Tam `üzən məzənnə`yə nə vaxt keçilə bilər? – TƏHLİL
Əvvəla, sözügedən strategiyada söhbət yaxın deyil, ortamüddətli perspektivdən gedir. Sənəddə də qeyd edilib ki, tam “üzən məzənnə” rejiminin tətbiqinə nail olmaq üçün ilk növbədə yaxın və ortamüddətli dövrdə hazırda tətbiq olunan idarəolunan rejimin məzmunu bir daha dəqiqləşdirilməlidir.
Digər tərəfdən isə, ölkəmizdə keçən ilin dekabrın 21-dən manatın məzənnəsi "üzən rejim" əsasında tənzimlənir. Belə ki, keçən il, yəni 2015-ci il ərzində AMB tərəfindən birincisi 34%, ikincisi isə 47% səviyyəsində olmaqla 2 dəfə devalvasiya həyata keçirildi və dollar 1,55 manata bərabər edilərkən “üzən məzənnə” rejiminə keçildiyi bəyan olundu. Bu isə o demək idi ki, manatın məzənnəsi göstərilən tarixdən valyuta bazarında tələb və təklifin nisbəti əsasında müəyyən edilir. Bu, AMB-yə intervensiyanı məhdudlaşdırmaq imkanı yaratmalı idi.
AMB-nin rəsmi valyuta ehtiyatları tükənib, 4 milyard dollar “döşəmə” həddidir, AMB ehtiyatlarını ölkənin iqtisadi təhlükəsizliyi baxımdan bundan aşağı sala bilməz. Odur ki, valyuta bazarında hərraclara təklif funksiyanı Neft Fondu həyata keçirməli oldu. Bu qurumun isə dövlət büdcəsi qarşısında müvafiq öhdəliyə uyğun olaraq, bəlli bir çərçivədə imkanları olduğundan, lazım olandan artıq valyuta çıxarıb satmaq gücü yoxdur.
Odur ki, 2-ci devalvasiyadan indiyədək manat dollar qarşısında 12%-dən çox, 1-ci devalvasiyadan keçən müddət ərzində 65%-dən çox, devalvasiyalardan əvvəlki dövrlə, yəni 1$=0,78 qəpik olan zamanla müqayisədə isə 124%-ə yaxın ucuzlaşıb. Və bu, hələ tam “üzən məzənnə" rejimi mexanizminə keçid əsasında deyil, idarə olunan rejimdə baş verib. Əgər, tam “üzən məzənnə" keçilmiş olsa idi, yəni məzənnə tamamilə valyuta bazarının öhdəsinə buraxılsaydı, qeyd olunan rəqəmlər daha kəskin xarakter daşıyacaqdı.
Sual olunur ki, niyə?! Səbəb bunlardır:
1) Tam "üzən məzənnə" rejiminə keçid üçün mükəmməl valyuta bazarı mövcud olmalıdır. Yəni, bazar iqtisadiyyatı sisteminin tələblərinə uyğun valyuta bazarı mexanizmi. Başqa sözlə desəm, tələb və təkliflə çıxış edən subyektlərin - tərəflərin sayı kifayət qədər geniş olan bir valyuta bazarı.
2) İstehlak bazarında qiymətlərin operativ və düzgün tənzimlənmə şəraiti və mexanizmi mövcud olmalıdır.
3) İdxal-ixrac əməliyyatlarının rəqabət şəraitdə həyata keçirilmə imkanları olmalıdır.
4) Dövlətin və hökumətin mövcud maliyyə ehtiyatları dayanıqlı gücə sahib olmalıdır.
Bu siyahına bir az da uzatmaq olar. Amma bu sadalananların heç birinə biz hazırda malik deyilik.
AMB-nin sədri Elman Rüstəmov da bu barədə açıqlamasında qeyd edib ki, tam “üzən məzənnə”yə keçid çox sıx makroiqtisadi və struktur problemlərinin həllini tələb edir. Strateji Yol Xəritəsində də qeyd edilib ki, “üzən məzənnə” rejiminə keçidin şərtlərindən biri də daxili maliyyə bazarının inkişafına, bazarda hedcinq və məzənnə risklərindən sığortalanmağa imkan verən digər maliyyə alətlərinə nail olmaqdan ibarətdir.
Ona görə də, hesab edirəm ki, yaxın perespektivdə sərbəst "üzən məzənnə" rejiminə keçid bizdə mümkün olmayacaq.
Düzdür, bu, nə vaxtsa baş tutmalıdır və baş tutacaq. Ancaq buna ölkənin milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində də qeyd olunduğu kimi, istehlak səbətində məhz idxal məhsullarının payının azaldılması səviyyəsinə uyğun şəkildə məzənnə üçün müəyyən edilən dəhlizin tədricən genişləndirilməsi yolu ilə nail olmaq mümkündür.
İş isə ondadır ki, bu məsələnin də həlli yenə gəlib sonda, qeyri-neft sektorunun inkişafına dayanır.
Pərviz Heydərov
AzVision.az üçün
Teqlər: