslərin davam etdiyi bir vaxtda Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun bir daha müvəqqəti hökumətə səslənib.

Dinc insanların qətlini yolverilməz hal adlandıran ali qurumun rəhbəri keçid hökumətini küçələrə çıxan 30 milyon misirlinin səsini eşitməyə çağırıb. Müvəqqəti hökumətə daha bir zərbə isə çevrilişdə ilk gündən əli olduğu bildirilən Amerika Birləşmiş Ştatlarından gəlib. Misirdəki hazırki iqtidarı bacarıqsız adlandıran Ağ Ev sözçüsü Coş Örnst baş verənlərə səssiz qalmayacaqlarını bildirib. İnsan itkilərinə göz yuma bilməyəcəklərini deyən sözçü Birləşmiş Ştatların Qahirəyə hərbi yardımını kəsdiyini deməklə yanaşı devrilmiş prezident Məhəmməd Mursinin həbsinin siyasi xarakterli olduğunu da etiraf edib.

Bütün bunlara baxmayaraq, müvəqqəti hökumət tərəfindən devrilmiş prezident Məhəmməd Mürsinin həbs müddəti daha 15 gün uzadılıb. O, "toqquşmalara dəstək verməkdə" şübhəli bilinib. Bu arada keçid hökuməti ötən gün Sinay yarmadasında qətlə yetirilən 25 polisin dəfn mərasimini təşkil edib və ölkədə 3 günlük matəm elan olunub. "Müsəlman Qardaşları" təşkilatı isə paytaxt Qahirədə həbs edilmiş nümayişçilərin qətlə yetirilməsi barədə araşdırma aparılmasını tələb edib. Qeyd edək ki, iki gün əvvəl, həbs olunmuş etirazçıları daşıyan maşına naməlum şəxslər hücum edib. Nəticədə 40 nəfər qətlə yetirilib.

Teqlər: