Məntiqsiz mitinq – TƏHLİL

Məntiqsiz mitinq – TƏHLİL
  19 Avqust 2013    Oxunub:1749
“Baharın 17 anı” filmində Müllerin belə bir ifadəsi var: “Qeyri-peşəkarın məntiqini anlamaq çətindir”. Bu ifadəni tamamilə Azərbaycan müxalifətinə də aid etmək olar. Həm də hər addımda. Xüsusilə isə dünənki mitinqdən danışanda.

Məsələn, dünənki mitinq hansı məntiqlə keçirilmişdi? Bununla Milli Şuradakılar kimə nəyi göstərmək istəyirdilər?
Adətən bütün dünyada mitinqlər bir neçə məqsədlə keçirilir:

1) Güc göstərmək üçün keçirilən mitinqlər

Dünənki mitinq tam əksinə, göstərdi ki, Milli Şuranın heç bir gücü yoxdur. Üstəlik, bu qurumun sosial bazasının da olmadığını aşkar şəkildə göz önünə sərdi. Yəni faktik olaraq, Milli Şura özünün gücsüzlüyünü və cəmiyyətdən dəstək almadığını ortaya qoydu. Niyə? Bunu hansı məntiqlə etmək olardı?
Axı mitinqin çox zəif alınacağı əvvəlcədən proqnozlaşdırılırdı və bunu yəqin ki, Şuranın başbil(məy)ənləri də gözəl anlayırdılar. Elə isə Mili Şura öz gücsüzlüyü gözə soxmaqda niyə maraqlı olmalı idi?

2) Siyasi tələblərini çatdırmaq üçün keçirilən mitinqlər

İndiki məqamda Milli Şuranın demək olar ki, heç bir ciddi, fərqli siyasi tələbi yoxdur. Bu, mitinqdə səsləndirilən şüarlardan və qaldırılan plakatlardan da görünürdü. Onlar illərdir ki təkrarlanan standart, növbətçi tələblər idilər. Bunları bir də təkrarlamaq üçün mitinq keçirməyə dəyərdimi? Həm də bir ovuc insanın qarşısında təkrarlamaq üçün.

3) Liderin (namizədin) sözünü xalqa deməsi üçün keçirilən mitinqlər

Ən biabırçı tərəflərdən biri budur. Əvvəla, Mili Şuranın lideri (namizədi) ölkədə yoxdur ki, sözünü xalqa desin. İkincisi, onu hətta telefonla da mitinqə qoşmadılar. Qoşsalar belə, nitqi həddindən artıq pinti olan bu insanın mitinqçilərə düz-əməlli nəsə deyə biləcəyi inandırıcı deyil. Yəni bu variantı da qırağa qoyuruq.

Deməli, Mili Şuranın mitinqi 1) Güc göstərmək üçün deyildi, 2) Siyasi tələblərini çatdırmaq üçün deyildi, 3) Liderin (namizədin) öz sözünü xalqa deməsi üçün deyildi. Bəs nə üçün idi?
Qalır iki variant:

1) Aldığı pulların nəyə xərcləndiyini göstərmək üçün

Əgər məqsəd budursa, Milli Şura bunu çox yarıtmaz və bərbad şəkildə həyata keçirdi. Çünki aksiyaya gələn insanların sayına baxanda hiss olunur ki, Şuradakılar mitinqin təşkili üçün yaxşı xərc çəkməyiblər. Simiclik ediblər. Yəni bu, pul yumaqdan çox, pul yeməyə oxşayır.

2) Diqqəti vahid namizəd məsələsindən yayındırmaq üçün

Əgər məqsəd həm də budursa, Milli Şura buna da nail olmadı və ola da bilməzdi. Çünki indi insanları onun keçirdiyi mitinq yox, vahid namizədinin olub-olmayacağı maraqlandırır. Və qurumun bu gün keçriləcək iclasına maraq dünənki mitinqinə maraqdan qat-qat artıqdır.

Beləliklə, Milli Şuranın dünənki mitinqi nəyə lazım idi sualına cavab tapmaq olmur. Müller, doğrudan da, haqlıdır: qeyri-peşəkarın məntiqini anlamaq çətindir. Radikal müxalifətdə isə bircə nəfər də peşəkar siyasətçi yoxdur. Ora həvəskar siyasətbazlar yığınağıdır. Buna görə də, çox vaxt onların nəyi nə üçün etdiklərini anlamaq pratik olaraq mümkünsüzdür.

Vüsal Məmmədov
AzVision.az



Teqlər:





Xəbər lenti